Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra federasiyanın rəhbərliyinə yeni seçkilər keçirilib. Uzun illər federasiyada vitse-prezident vəzifəsində çalışan, eyni zamanda, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə federasiyanın prezidenti seçilib. Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident seçilib. Yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova isə baş katib təyin edilib. Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər. Eyni zamanda, Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov tədbirdə çıxış edərək qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Sonra Sloveniyada komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri, eləcə də kişilərdən ibarət millimizin üzvü Nicat Abasova pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.