Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) "Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə keçirir. Komitənin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş və Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan fotomüsabiqəyə hər iştirakçı maksimum 10 fotoşəkillə qatıla bilər. İştirakçılar avqustun 8-dən oktyabrın 1-də[email protected] ünvanına (jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə) rəngli və ya ağ-qara formatda şəkillər göndərə bilərlər. Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo qoyulmasına icazə verilmir. Kompüter və ya digər texnologiya vasitələrinin imkanları ilə hazırlanmış foto işlər qəbul edilmir. Fotolar real idman hadisəsini əks etdirməklə yanaşı, müsabiqə mövzusunun tələblərinə cavab verməlidir.
Müsabiqədə Azərbaycan Respublikası vətəndaşları olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. İştirakçılar öz işlərini təşkilat komitəsinə ([email protected]) göndərdikdən sonra MOK-a yaxınlaşmalı və "İştirakçı anketi”ni dolduraraq təqdim etməlidirlər.
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik edəcəyi münsiflər heyəti 10 ballıq (ən yüksək 10 bal, ən aşağı 1 bal) qiymətləndirmə sistemindən istifadə edəcək. Birinci, ikinci (iki qalib) üçüncü (üç qalib) yerin qaliblərinə pul mükafatı və diplom veriləcək. Müsabiqədə iştirak edən hər kəsə "iştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə iştirak edən fotoqrafların işlərindən ibarət fotosərgi də keçiriləcək.
Qeyd edək ki, müsabiqədə mükafata layiq görülmüş işlər Milli Olimpiya Komitəsinin mülkiyyətinə çevrilir və MOK-un fondunda saxlanılır.