Dünya şöhrətli kinoaktyorların bəziləri bir vaxtlar idman zalını kinostudiya ilə əvəzləməyi bacarıblar. Belə ki, həmin aktyorlar müxtəlif filmlərdə qurulan çətin döyüş səhnələrini və ya idman hərəkətlərini asanlıqla həyata keçirirlər. Kino sahəsində belə idmançılar kifayət qədərdir. Bu dəfə sizlərə həm peşəkar, həm də həvəskar şəkildə idmanla məşğul olan məşhur aktyorlardan danışacağıq. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
Mikki Rurk
Mikki Rurk idmana kiçik yaşlarından maraq göstərirdi. O, məktəb vaxtlarından özünü beysbol və kulturizmdə sınayırdı. Mikki Rurkun idmana, xüsusi ilə döyüşə olan marağı ona problemlər yaradır, tez-tez kriminal aləm ilə qarşı-qarşıya qoyurdu. Lakin məktəbdə keçirilən beysbol turnirlərində və kulturizm yarışlarında iştirak etmək onu qane etmirdi. Həddən artıq enerjiyə sahib olan oğlan, çıxış yolunu boksda tapır. Mikki bacarığı və istəyi sayəsində qısa zamanda bu növdə fərqlənməyi bacardı. Bununla da, ona peşəkar boks karyerasına başlamaq fürsəti təklif olundu. Amma sevdiyi boks ona maraqlı və xoş anlarla yanaşı, problemlər də yaşadırdı. Belə ki, döyüş nəticəsində aldığı zədələr səbəbi ilə o, dəfələrlə plastik əməliyyatlar etdirmək məcburiyyətində qalırdı. Lakin parlaq gələcək proqnozlaşdıran oğlanın arzuları ürəyində qalır. Məşq zamanı aldığı beyin silkələnməsi və bir neçə ciddi zədə onu dünya çempionluğuna gedən yolunu kəsir. İdmana qarşı böyük sevgisinin olmasına baxmayaraq, rinq ona istədiyi gəliri də gətirmirdi. Beləliklə, həm maddi çətinliklər, həm də aldığı zədələr M.Rurkun idman kareyasına son qoydu. Bundan sonra o, yolunu Hollivuddan salır. O, burada yalnız idman bacarıqları ilə deyil, həmçinin qadınlar tərəfindən xüsusi maraq və rəğbətə sahib olması ilə də diqqəti çəkir. Mikki 2008-ci ildə rejissor Konstantin Stanislavskinin idman dramı üslubunda çəkdiyi "Restler” filmi ilə tamaşaçıların ürəyini fəth etdi. Lakin yaraşıqlı gənc idman səhnələrini zamanla romantik səhnələr ilə əvəz etməyə başladı. Bununla da, M.Rurk "Doqquz həftə yarım” və "Vəhşi orxideya” melodramaları ilə romantik filmlərin qəhramanına çevrildi.
Sonya Heni
Sonya Heni 1912-ci il aprelin 8-də Norveçin imkanlı ailələrindən birində dünyaya göz açıb. Sonyanın atası velosiped idman növü üzrə dünya çempionu idi. Məhz buna görə də o, övladlarına kiçik yaşlarından idmana qarşı maraq aşılayırdı. Kiçik qız xizək idman növü ilə yaxından maraqlanır və hətta bu növdə nailiyyətlər də əldə etməyə başlayırdı. İdmançı ailəsində böyüyən Sonya həmçinin balet, üzgüçülük və tennis dərsləri də alırdı. Sonyanın atası Vilhelm Heni qızının məşhur idmançı olması üçün dünyanın ən yaxşı məşqçilərini evinə dəvət edirdi. Lakin o, böyük qardaşının yolunu seçir və fiqurlu konkisürmə ilə məşğul olur. Günlərin birində Sonya qardaşının köhnə konkilərini götürüb, məşq etməyə başladı. Buna baxmayaraq, valideynləri onun bu məşğuliyyətini ciddi qəbul etmirdi. Lakin həmin vaxt uşaqlar arasında keçirilən çempionat onların fikrini tamamilə dəyişdi. Belə ki, yarışlarda iştirak edən Sonya qalib oldu. Yalnız bu hadisədən sonra onun atası Sonyaya yeni konkilər aldı. Amma Vilhelm Heni bununla kifayətlənmədi. O, qızını həmin vaxtlar Norveçin ən yaxşı məşqçisi hesab olunan Oskar Holtenin məşqlərinə yazdırdı. Zamanla bacarıqlarını təkmilləşdirən konkisürən qız böyük uğurlar əldə etməyə başladı. O, Amsterdam-1928, Los-Anceles-1932 və Berlin-1936 Yay Olimpiya Oyunlarında çempion adını qazanaraq rekorda imza atır. Qeyd edək ki, S.Henninin bu idman növü üzrə müəyyənləşdirdiyi rekordu hələ də yenilənməyib. İdmançı həmçinin onqat dünya çempionu, altıqat Avropa çempionu titullarına yiyələnir. Hər kəs qısa müddətdə ardıcıl yüksək nəticə qazanan qızın növbəti uğurlarını səbirsizliklə gözləyirdi. Lakin 24 yaşlı üçqat Olimpiya çempionu gözlənilmədən karyerasını bitirdiyini bəyan etdi.
Qısa zamanda Sonya özünə yeni məşğuliyyət tapdı. O, kino ulduzu olmaq qərarına gəldi. S.Heninin ilk layihəsi "Bir milyonda” filmi oldu. Əsl tamaşaçı sevgisini isə ona "Günəş vadisinin serenadası” filmi yaşatdı. Təəssüf ki, Sonya Heninin aktrisalıq karyerası da uzun sürmədi. Leykamiyadan əziyyət çəkən idmançı və aktrisa 1969-cu ildə 57 yaşında dünyasını dəyişdi.
Vinni Cons
Vinsent Piter Cons və ya Vinni Cons məktəbdə oxuyarkən futbol ilə məşğul olmağa başlayır. 7-8 yaşında ikən Vinni Consu yerli "Uotford” komandasının uşaq klubuna dəvət edirlər. Sonralar "Uotford”a məşqçilik edən Bassett Consu komandasına dəvət etmək istəyir. Lakin Cons emosional uşaq idi və tez-tez yoldaşları ilə dalaşır, cüzi bir şeyə görə dava-dalaş salırdı.Ona görə də Consu uşaq komandasından xaric etməyə məcbur olurlar. Bundan sonra təkbaşına məşq edən Consun qeyri-adi texnikasının şahidi olan İngiltərə həvəskarlar liqasının "Veldstoun” klubunun rəhbərliyi onu komandalarına dəvət edir.Consun gəlişi ilə xeyli güclənən komanda liqanın qalibi olur və İngiltərə kubokunu qazanır. İki il "Veldstoun”da oynadıqdan sonra Cons "Uimbldon”a dəvət alır. Cons bu komanda ilə 1988-ci ildə növbəti dəfə İngiltərə kubokunu qazanır. Növbəti illərdə İngiltərənin "Lids Yunayted”, "Şeffild Yunayted” və "Çelsi” komandalarının heyətində çıxış edən Cons daha sonra yenidən "Uimbldon”a qayıdır. O, burada komandanın kapitanı olur və 250 oyunda əsas heyətdə meydana çıxır. Onun çıxış etdiyi sonuncu klub isə "Kuinz Park Reyngers” olur. 33 yaşında karyerasını başa vuran Vinni Cons müdafiəçi və yarımmüdafiəçi mövqeyində 384 rəsmi oyunda meydana çıxıb və rəqib qapılarından 33 top keçirib.
Vinni Cons İngiltərə Premyer Liqasında qayda pozmasına və kobud oyununa görə tez-tez qırmızı vərəqə alırdı.Buna görə də o, İngiltərənin futbol tarixində ən kobud futbolçu kimi qalıb. O, hətta kobudluğuna görə "xuliqan Cons” ləqəbini alıb. İstedadlı futbolçu olmasına baxmayaraq onu İngiltərə yığmasına çağırmaqdan imtina ediblər. Əvəzində "xuliqan Cons” Uels yığma komandasında oynayıb. Həmçinin qeyd edək ki, kobud oyun səbəbi ilə Vinni karyerası ərzində 12 dəfə meydandan qovulub.Futbolçunun özünəməxsus kobud taktikaları, hesabındakı sarı və qırmızı kartlar zamanla onun vizit kartına çevrildi.Düzdür, tənqidçilər onun "çirkli taktikalar”ını qınasalar da, şərəfini qoruduğu "Uimbldon” komandasının azarkeşləri onu kumir olaraq görürdülər. Onu da qeyd edək ki, Vinni yalnız futbol meydanında kobud və davakar deyildi. Məsələn, V.Consun 21 yaşını qeyd etməsi şərəfinə təşkil olunan qonaqlıq böyük bir dava ilə yekunlaşmışdı. "Qəddar oğlan” ləqəbi ilə də tanınan Vinninin kobud oyunundan sonra hətta bir neçə futbolçu aldığı zədələrə görə karyerasını başa vurub. Mənəvi və fiziki cəhətdən möhkəm olan Vinni Cons qarşısına qoyduğu məqsədə doğru inamla irəliləyirdi. Britaniyalı futbolçu karyerasını başa vurduqdan bir müddət sonra sərt üz cizgilərinə və əla fiziki formasına görə kino sahəsinə daxil olur. Rejissor Qay Riccinin lentə aldığı "Kartlar, pul və iki tapança” filmi V.Consun kino karyerasında əsl çevriliş oldu. Maraqlıdır ki, aktyor idmanı tərk etsə belə, iştirakçısı olduğu davalardan əl çəkmirdi. Onun sözlərinə görə, "Kartlar, pul və iki tapança” filminin çəkilişindən bir gün əvvəl o, qonşusu ilə mübahisə edib və onu həbsxanaya aparıblar.Hətta filmin ilk çəkiliş gününə belə Vinni Cons birbaşa həbsxanadan gəlmişdi.Hazırda aktyorun iştirakı ilə onlarla film lentə alınıb və o, Hollivudun ən təlabatlı aktyorlarından biridir.
Ceyson Stethem
Digər həmkarları kimi Ceyson Stethemin də idmana marağı kiçik yaşlarından olub. Həmin vaxtlar kiçik oğlan əsasən qardaşları ilə birgə boksla məşğul olurdu. Daha doğrusu, o, qardaşları üçün boks kisəsi rolunu oynayırdı. C.Stethem səkkiz yaşında futbol oynamağa başladı və beş il məktəb komandasında hücumçu mövqeində çıxış etdi. Lakin Ceyson 12 yaşında olarkən Mayamidə ailəsi ilə keçirdiyi istirahət onun həyatının dönüş nöqtəsi oldu. İstirahət zamanı o, tramplindən suya atlayan bir oğlan gördü. Bu mənzərə onu sözün əsl mənasında valeh etdi. Bununla da o, suyatullanma məşğələlərinə yazıldı. Onun bu növə o qədər marağı var idi ki, dərslərdən sonra bir neçə saat fasiləsiz məşq edirdi. Amma uğurlu nəticə göstərmirdi. Həmin vaxt C.Stethem məşqçi Kim Uayt ilə yaxın dostluq əlaqələri yaratdı. Beləliklə, bir neçə ildən sonra məşqçi Ceyson Stethemi suyatullanma üzrə böyüklərdən ibarət İngiltərə yığmasına dəvət etdi. Fürsəti əldən verməyən C.Stethem 12 il millinin şərəfini qorudu. Hətta onun 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında iştirak etməsi barədə şaiələr gəzirdi. Ceyson bu məlumatları təkzib etsə də, Olimpiya Oyunlarında iştirak etmək fürsətini əldən qaçırması barədə də heyfsləndiyini gizlətmirdi. Onun idman karyerasındakı ən uğurlu nəticəsi 1990-cı ildə Yeni Zelandiyada keçirilən Birlik Oyunları oldu. Həmin oyunlarda Ceyson bir metrlik tramplin yarışlarında 8-ci yerə layiq görüldü. Həmçinin o, üç və 10 metrlik məsafədə 11-ci pillədə qərarlaşdı. Məşqlərinə eyni qayda ilə davam edən C.Stethemə bir müddət sonra məşq zalında Sports Promotions şirkətinin işçiləri diqqət yetirdi. Onlar oğlana model qismində reklamda çəkilməyi təklif etdilər. Daha sonra isə o, mavi ekranlara üz tutdu. Beləliklə, bir müddət sonra Ceyson Stethem rejissor Qay Riccinin "kartlar, pul və iki tapança” filminə dəvət aldı. Məşhurluğu isə aktyora "Daşıyıcı”, "Adrenalin”, "Qarşısıalınmazlar” və "Müharibə” filmləri gətirdi.
Dueyn Conson
İdmanla aktyorluq arasında əlaqə yaradanlardan biri də Dueyn Consondur. Ailə üzvlərinin restlinqlə məşğul olmasına baxmayaraq, Dueyn kiçik yaşlarından futbol ilə maraqlanırdı. O, artıq yeniyetmə vaxtlarında 105 kq çəkiyə malik idi. Təbii ki, 105 kq çəkiyə sahib olan oğlan, çoxlarının marağına səbəb olurdu. Bir müddət sonra o, Kanadanın futbol üzrə "Kalqari Stampides” klubunun şərəfini qorumağa başladı. Lakin Dueynin bu sevinci yarıda qaldı. Mövsümün sonuna kimi oynayan idmançı belindən aldığı zədə səbəbi ilə futbol ilə vidalaşmalı oldu.
Daha sonra o, ona doğma olan restlinqə qayıtdı. Restlinq üzrə yarışlarda əsl şücaət ilə mübarizə apardığı üçün ona "qaya” ləqəbi verildi. D.Conson 1996-2004-cü illərdə WWF və WCW Assosiasiyalarının 20-ə yaxın çempionluq titulunu qazanıb. O, eyni zamanda 2000-ci il Kral Döyüşünün qalibidir.
Kino karyerasına 2001-ci ildə başlayan Dueyn Conson, debütünü "Əqrəblərin şahı” filmində edib. Amma "qaya” bəzi aktyor həmkarları kimi yalnız döyüş filmləri ilə tanınmayıb. Aktyor müxtəlif üslublarda olan filmlərdə rol alıb. Onlardan sürətli "Forsaj”, macəra üslubunda çəkilən "Herakl” və "Diş pərisi” komediya filmlərini qeyd etmək olar.
2018-ci ilin avqustunda Conson məşhur "Forbes” jurnalına görə ilin ən çox maaş alan aktyorları sıralamasında ikinci yeri tutub. O, 12 ay ərzində 124 milyon dollar gəlir əldə edib. 2019-cu ilin avqustunda Conson yenə də həmin jurnalın keçirdiyi sorğuya ən çox maaş alan aktyor kimi başçılıq edib.
Cina Karano
Aktrisa Cina Karano kiçik yaşlarından artıq çəkidən əziyyət çəkirdi.Buna görə məktəb yoldaşları və tanışları onu məsxərəyə qoyurdular. Təbii ki, bu da onu sərt və aqressivləşdirirdi. Ona bundan azad olmağa Amerika futbolunu peşəkar şəkildə oynayan atası kömək edir. Basketbol ilə məşğul olmağa başlayan C.Karano artıq çəkisi səbəbi ilə məruz qaldığı təhqir və alçaltmaların əvəzini saatlarla idman zalında qalmaqla çıxırdı. Basketbol meydançası ona kinindən və əsəbindən azad olmağa kömək edirdi. O, hətta çıxış etdiyi komandasının tərkibində yaşadığı ştatın çempionu adını qazanmışdı. İlk baxışdan Cinanın həyatı ideal görünürdü. O, universitetin psixologiya fakültəsində təhsil alır və sevdiyi idmanla məşğul olurdu. Lakin qızın artıq çəkisi onu tərk etmirdi. Amma Cina çəkisindən azad olmağı qarşısına məqsəd qoymuşdu.Beləliklə o, şansını tayboksda sınamaq qərarına gəlir.Bununla da, Cina Karanonun idman karyerasının təməli qoyulur.Bu idman növündə o, 14 döyüş keçirib, onlardan 12-də qələbə qazanıb. 2006-cı ilin iyununda idmançı qarışıq döyüş növləri üzrə ilk döyüşünü keçirir. Cina Karano döyüşün 38-ci saniyəsində rəqibini nokauta salır. Bundan sonra o, müxtəlif döyüşlərdə qələbə qazanaraq, birincilik mövqeyini qoruyub saxlayırdı. C.Karanonun cəsarəti, məqsədyönlülüyü və döyüş hirsinə görə ona "hökm” ləqəbi verilir.Təbii ki, xanım döyüşçünün gözəlliyi də gözdən qaçmırdı. Azarkeşlər pərəstiş etdikləri xanıma "rinqin kraliçası” adını verdilər. Əsl MMA ulduzuna çevrilən idmançıya müxtəlif reklam və film təklifləri gəlməyə başlayır. Lakin ona iki çətin işin öhdəsindən eyni vaxtda gəlmək olduqca ağır idi. Beləliklə, 2009-cu il avqustun 15-də "kiborq” ləqəbli braziliyalı Kristina Santos ilə qarşılaşma C.Karano üçün həyatının dönüş nöqtəsi olur. Birinci raundun sonuna bir saniyə qalmış mübarizə dayandırılır. Buna səbəb isə Cinanın özünü Santosun zərbələrindən müdafiə edə bilməməsi olur və hakim texniki nokaut elan edir. Məhz bu qarşılaşmadan sonra xanım idmançı karyerasına əlvida demək qərarına gəlir. Deyilənə görə, bu döyüşdən sonra MMA qadın döyüşlərində yeni səhifə açılır.
Cina Karanonun film karyerası 2006-cı ildə tayboksunun Amerikada yaranmasına həsr olunmuş "Qızların rinqi” adlı sənədli film ilə başlayır. Daha sonra aktrisa "Forsaj 6”, "Dedpul” və s. məşhur filmlərdə rol aldı.
Türkay Niftəliyeva
69243 oxunub