Azərbaycanda təhsilin dünya təhsil sisteminə və ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesi sürətlə inkişaf edir.Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir. Artıq ölkəmiz Avropa təhsilinə daha sürətlə inteqrasiya olunur. Bu gün Azərbaycan təhsili, mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən səviyyədədir.
Ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı irəlidə gedən xalqların arxasınca gedərək bəşəriyyətin əldə etdiyi elmi, texniki nailiyyətlərdən istifadə etməyə çalışıbdır. Bunun üçün də birinci növbədə öz milli təhsilini yaradıb. Bu, XX əsrdə bizim əldə etdiyimiz ən böyük nailiyyətdir. Çünki əgər xalqımız təhsillənməsəydi, savadlanmasaydı, nəhayət, Azərbaycanın özünün milli ali təhsil müəssisələri, institutları, universitetləri yaranmasaydı, indi biz müstəqil olaraq bu cür böyük imkanlara malik ola bilməzdik”.
Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Məlumdur ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti və rəqabətqabiliyyətli kadr hazırlığı bir sıra amillərdən asılıdır. Həmin amillər içərisində müasir tələblərə cavab verən maddi-texniki baza və infrastruktur, o cümlədən kitabxanalar və laboratoriyalar, cəmiyyətin inkişaf tələblərinə uyğun məzmun, həmin məzmunu özündə əks etdirən dərslik və dərs vəsaitləri, çevik idarəetmə və ən başlıcısı isə yüksək peşəkarlığa malik professor-müəllim heyəti daha əhəmiyyətli yer tutur.
Azərbaycanda ali təhsil ocaqlarının yaradılması asan proses deyildi. Ölkənin maliyyə imkanları xeyli zəifləmişdi, maddi-texniki baza yox idi. Milli kadrların çatışmazlığı tədris prosesinə rusdilli müəllimlərin cəlb olunmasını zəruri edirdi. Bu isə tədrisdə ruslaşdırma siyasətinə gətirib çıxara bilərdi. Lakin bu narahatlıqlar Azərbaycan dövlət xadimlərini niyyətlərindən döndərə bilmədi. Çarizm və Müvəqqəti hökumətin zülmündən ayrılıb istiqlalını elan edən, bolşevik təhlükəsilə üz-üzə dayanan Azərbaycanın dövlət və siyasi xadimləri niyyətlərində israrlı oldular. Çar mütləqiyyətinin hakimiyyəti dövründə Rusiya imperiyasının tərkibində təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda heç bir ali məktəb yox idi. Hələ 1871-ci ildə Rusiya çarı II Aleksandr Tiflisdə olarkən şəhər idarəsi burada bütün xərcləri özləri tərəfindən ödənilməklə universitet açılması xahişi ilə ona müraciət etmiş, lakin bu xahiş yerinə yetirilməmişdi. 1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı.
Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən biri, şübhəsiz, ali təhsil ocaqlarının yaradılması olmuşdur. Onlardan Bakı Dövlət Universiteti1919-cu ildə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1920-ci ildə, Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci ildə, Bakı Musiqi Akademiyası 1920-ci ildə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1923-cü ildə, Azərbaycan Dövlət Aqrar Universiteti 1929-cu ildə, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1930-cu ildə və başqaları yaradılmışdır.
Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 89 illik tarixi var. Əsası 1930-cu il noyabrın 8-də qoyulmuş və Cənubi Qafqazda ilk ali məktəb olan Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun açılışı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında təntənəli şəkildə həyata keçirilib. Onun nizamnaməsi təsdiq edilib. Nizamnaməyə görə institutun başlıca vəzifəsi bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. İlk illər institutda fakültələri şöbələr əvəz edirdi. Şöbələrə ümumi rəhbərlik isə tədris hissəsi tərəfindən aparıldı və bu üç il davam edib.
ADBTİA bir neçə xarici
universitetlə əməkdaşlıq edir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 23 mart 42 saylı qərarına əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. Akademiyada fəaliyyət göstərən kafedralar 4 qrupa bölünmüşdür: nəzəri-pedaqoji fənlər kafedraları, idman-pedaqoji fənlər kafedraları, tibbi-bioloji fənlər kafedraları, ictimai fənlər kafedraları (1999).
Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzv olmaqdır. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Akademiya bir neçə xarici universitetlə əməkdaşlıq edir (2008). Onların arasında Türkiyənin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti və s vardır. 2008-ci il sentyabr 17-20-dək Tehran Universitetinin idman elmləri fakültəsinin nümayəndə heyəti universitetin professoru doktor Vahid Sarı, elmi katib doktor Cəfər Sadiq, biomexanika fənni üzrə mühazirəçi, xanım Şirin Yazdani və əlaçı tələbə Zəhra Rüstəmi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyəti ilə tanış olmuşlar. Görüş qarşılıqlı marağa səbəb olmuş, gələcəkdə bədən tərbiyəsi və idman təhsili ilə bağlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələsi dəstəklənmiş, geniş fikir mübadiləri aparılmışdır. Həmçinin əməkdaşlar Akademiyada fəaliyyət göstərən muzey və idman zallarında olmuş, nəzəri və praktik dərslərdə iştirak etmişlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi Şurasının qərarına əsasən görkəmli şəxslər akademiyanın fəxri doktoru adına layiq görülmüşlər (1994-2015). 1994-cü ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi Turqut, 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabiq prezidenti Xuan Antonio Samaranç, 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudri, 1995-ci ildə EABA-nın prezidenti Emil Jeçev, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, 2005-ci ildə beynəlxalq Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço Layiq, 2007-ci ildə FİFA-nın prezidenti Yozef Blatter, 2007-ci ildə AOK prezidenti Patrik Hikkey, 2007-ci ildə AİBA-nın I vitse-prezidenti Qafur Rəhimov, 2015-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və digərləri bu fəxri adı almışlar.
Respublikamızın və xarici ali məktəblərin birgə proqramlarının yaradılma siyasətinin və asılılığının təhlili, həm Avropa birgə proqramlarının, həm də Azərbaycan təhsil sisteminin inkişafının Avropa təhsil sistemindən təcrid vəziyyətinin dəf edilməsilə bağlı məqsəd və maraqların mövcudluğunu göstərir. Avropa universitetləri üçün Azərbaycan ali məktəbləri ilə birgə proqramlar yaradılmasında başlıca prioritetlərdən biri yeni təhsil bazarına çıxışdan, tələbələrin cəlb edilməsinin genişləndirilməsindən, onların diplomlarının əmək bazarında mövqelərinin və tanınma dərəcəsinin gücləndirilməsindən ibarətdir. Eyni zamanda Azərbaycanın müəllim və tədqiqatçıları üçün daha əlverişli şərait yaradılmasından və ali məktəblərin beynəlxalq rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsindən ibarətdir.
ADBTİA-nın əməkdaşlarından 30 nəfər müəllim ixtisasartırma kurslarında iştirak ediblər (2016). 2016-cı ildə ixtisasartırma işinə xüsusi diqqət yetirilmişdir. Sosial elmlər kafedrasının 15 nəfər xarici dil tədris edən müəllimi "Tədris etmə biliklərinin qiymətləndirilməsi və artırılması” kurslarını bitirərək testlərdən keçmişlər və onlardan 12 nəfəri artıq Kembric Universitetinin xarici dil müəllimliyi üzrə sertifikat almışdılar.
Aparılmış tədqiqatdan belə nəticəyə gəlmək olar ki, Akademiyanın kadrları illər üzrə 83 pedaqogika üzrə fəlsəfə doktoru namizədlik dissertasiyası müdafiə etmişlər. Onlardan: 69-u pedaqoji elmlər namizədi, 13-ü bioloji elmlər namizədi, 1-i isə texnika üzrə elmlər doktoru dissertasiyası müdafiə etmişlər. Onlardan, 60-ı azərbaycanlı, 10-u rus, 1-i gürcü, 1-i isə başqa millətin nümayəndəsidir (1948-2017-ci illərdə).
Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2016-cı ilin mart-avqust aylarında Akademiyanın Strateji Planlaşdırma üzrə İşçi Qrupunun üzvləri Belarus Dövlət Bədən Tərbiyəsi Universiteti, Acıbadəm Universiteti, Hacəttəpə Universiteti (42,438 tələbə), Mərmərə Universiteti (51 000 tələbə), İstanbul Universiteti (178,901 tələbə), Ankara Universiteti (66,555 tələbə), Sofiyada "Vassil Levski” Milli İdman Akademiyası, Köln Alman İdman Universiteti (6 000 tələbə), Şeffield Hallam Universiteti (31,500 tələbə) və Lubliana Universitetinə (42,922 tələbə) səfər etmişlər. Səfər zamanı idman tibbi, idman menecmenti və idman jurnalistikası da daxil olmaqla bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması üzrə təhsil modelini öyrənmək üçün müxtəlif görüşlər keçirilmişdir. Tədris və elmi-tədqiqat laboratoriyaların işinin təşkil edilməsinə və onların müasir təhsil prosesində rolunun öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.
Təhsildə keyfiyyətin artırılması, yeni proqramların yaradılması və tələbə yönümlü təhsil sisteminə keçid edilməsi üçün kineziologiya, kinezioterapiya, idman farmakologiyası, dietologiya, idman psixologiyası, fiziki reabilitasiya, idman menecmenti, idman jurnalistikası və s. kimi yeni fənlərin tədris proqramına daxil edilməsi zəruridir. Bununla yanaşı müvafiq sahələr üzrə müəllimlərin çatışmazlığı problemi xüsusi aktuallıq kəsb edir. Bu məsələ islahatların ayrıca bir hissəsini təşkil edir və bununla bağlı olaraq Strateji Planlaşdırma üzrə İşçi Qrupu yüksək ixtisaslı xarici mütəxəssislərin həm tələbələrin tədrisi, həm də yerli kadrların intensiv hazırlığı prosesinə cəlb edilməsi üçün aparıcı xarici universitetlərlə danışıqlar aparır.
Yüksək ixtisaslı kadrların
hazırlığı üçün müasir
ali təhsil ocağı
2017-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) üç yeni magistr ixtisasları - İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası yaradılmışdır. ADBTİA-nın tədrisi ingilis dilində olan bu ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin magistr imtahanın yalnız birinci mərhələsini keçmiş və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəmişdirlər. Bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçmişdilər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etmişdilər. Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün müasir ali təhsil ocağıdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman menecmenti” və "İdman jurnalistikası” ixtisasları üzrə magistr tələbələrin Birləşmiş Krallığın təhsil-təcrübəsi ilə yaxından əməkdaşlıq edirlər. Əməkdaşlıq nəticəsində tələbələr, İngiltərənin London, Şeffild, Lids, Mançester, Lafboro, Rugby, York şəhərlərində yerləşən müxtəlif idman ali təhsil müəsissələrində və idman obyektlərində olmuş, habelə həkim-magistrantlar üçün UCL hospitalları, UCL İdman Tibbi İnstitutu, İngilis İdman İnstitutu, "Çelsi” Futbol Klubunun Tibbi klinikası, özəl reabilitasiya klinikalarında təhsil-təcrübə seminarları keçirilmişdir. Bundan əlavə, magistrlar ELEVATE "The Arena of Physical Activity”, "Health and Performance” Beynəlxalq İdman tibbi və reabikitasiya konfransında fəal iştirak etmişdilər. 14 günlük proqram ərzində tələbələrə 2 universitetdə 4 modul üzrə mühazirələr keçirilmiş, 9 idman məkanına səfər olunmuş, 3 şəhərə mədəni səfər təşkil olunmuşdur.
Bolqarıstanın "Vassil Levski” Milli İdman Akademiyası, Belarus Dövlət Bədən Tərbiyəsi Universiteti, eyni zamanda Belarusiyanın Milli Elmlər Akademiyasının Fiziologiya və Genetika İnstitutları, Gürcüstanın Dövlət Bədən Tərbiyəsi və İdman Pedaqoji Universiteti, Türkiyənin Afron Kocatepe Universiteti, Kastamonu Universiteti və Macarıstanın Fiziki Tərbiyə Universiteti ilə memorandumlar imzalanmışdır. İmzalanmış memorandumlar çərçivəsində akademik və tələbə heyətin mübadiləsi, birgə elmi tədqiqatların aparılması və təlim, seminar, konfransların keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Amerika Birləşmiş Ştatları, İsrail və Yaponiya səfirlikləri ilə də yaxından əməkdaşlıq edir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına layiqli töhfələr vermişdir. Akademiyanın yetirmələri Yay Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında informasiya-kommunikasiya texnologiyaları mərkəzi, tədris, elmi-tədqiqat, təcrübə-sınaq laboratoriyaları, resurs, treninq mərkəzləri yaradılmış və onların müvafiq tədris-metodiki və elmi avadanlıqlarla təchizatı təmin olunmuş, elektron kitabxana və müasir mətbəə kompleksləri yaradılmışdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Avropa ali təhsil məkanına inteqrasiyası məsələsində bir çox əhəmiyyət kəsb edən problem, perspektivlik və meyillər davam etməkdədir.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər
doktoru, professor
96293 oxunub