Mayın 24-25-də ölkəmizdə ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələsinin oyunları keçiriləcək. "Olimpnews.az" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, paytaxt Bakıda həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Kişi millimiz "B" qrupunda Kanada və Böyük Britaniya yığmalarına qarşı, qadın millimiz isə "B" qrupunda Latviya və Misir komandalarına qarşı yarışacaq. Kişilərin yarışlarında "A" qrupunda Monteneqro, Ruanda və İran, qadınların yarışlarında isə "A" qrupunda Çili, Çin Taypeyi və Braziliya milliləri qruplardan çıxmağa çalışacaqlar. Kişi millimiz qrupda ilk oyununu 24 may saat 19:05-də Kanadaya qarşı, qadın millimiz isə saat 18:15-də Misirə qarşı oynayacaq.
Qeyd edək ki, Sea Breeze istirahət mərkəzində baş tutacaq kişi və qadın kateqoriyalarında reqlamentə əsasən seçmə mərhələ qruplarını ilk iki yerdə tamamlamış komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal cütlərinin qalibləri və yarımfinal cütlərində məğlub olan komandalar arasında keçiriləcək oyunun qalibi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. Dünya Kubokunun oyunları iyunun 23-29-da Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçiriləcək.
217 oxunub