XƏBƏR LENTİ
16 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Qadın məntiqi - HEKAYƏ
Maraqlı 16:13 / 05.05.2021
Populyar müğənninin konserti bitdikdən sonra saraydan çıxan ər-arvad bir qədər piyada gəzmək istədilər.
- Yaxşı oxuyurdu, xoşuma gəldi. Səsi, ifası gözəl, axıcı idi, - deyə kişi konsertlə bağlı təəssüratına başladı.
- Nəyi yaxşıydı? Görmədin, səsi cırdır. Ona görə də daha çox xarici mahnılar ifa edirdi, - deyə xanım da fikrini bildirdi.
- Hər halda məşhur estrada ulduzu kimi qəbul edilir, sevilir. Çoxları bu səsi dinləməkdən doymur.
- O qədər alqışlara, qulaqbatırıcı gurultulara layiq deyildi. Müğənnidən çox, yaxşı model çıxar. Çox arıq idi, boyu da uzun.
- Yaxşı, qoy, yenə də sən deyən olsun. Acmışam, özümüzü çatdıraq evə. Ucuz yerdən ət alsan da, dadlı bişirirsən. Hərçənd atalar deyib ki, ucuz ətin şorbası olmaz.
- Baxır bişirənə. Aşbaz var ki, bahalı ətdən bişirdiyinin dadı olmur. Aşbaz da var ki, ucuz ətdən bişirdiyini yeyərsən, hələ barmağını da yalayarsan.
O, ər-arvad münasibətlərində, məişət məsələlərində, hətta qida reseptləri ilə bağlı nəsə qeyri-adi, maraqlı bir şey deməyə də ehtiyat edirdi. Arvadı dərhal soruşa bilərdi ki, bu incəlikləri sənə kim deyib, qadın söhbətlərinə uyğun gəlir, bilgiləri, məlumatları harda öyrənmisən, kimdən eşitmisən və sairə.
- Əzizim, uşaqlar artıq böyüyüblər. Müəyyən incikliklər, anlaşılmazlıqlar da keçmişdə qalıb. Gəl, onların yanında söz güləşdirməyək. Gözəl hissləri bölüşməyi bacaraq. Onda bu hisslər daha da gözəlləşəcək. Həyata olan baxışlar formalaşanda, həqiqətə, reallığa söykənəndə duyğular, düşüncələr də mənalı, dərin olur. Sözü necə deməkdən çox şey asılıdır. Həvəsin olmalıdır ki, lazımı sözü tapıb deyə biləsən. Sözlər - qəlbin güzgüsüdür.
- Deyəsən, müğənni səni ruhlandırıb, duyğulandırıb. Hər halda bir-birimizə qarşı nəzakətliyik. Acı sözlər demirik ki. Sadəcə, hərdən fikirlər haçalanır, vəssəlam. İnciklikləri isə çoxdan yaddaşımın ən uzaq küncünə qovmuşam.
- Düzdür, fikir ayrılığında ürək sındırmırıq. Belə bir qorxumuz yoxdur. Görünür, bəzi hallarda düşünmədən, mexaniki etiraz edirik bir-birimizə.
Müdrik, alicənab, nurlu bir insan olan Zəki Bəyazlı idman akademiyasında kafedra müdiri işləyirdi. Peşəsinin vurğunuydu. Yüksək mədəniyyətə, zövqə malik olan bu ziyalı incəsənətin incəliklərinə də çox yaxşı bələd idi. Nəzərə çarpacaq yumor hissi ilə seçilirdi.
Təmiz qəlbli, ünsiyyətcil, ətrafına ayıq gözlə baxan, daim mütaliəli, yetərincə məlumatlı, eyni zamanda da bir qədər emosional xarakterli Cahan xanım kollecdə direktor müavini kimi çalışırdı.
Tələbəlik illərinin tanışlığı, onların yaxınlığı və səmimi münasibətləri sonradan nikahla nəticələnmişdi. Bir qız və bir oğul sahibi idilər.
Şam yeməyindən sonra:
- Qarşıdan qələn Novruz bayramı münasibəti ilə sənə sürpriz etmişəm. Turizm şirkəti ilə Şimali Qafqaz məkanına səyahət proqramını danışmışam. Əlbəttə, indi bizdə də gözəl, bənzərsiz yerlər çoxdur. Ancaq bir gedək o yerlərə, oraları gəzib dolaşaq, havasını udaq, ruhumuzu təzələyək, - deyə Zəki şən halda dilləndi.
- Mənə qalsa, Avropanı, heç olmasa, Türkiyəni seçərdim.
- Gələn dəfə də sənin seçimini həyata keçirərik.
Işə gələn kimi Zəki Bəyazlı rektoru həm bayram münasibəti ilə təbrik etmək, həm də səfərlə bağlı məlumatlandırmaq üçün onun yanına getdi. Yaşlı, təcrübəli, xoş sifətli olan akademiyanın rəhbəri Zəkini və Cahanı çoxdan tanıyırdı. Hətta onların hər ikisinə dərs demişdi. Buna görə xidməti münasibətlərindən başqa ailəvi əlaqələri də var idi.
- Uşaqlar necədir? Cahan xanımla anlayırsınız bir-birinizi?
- Əvvəllər hərdən barıt kimi partlayırdı. Çoxdandır ki, belə deyil, amma emosionallığı qalıb. Cahan hər gün məndən tərif eşidir. Əsas odur ki, aramızda soyuqluq, inciklik yoxdur. Arabir hökmünü yerinə yetirmək istəyir. Bir də görürsən bəsit, məna etibarı ilə adi məsələ barədə mübahisəyə başlayır. Əks mövqedə olsaq da, könül qırmırıq. Əslində bu, instink olaraq baş verir. Sanki qabağını almaq mümkün deyildir. Söylədiyi fikirlər, ideyalar bəzən məntiqə zidd olur. Bəlkə də qadın yanaşmasından doğur sadəcə. Hər halda maraqlı görünür. Ancaq bir-birimizə lazım olduğumuzu başa düşürük, doğmalığımızı anlayırıq. Təbii ki, uşaqlar da mühüm rol oynayır. Fikir ayrılığını tez unuduruq. Sanki heç nə olmayıbmış kimi...
- İdeal ailə haqqında düşüncələr yanlışdır. Bir-birinə güzəştə gedənlər isə həmişə udurlar. Cahan çox yaxşı qadındır. Həyatını sənə, uşaqlarına həsr edib. Ürəklərə gedən yol sevgidən başlayır. Səhər işə həvəslə gedənlər, axşamlar da evə tələsənlər xoşbəxt adamlardır. Başqa nə yenilik var? İtiniz necədir? - deyə rektor təbəssümlə hal-əhval tutmaqda davam etdi.
- Əvvəllər it arvadımın qəlbində birinci yeri tuturdu. İndi ilk yeri mən tuturam. Məni gülər üzlə, şirin sözlə qarşılayır.
- Buna necə nail olmusan?
- Bilirsiniz, it o qədər ərköyünləşib ki, arvadımın hazırladığını, bişirdiyini yemir. Amma mən yeyirəm.
Hər ikisi qəhqəhə çəkib güldülər.
Daha sonra Zəki gülməyinə ani ara verib:
- Cahan israfçı olmasa da, pul yığa bilmir. Qənaət etmək məqsədi ilə bir neçə dəfə evdə arvadımdan pul gizlətmişəm. Amma yeri sonradan yadımdan çıxır. Məcbur olub Cahanla birgə axtarırıq, - deyəndə, hər ikisinin bərk gülüşü qəbul otağında da eşidildi.
- Hə, indi insanların çoxu psixoloji gərginliklər, qayğılar ucbatından fikirli, səbirsiz, həssas, dözümsüz olublar. Bu baxımdan istirahət səfərləri çox faydalıdır. Planlarınız necədir?
- Hələlik konkret yer seçimi etməmişik. Amma təklifim hər bir halda Cahanın ürəyincədir. Kurort şəhərlərinin birini nəzərdə tutmuşam.
Akademiyanın rəhbəri onlara yaxşı yol diləyib gözəl istirahət arzuladı.
Bir neçə gündən sonra Cahan futbol oynamaqdan gələn yeddinci sinif şagirdi olan oğlunu danlamağa başladı:
- Gör, nə gündəsən! Tərin, çirkin içindəsən. Tamam yaşsan, xəstələnəcəksən. Bir daha səni bu vəziyyətdə görməyim, başa düşdün?!
Futbol həvəskarı olan Zəki oğlunun müdafiəsinə qalxdı:
- Cahan, burada nə var ki? Bütün uşaqlar futbol oynayırlar. İndi futbolu sevməyən uşaq var?
Cahan suala maraqlı bir cavab ünvanladı:
- Əgər bütün uşaqlar oğurluğa getsə, sənin oğlun da getməlidir?!
Zəki arvadının bu məntiqinə təəccüblənsə də, başqa heç nə demədi. Daha sonra Cahan sözlərinə davam etdi:
- Oğlunu da öz halına salma. Futbola baxanda məndə mənfi emosiyalar yaranır. Bir dəstə düşür topun dalınca. Anlaya bilmirəm sadəcə. Sən uşaqlıqdan futbol oynayıb komandalarda çıxış etmisən. Bu yaşında da əl çəkmirsən, işdən sonra, şənbə-bazar da gedib oynayırsan. Nə əldə etmisən ki, indi də oğlunu dartırsan. Vaxtında imkan vardı ki, Kanadaya köçək. Bax, orada uşaq buzun üstündə hokkey oynayardı. Hətta lap futbolçu da olardı. Özünə də bir gün ağlayardı. Yoxsa, burada, heç kimə lazım olmayan futbolçu. Bundan sonra da gərək, ayağını, qolunu əzməsinin, zədə almasının dərdini çəkək. Qoymayacağam getsin futbol seksiyasına. Onsuz da tanış tapmasan, əlaqə yaratmasan heç bir komandaya götürməyəcəklər. Qoy dərsləri ilə məşğul olsun, musiqi məşgələlərinə davam etsin, xarici dil öyrənsin. Hər dəfə müəllimlərlə mən danışıram. Bir dəfə də get sən söhbət elə, "əla” qiymətlərin sayı çox olsun.
Yatmağa hazırlaşdıqları vaxt Cahan ərinə yeni bir məlumat verdi:
- Keçən dəfə üstüörtülü demişdim. Qızımız bir basketbolçu oğlanla tanış olub. Eyni universitetdə oxuyurlar. Fikirləri ciddidir, ailə qurmaq istəyirlər. Mən də fikirləşirdim ki, nağıllarda olan "prins” gələcək, ağ atın belində qızımızı öz qəsrinə aparacaq. Qismətinə idmançı çıxıb.
- İndi yaxşı idmançılar təkcə nağıllarda deyil, real həyatda da olan şəhzadələrdir. Qızımızın qərarına mane ola bilmərik. Əsas odur ki, bir-birilərini sevsinlər. Daha belə məsələləri gənclər özləri həll edirlər.
- Amma mənim könlüm yoxdur.
- Niyə?
- Eşitmişəm ki, hündürboylu oğlanların uşaq məsələsində problemləri olur. Bu oğlanın da boyu iki metrə yaxındır.
- Onda gərək heç bir basketbolçunun uşağı olmasın. Burada boyun heç bir əhəmiyyəti yoxdur. Daha gecə vaxtı heç nə demə. Yatmaq lazımdır. Sabah uçuruq.
... Sanatoriyada günlərin birində onlar tanınmış psixoloq-alimin "Qadın məntiqi” mövzusunda mühazirə oxuyacağı barədə maraqlı bir elana rast gəldilər.
Zəki sevincək bildirdi:
- Cahan, bu mövzu sənə aiddir. Mütləq gedək.
Cahan həvəs göstərməsə də, ərinin təkidindən sonra razılaşmağa məcbur oldu. Psixoloqun dedikləri həqiqətən çox maraqlı idi: "Kişi məntiqinə görə hər hansı bir məsələyə münasibət, mühakimə ya həqiqidir, ya da əksinə. Qadın məntiqi isə konkret məsələyə, prosesə daha çoxşaxəli yanaşır. Tədqiqatlar göstərir ki, qadın beyninin fəaliyyəti kişi beynindən fərqlənir. Cinslər arasındakı problemlərin kökünü elə burada axtarmaq lazımdır. Həm də qadın beyni kişi beyni ilə müqayisədə bir qədər kiçikdir. İnsan beyninin sağ və sol yarımkürələri sinir yığınından ibarət düyünlə birləşib. Bunun sayəsində beynin hər iki tərəfi bir-biri ilə sıx əlaqədədir. Yarımkürələr daim ünsiyyətdə olmaqla informasiyaları bir-birinə ötürə bilir. Təsəvvür edin ki, sizin çiyninizdə kabellə birləşmiş iki kompyuter var. Bu kabeli sinir düyününə bənzətmək olar. Yəni, funksiyası eynidir. Məlum olub ki, bu düyün qadın beynində daha qalın olmaqla 30 faiz çoxdur. Buna da qadın hormonu olan estrogen səbəb olur. Qadınlar və kişilər hər hansı bir məsələ ətrafında fikir söyləyərkən müxtəlif yarımkürələrdən istifadə edirlər. Məşhur qadın məntiqi fikri də elə bununla izah olunur. Qadın sadəcə olaraq sinir düyününün artıq olmasına görə daha böyük izahlar, variantlar, imkanlar görür”.
Professor mühazirəsini belə bitirdi: "Xoşbəxt həyatın sirləri, səadətə aparan yollar çoxdur. Bunlardan ən əsası qarşılıqlı anlaşmadır. Hər birinizə bunu arzulayıram”.
Mühazirə bitər-bitməz onlar bir-birinə baxıb gülümsədilər.
- Eşitdin, bir də mənim dediklərimə qulp qoyma, - deyə Cahan mənalı baxışlarla ərini süzdü.
- Hə, nə gözəldir görmək, anlamaq, eşitmək, dinləmək! - deyə, Zəki qaşlarını çatıb dərindən köks ötürdü və bir neçə saniyə gözlərini harasa zilləyib düşüncələrə qərq oldu: "Ömür-gün yoldaşımla yol yoldaşlığım davam edir. Bu özü elə böyük xoşbəxtlikdir. Dünyanın gözəllikləri, sevgisi qoşa addımlayanda əbədiyaşar olur. Biz ürəyimizdə sevgi daşıyırıq. Bu sevginin gücü ilə həyatda möhkəm dayanan insanlarıq”.
Bayıra çıxdıqdan sonra Zəki Cahanı qucaqlayıb özünə sıxdı və az qala pıçıltı ilə dedi:
- Professor bütün suallara aydınlıq gətirdi. Uğurlu ailə qadın məntiqini anlamalıdır. Xoşbəxt ailənin formullarını professor sonda qadın məntiqinə bağladı. Bir-birimizin qədrini bilək. Gəl, bundan sonra axtarmayaq ki, kim haqlıdır. Bu gündən nöqtə qoyduq. Qoy, bütün mübahisələrimiz gülüşlə bitsin!... Yaşasın xoşbəxt cütlük!..

1856 oxunub

InvestAZ