Günümüzdə demək olar ki, hər kəs idmanla bağlı müəyyən informasiyalar əldə edir. Kimi həvəskar, kimi peşəkar şəkildə idmanla məşğul olub, ölkəsini beynəlxalq arenalarda tanıdır, kimi isə müxtəlif idmançı və ya idman növünə kənardan azarkeşlik edir. Amma buna baxmayaraq, bir çoxlarımız idmanla bağlı bəzi məqamlardan xəbərsizik. Mütəmadi olaraq öz oxucularına maraqlı mövzularla bağlı yazılar təqdim edən "Olimpiya dünyası” qəzeti bu dəfə də ənənəsinə sadiq qalıb. Qəzetimizin bu sayında idmanla bağlı bir neçə maraqlı faktı çoxsaylı oxucularımıza təqdim edirik.
Böyük uğura
aparan xırda
detal
Qolf dünyanın ən elitar idman növlərindən biri hesab olunur. Qolf həvəskarları topun nə qədər uzağa uçmasını izləməkdan böyük zövq alırlar. Lakin qolf topu digər idman növünün toplarından üzərində mövcud olan məsamələri ilə fərqlənir. Yəqin ki, çoxlarımız bu məsamələrə heç fikir belə verməmişik. Əslində, isə onlar qələbə qazanmaq üçün çox böyük rol oynayır. Maraqlıdır ki, qolf topu hər zaman məsaməli olmayıb. Belə ki, tarixdə ilk qolf topları tamamilə hamar səthə sahib olub. Qolf idman növünün ilk yarandığı vaxtlarda toplar quş lələkləri ilə doldurulur və dəri ilə örtülürdü. Lakin zamanla qolf oynayanlar qəribə detal müşahidə etdilər. Belə ki, top nə qədər əzik və zədəli olarsa, o qədər uzaq məsafəyə uçurdu. Məhz bu müşahidələrdən sonra topların üzərində xırda məsamələr hazırlanırdı. Qeyd edək ki, müasir toplarda 300-500 arası məsamə mövcuddur. Məsamələr xüsusi qayda üzrə yerləşir, əks halda, bu, topun lazımı keyfiyyətdə uçmağına mane olacaq.
Suyun
altındakı
musiqi
Dünyada milyonlarla insan böyük zövqlə sinxron üzgüçülük yarışlarını izləyir. Üzgüçü xanımlar yüksək musiqi sədaları altından gözəl rəqsləri ilə azarkeşlərin zövqünü oxşayır, ölkələrinin isə adını yüksəldirlər. Lakin suyun altında səs eşidilmədiyi halda, idmançıların necə dəqiq ritmlə hərəkət etdikləri yəqin ki, bir çoxumuz üçün maraqlıdır. İlk baxışdan qeyri-adi hadisə kimi görünsə də, bunun sadə açıqlaması var. Belə ki, yarış zamanı üzgüçülərin suyun altında musiqini eşidə bilməsi üçün hovuza xüsusi səs gücləndiricilər yerləşdirilir. Beləliklə, idmançı musiqini aydın şəkildə eşidə bilməsə belə, müəyyən ritmlərlə hərəkətləri düzgün və vaxtında yerinə yetirmək imkanı əldə edir.
İnanılmaz
qoruyucu paltar
Bir çox idman növlərində idmançılar istər yüngül, istərsə də ağır zədələr alırlar. İdmançının ağır zədə almaq təhlükəsi ilə üz-üzə qaldığı idman növlərindən biri də hokkeydir. Məhz buna görə də hokkey ən təhlükəli idman növləri sırasında yer alır. Bu səbəbdən bütün idmançılar, ən əsas isə hər an zərbə obyekti olan komandanın qapıçısı maksimum dərəcədə qoruyucu paltar geyinməlidir. Bu qoruyucu paltar isə nə az, nə çox düz 30 kiloqramdır.
"Ağ un”
Həyəcanla izlənilən daha bir idman növü də idman gimnastikasıdır. Özünə əmin olan və müxtəlif çətinlikdə hərəkətləri məharətlə yerinə yetirən gimnastlar onlarla azarkeşin həyəcanına səbəb olurlar. Amma gimnastların yarışdan əvvəl əllərini ağ una bənzər mayeyə salmaları heç bir azarkeşin gözündən qaçmır. Elə həmin an insanda bunun nə olduğu və gimnastların hansı səbəbdən əllərini "un”a saldığı sualı yaranır. Bu "ağ un” isə əslində, maqneziumdur. Belə ki, maqnezium əldə mövcud ən az tər və su damcılarını belə aradan qaldıraraq, əllərin sürüşməsinin qarşısını alır. Bununla da, gimnastlar rahat şəkildə bütün idman hərəkətlərini nümayiş etdirə bilirlər.
Zolaqlı
illüziya
Dünyanın ən məşhur və dəlisov azarkeşlərə sahib olan idman növlərindən biri də futboldur. Futbol azarkeşləri sevimli idman növlərini böyük coşqu ilə həm televiziyadan, həm də stadiondan izləyirlər. Meydançada mövcud olan xətlər sayəsində isə hakim futbolçuların harada olmasını təyin edir. Yəqin ki, həyatında bir dəfə belə futbol izləyən insan meydançanın fərqli tonlarda olduğunu hiss edib. Əslində, otların belə görünməsinin səbəbi onların fərqli istiqamətdə biçilməsidir. Belə ki, qazonun biçimindən sonra otlar biçilən istiqamətdə yer aldığı üçün insanda zolaqlı meydança illüziyası yaranır.
Milyonlarla
dollar dəyərində
idman növü
Hər bir idman növü ilə məşğul olmaq üçün müəyyən qədər məbləğ tələb olunur. Dünyanın ən bahalı idman növü isə Formula 1 hesab olunur. Maraqlı, həyəcanlı, eləcə də riskli olan Formula 1 mübarizəsində yarış traslarının salınmasına, avtomobillərə və həyatlarını riskə ataraq yarışa çıxan pilotların qonorarlarına ildə milyonlarla dollar vəsait ayrılır. Yalnız avtomobilə deyil, həmçinin onun təmirinə və qulluğuna da kifayət qədər məbləğ tələb olunur. Hətta avtomobilin bahalı təkərləri hər yarış öncəsi dəyişdirilməlidir.
Ən gənc
Olimpiya çempionu
Hər bir peşəkar idmançının arzusu Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. Onlar bunun üçün gecə-gündüz çalışır, böyük əmək sərf edirlər. Lakin elə an da olub ki, idmandan xəbərsiz biri qələbə qazanıb. Bu, 8-10 yaşlarında olan Marsel Depayedir. Yeniyetmə oğlan 1900-cü ildə keçirilən Olimpiya Oyunları zamanı qaliblər sırasında yer alıb. Belə ki, avarçəkmə yarışlarında niderlandlılar son məqamda yorulan komanda yoldaşlarını Marsel ilə əvəzləyiblər. Daha sonra finişə birinci çatan Marselin komandası Olimpiya Oyunlarının qalibi olub. Qalib olsa da, oğlan nə qaliblər siyahısında yer alıb, nədə ki, ona mükafat təqdim olunub.
İkiqat
qoruyucu
Ügüçülük idman növü də kifayət qədər maraqlı və həyəcanlı olmasına görə fərqlənir. Belə ki, üzgüçülərin yarışdan əvvəl iki papaqdan istifadə etdiyi idmansevərlərin nəzərindən qaçmır. İnsanda isə təbii olaraq belə bir sual yaranır, idmançılar üçün saçlarının quru qalması o qədərmi önəmlidir? Əslində, bu tam yalnış bir fikirdir. Belə ki, üzgüçülər üçün saçlar deyil, gözlərinin quru qalması çox önəmlidir. Məhz buna görə də, onlar eynəklərinin gözlərindən çıxmaması üçün iki papaqdan istifadə edirlər.
Rəngli meydançanın
ağ-qara qəhrəmanı
Futbol dünyanın ən məşhur idman növlərindən biridir desək, yanılmarıq. Milyonlarla futbolsevərlər sevimli komandalarına həm televiziya, həm də stadiondan azarkeşlik edirdilər. Lakin məlumdur ki, 1970-ci ildə televiziya əvvəllər rəngli deyil, ağ-qara idi. Elə həmin vaxtlardan da futbol oyunları azarkeşlərə canlı olaraq yayımlanırdı. Beləliklə, rəngli obyektlər ekranda boz göründüyü halda, ağ-qara top aydın şəkildə onlardan seçilirdi. Elə həmin vaxtdan da ənənəyə sadiq qalaraq futbol topları ağ-qara rəngdə hazırlanır.
Türkay Niftəliyeva
31686 oxunub