XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Ədalətli idmanın keşiyində dayanmaq böyük məsuliyyət tələb edir
Mədəniyyət 15:17 / 20.03.2019


İdman sülhün və dostluğun carçısıdır. Digər sahələrdə olduğu kimi, idmanda da ədalət prinsipi vacib amillərdəndir. Sevindirici haldır ki, ədalət prinsipinə sadiq olan idmançılarımız nümunəvi çıxışları ilə dünyada seçilirlər. Bu gün çoxları ədalətli oyun anlayışını yalnız futbolla əlaqələndirirlər. Əslində, isə bu, belə deyil. Ədalət anlayışı və prinsipi bütün idman növlərində mövcuddur. Ədalətli idman ilk növbədə, rəqibə hörmət kimi də dəyərləndirilir. İdman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdən biri olmaqla yanaşı, ədalətli mübarizəni, sağlam həyat tərzini təbliğ edir, insanın fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Bu gün ölkəmizdə idmanın təmizliyinin qorunması və ədalət prinsiplərinin bərqərar olunması üzrə böyük işlər görülür.

Respublikamızda fəaliyyət göstərən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də bu işlərin mühüm bir hissəsidir desək yanılmarıq.
Müstəqil qurum olan AMADA 2016-cı il dekabrın 23-də Azərbaycanda antidopinq proqramının həyata keçirilməsi məqsədilə yaradılıb. Bu model dünyada effektiv antidopinq proqramları üçün qızıl standart hesab edilir. Təsis olunmasından cəmi iki il keçməsinə baxmayaraq, Azərbaycan Milli Antidopinq Agentliyi və onun gördüyü işlər qlobal antidopinq hərəkatı tərəfindən tanınır və yüksək qiymətləndirilir. AMADA təhsil, tədqiqat, hədəfli testlər, sanksiyalar, hüquq-mühafizə orqanları ilə effektiv əməkdaşlığa əsaslanan hərtərəfli antidopinq yanaşmasını tətbiq edir. AMADA-nın heyəti səylərini idmançıların sağlam və təmiz şəraitdə rəqabət aparmaq hüququnun müdafiəsinə və yarışmanın dürüstlüyünün qorunmasına yönəldir.
Agentliyin missiyasının hüquqi əsasını Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və onun müvafiq Fərmanı ilə qüvvəyə minmiş "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir. Qurumun əsas funksiyaları antidopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası və cəmiyyət və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırma ilə bağlıdır.
Bu yaxınlarda Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilə görüşüb, qurumun fəaliyyəti, uşaq və gənclər üçün sağlam mühit yaradılması və dopinq istifadəsinin qarşısının alınması üçün görülən tədbirlərdən danışdıq.
Müsahibimiz, əvvəlcə, ötən il ərzində görülən işlər və qarşıda duran planlar barədə məlumat verdi. Onun sözlərinə görə 2018-ci il AMADA üçün uğurlu olub. "Keçən il bir sıra uğurlu layihələr həyata keçirdik. Demək olar ki, test sayını 2 dəfədən çox artırdıq. Mindən çox test aparıldı. Bir neçə beynəlxalq qurumlarla əlaqələr qurduq. Bundan başqa elə layihələr var ki, onlar bu il də davam etdirilir. Təbii ki, idmançıların əksəriyyəti hansısa dərmandan istifadə edir. Bizim bunun üçün qadağan olunmuş xüsusi dərmanlar siyahımız var. Hər ilin əvvəlində qadağan olunmuş dərmanların siyahısını tərcümə edib, federasiyalara göndəririk. Əgər dərmanlarla bağlı hansısa dəyişiklik olunarsa, bu siyahıda öz əksini tapır. Biz hazırda kompüter və mobil telefonlar üçün proqram əlavəsi hazırlayırıq. İdmançı bu proqram əlavəsinə dərmanın ilk üç hərfini yazmaqla həmin preparatın qadağan olub, olmadığı barədə məlumat alacaq. Bu, çox sadə və əlverişli proqram olacaq. Düşünürəm ki, bu proqram idmançılar, məşqçilər və federasiyalar üçün çox vacibdir. Haqqında danışdığım bu proqram 2 aya hazır olacaq. Proqram təkcə dərman preparatlarına aiddir. Burada idman qidaları yer almayacaq. İdman qidalarının tərkibi heç vaxt bilinmədiyi üçün biz Antidopinq Agentliyi olaraq bu qidalara hər hansısa bir bir rəy verə bilmirik. Həmin qidaların tərkibi həmişə gizli saxlanılır. Bunun üçün gənclərimizə məsləhət görürük ki, idman qidalarından istifadə edərkən ehtiyatlı olsunlar. Onu da deyim ki, idman qidası məsələləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edəcəyik. Bu ildən idman qidaları arasında nə qədərinin dopinq tərkibli olduğunu öyrənməyə çalışacağıq”, - deyə Şəfəq Hüseynli bildirdi.

 
"Çalışırıq ki, uşaq və gənclərimizi maarifləndirici tədbirlərə cəlb edərək, onları dopinq bəlasından qoruyaq”
 
Şəfəq xanım bizimlə söhbətində AMADA-nın gördüyü işlərdən danışarkən maarifləndirmə proqramına da toxundu. Proqramın əsas mahiyyəti barəsində məlumat verən qurumun direktoru bu il də belə tədbirlərin davam etdiriləcəyini vurğuladı: "Biz inanırıq ki, idmançılar antidopinq barədə nə qədər məlumatlı olsalar, onların dopinqə qarşı münasibətləri o qədər mənfi olar. Bizim məqsədimiz bütün idmançıların və həmçinin onlara dəstək heyətinin saf idmanın dəyərlərini anlamalarına və tətbiq etmələrinə əmin olmaqdır. Antidopinq Agentliyi olaraq saf idmançıların növbəti nəslini ilhamlandırmaq üçün maarifləndirmə proqramları həyata keçiririk. Bizim Antidopinq Profilaktikası Proqramımız məlumat, dəyərlər əsasında maarifləndirmə, sağlamlıq üçün nəticələr və etik məsələlərdən ibarətdir. Bizim planımız dopinqdən azad idman uğrunda məlumat, maarifləndirmə və profilaktika proqramlarını icra etmək, qiymətləndirmək və monitorinq etməkdir. Bəzi idmançılar var ki, özləri də bilmədən dopinqdən istifadə edirlər. Bu həmin idmançıların məlumatsızlığından irəli gəlir. Biz də bunun üçün maarifləndirmə və təbliğat proqramından istifadə edərək belə halların qarşısını almağa çalışırıq. Artıq qarşıdakı iki il üçün maarifləndirmə proqramının bəzi hissələrini hazırlamışıq. Bunun üçün biz məşhur idmançılarımızla görüşlər keçirdik, onlarla geniş müzakirələr apardıq. Biz bu görüşlər zamanı idmançılarımızdan  maarifləndirmə proqramını necə görmək istədiklərini öyrəndik. Çalışırıq ki, maarifləndirmə proqramı darıxdırıcı olmasın. Yəni asan olsun. Ola bilər ki, bəzi idmançılar üçün bu proqram çətin və darıxdırıcı görünər. Elə məhz buna görə də biz bu məsələdə məşhur idmançılarımızın fikirlərini öyrənməyə çalışdıq. Yaxın vaxtlarda məşhur idmançılarla növbəti görüşümüz olacaq. Ümid edirəm ki, bu görüş də proqram üçün çox faydalı olacaq. Maarifləndirmə proqramından danışarkən onu da qeyd edim ki, biz yeniyetmə, gənc və böyük idmançılar üçün fərqli proqramlar hazırlayırıq. Çünki eyni məlumatı həm yeniyetmə, həm də böyük idmançılara danışmaq o qədər də effektli olmur. Çalışırıq ki, uşaq və gənclərimizi maarifləndirici tədbirlərə cəlb edərək, onları dopinq bəlasından qoruyaq”.


 AMADA-nın
maarifləndirmə və
təbliğat işi yüksək
qiymətləndirilir
 
AMADA-nın direktoru Şəfəq Hüseynli ötən ilin sonlarında Ümumdünya Antidopinq Agentliyində (ÜADA) məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupuna üzv seçilib.
Qeyd etdiyimiz Xüsusi İşçi Qrupunun məqsədi ÜADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq agentliklərinin, onların proqramlarının, qısa və uzunmüddətli proqramların effektivliyinə və dünyada təsirli dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlər, tövsiyələr verilməsi və metodiki dəstək göstərilməsidir. Xüsusi İşçi Qrupunun əsas vəzifələrindən biri 2018-ci ilin noyabrında ÜADA-nın Təsisçilər Şurasının Bakıda keçirilən görüşündə qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində ÜADA-ya dəstək göstərməkdir.
AMADA-nın cəmi iki il əvvəl yaradılmasını nəzərə alsaq, Azərbaycan nümayəndəsinin ÜADA-nın Xüsusi İşçi Qrupunun işinə cəlb edilməsi ölkəmizdə dopinqlə mübarizə sahəsində görülən işlərin və bu yönümdə aparılan siyasətin effektivliyinin tanınması deməkdir.
Hər kəsə məlumdur ki, bütün dünyada antidopinq məsələsi geniş səviyyədə müzakirə olunur, hər il dopinq hallarının qarşısının alınması üçün yoxlamalar aparılır, müəyyən tədbirlər keçirilir.  Şəfəq xanım söhbət zamanı AMADA-nın beynəlxalq qurumlarla əlaqələrindən də danışdı. O, rəhbərlik etdiyi qurumun yeni yaranmasına baxmayaraq, görüldüyü işlərə bir sıra beynəlxalq təşkilatlar  tərəfindən yüksək qiymət verildiyini qeyd etdi. "Avropa Şurası AMADA-nın işini yüksək qiymətləndirib. Beynəlxalq Test Agentliyi yaradılıb. Biz artıq bu qurumla sıx əlaqədəyik. Beynəlxalq qurumlarla yüksək səviyyədə işlər qurulur. Biz Avropa Şurasında tez-tez görüşlər keçirir, bir sıra məsələlərin ətrafında müzakirələr aparırıq. Ötən ilin fevral ayında Bakıda Avropa Şurasının WADA ilə birlikdə monitorinqi keçirildi. Həmin tədbirdə üç gün ərzində müxtəlif qurumlarla görüşlər keçirildi, yoxlama işləri aparıldı və ölkədə antidopinqlə bağlı görülən işlərə yekun rəy verildi. Sevindirici haldır ki, AMADA-nın maarifləndirmə və təbliğat işi yüksək qiymətləndirilərək, digər ölkələrə nümunə kimi göstərildi. Bizim hüquq mühafizə orqanları ilə birgə fəaliyyətimiz, beynəlxalq qurumlarla əlaqələrin qurulması, imzalanan memorandumlar bu sahədə digər ölkələri qabaqlamağımıza şərait yaradır”, - deyə, Şəfəq xanım vurğuladı. 
Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru söhbət zamanı peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarında məşqçilər tərəfindən yeniyetmələrə müxtəlif harmonal tərkibli maddələrin verilməsi məsələsinə də toxundu. Belə halların qanuna zidd olduğunu deyən Şəfəq xanım bunun qarşısını almaq üçün tədbirlər görüləcəyini bildirdi. O, həmçinin AMADA-nın 2019-cu ildə hüquq-mühafizə oraqanları ilə birgə bir neçə tədbir həyata  keçirməyi planlaşdırdığını da diqqətə çatdırdı.
"Biz hazırda hüquq-mühafizə orqanları ilə birlikdə böyük işlər həyata keçiririk. Hətta qanunvericilikdə müəyyən dəyişikliklərin olması barədə təkliflər irəli sürmüşük. Bir neçə aydır ki, bu məsələ ilə əlaqədar işlər görülür. Bununla bağlı Gənclər və İdman, Ədliyyə və Səhiyyə Nazirlikləri ilə birgə layihələr hazırlayırıq. İnanıram ki, bu məsələ yaxın günlərdə həll olunacaq. Bildiyiniz kimi, fitnes mərkəzlərində böyümə hormonlarından çox istifadə olunur. Bu barədə bizim məlumatımız var. Düşünürük ki, buna qarşı mübarizə aparmaq lazımdır. Çünki bu artıq ciddi sosial problemə çevrilib. Biz təkcə fitnes mərkəzlərinə deyil, güclü təsirə malik olan preparatlara qarşı da mübarizə aparacağıq. Həkimlər istifadə üçün belə  preparatları pasiyentlərə yalnız reseptlə yaza bilər. Gənclərimiz bilməlidirlər ki, belə  preparatları özbaşına, həkim məsləhəti olmadan qəbul etmək ciddi hormonal pozuntulara, sonsuzluğa gətirib çıxara bilər”, - deyə AMADA-nın direktoru bildirdi.
 
"Əgər əsas qaydaları
pozursansa, idmandan uzaqlaşmalısan
 
Ötən il ərzində bir çox federasiyalarda Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən treninqlər keçirilib. Bu il də haqqında bəhs etdiyimiz qurum tərəfindən treninqlər və seminarlar keçiriləcək. Agentlik bundan başqa uşaq və gənclərin erkən yaşda bu cür problemlərlə rastlaşmaması üçün təkcə federasiyalarda deyil, klublarda və idman məktəblərində də müxtəlif tədbirlər təşkil edəcək. Şəfəq xanımın sözlərinə görə bunun üçün artıq müxtəlif nazirliklərlə yeni layihələr hazırlanır: "Elə məsələlər var ki, onların həllinə uşaq vaxtından başlamaq lazımdır. Buna görə də biz ölkəmizdə müxtəlif sayda idman məktəblərinin olduğunu nəzərə alaraq Təhsil Nazirliyi ilə birgə danışıqlar aparmışıq. Biz bu idman məktəblərində maarifləndirmə proqramlarını təşkil edəcəyik. Ümumiyyətlə, çalışacağıq ki, hər yerdə təbliğat işlərini aparaq. Lakin əsas gücümüzü idman məktəblərinə, klublara və federasiyalara verəcəyik. Bundan başqa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə Antidopinq kursu hazırlayırıq. Bu layihəyə əsasən, ADBTİA-da bakalavr və magistr proqramında antidopinq kursları təşkil olunacaq. Bu layihə həm mütəxəssislərin yetişməsində, həm də gənclərə dopinqin zərərləri barədə məlumatlar verilməsi baxımdan müsbət rol oynayacaq. İnanıram ki, belə maarifləndirici layihələr və kurslar uşaq, yeniyetmə və gənc idmançılarımızı bu zərərli vasitələrə əl atmaqdan çəkindirəcək.  
Bildiyiniz kimi, qanunvericilikdə bu preparatlardan istifadə etmək qadağan edilib. Bu məsələ qanunvericilik tərəfindən tənzimlənir. Buna görə də biz testlər aparır, maarifləndirmə işləri həyata keçiririk. Təəssüf ki, bizim işimizə bəzi şəxlər düzgün yanaşmırlar. Bu məsələnin ciddiliyini tam dərk etmirlər. Onlar düşünürlər ki, biz gəlib idmançıları yoxlayır və diskvalifikasiya edirik. Hər bir işin öz qaydası var, eləcə də, bizim. Biz gedib idmançıları yoxlayıb, işimizi standartlara uyğun qururuq. Necə ki, hansısa idman yarışında hakimlər yarışın qaydalar çərçivəsində keçməsini təmin etdiyi kimi, biz də idmançıları sağlam, bərabərhüquqlu şəkildə nəticə qazanmaq üçün düzgün yola dəvət edirik. Bizim idmançıları yoxlamağımız, testlər aparmağımız qaydalara uyğundur. Lakin hərdən buna görə idmançılar və məşqçilər tərəfindən xoşagəlməz  hallarla qarşılaşırıq. Əməkdaşlarımıza "niyə gəldiniz, niyə yoxlayırsınız”, - deyə müxtəlif suallar verirlər. Onlar elə bilirlər ki, biz idmançıları sıxırıq, qələbələrini istəmirik. Bu, əsla belə deyil. Biz çalışırıq ki, idmançılarımız beynəlxalq arenaya çıxanda parlaq şəkildə qələbə qazansınlar. Çalışırıq ki, gənc idmançılarımız düzgün istiqamətdə irəli getsinlər. Onlar bir şeyi dərk etməlidirlər ki, bu proses idmançının həyatının ayrılmaz hissəsidir. Bu, bütün dünyada gedən bir prosesdir. Buna görə də idmançılardan bizim işimizi düzgün başa düşülməsini istəyirik. Bizim işimiz idmançılar arasında bərabərliyi və onların qələbəsinin düzgünlüyünü təmin etməkdir. Hansısa idmançı süni yollarla nəticə qazanmağa çalışmasın. Bu, ədalətsizlik və layiqli idmançıların haqqına girmək deməkdir. Çox istəyirəm ki, ölkəmizdə idmançılar bizim işimizə mənfi yanaşmasınlar. Əgər biz bu testləri keçirməsək, həmin idmançılar beynəlxalq yarışlar zamanı dopinq qalmaqalına görə cəzalandırılacaqlar. Təsəvvür edin ki, idmançı Olimpiya Oyunlarında medal qazanır və bir aydan sonra dopinqə görə onun medalı əlindən alınır. Təbii ki, bu həm idmançının yarışlardan diskvalifikasiya olunmasına, həm də ölkənin beynəlxalq səviyyədə imicinə çox böyük zərər vuracaq.  Dövlət həmin idmançılara çox böyük məbləğdə maliyə vəsaiti xərcləyir. Əgər bu işin qarşısı daha erkən alınarsa, sonradan bu qədər problemlər və qalmaqallar yaranmaz. Bundan başqa həmin idmançı digər komanda yoldaşının haqqını da əlindən almış olur. Bu, düzgünlükdən çox uzaqdır. İdman qaydalar üzərində qurulub. Əgər sən əsas qaydaları pozursansa, idmandan uzaqlaşmalısan. İdmançılar bu gün cəmiyyətdə seçilmiş insanlardır. Onlar öz hərəkətləri, nizam-intizamı, psixologiyası ilə yeniyetmə və gənclərə örnək olmalıdırlar. Hər bir güclü atlet ardınca, yeni gənc idmançıların yetişməsinə vasitəçi olur. Bunun üçün də atletlərimiz çalışmalıdırlar ki, mənfi hallardan uzaqlaşsınlar və gənclərə hərtərəfli örnək olsunlar”, - deyə AMADA-nın direktoru qeyd etdi.  
Biz də inanırıq ki, Azərbaycan Milli Antidopinq Agentliyi ölkəmizdə idmanın təmizliyinin qorunması və ən əsası idmançılarımızın beynəlxalq arenalarda sağlam rəqabət aparması istiqamətində hələ çox uğurlu layihələr həyata keçirəcək. Bu işdə AMADA-ya uğurlar arzulayırıq.
 
Azər Əlizadə


72152 oxunub

InvestAZ