Baş nazir Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.
319 oxunub