XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



““Barselona” bahalı bir “Ferrari” alıb, onu “Fiat” kimi sürürdü”
İdman 15:30 / 25.12.2024
Dünya futbolununu əfsanələrindən biri olan isveçli Zlatan İbrahimoviçin həyatı haqqında yazılan "Mən Zlatanam” kitabı 2011-ci ildə işıq üzü görüb. Avtobioqrafik memuarın müəllifi tanınmış isveçli yazıçı David Laqerkrantsdır. 332 səhifədən ibarət kitabda futbolçu haqqında müxtəlif məlumatlar yer alıb. 2017-ci ildə bestsellerə çevrilən kitabdakı maraqlı xatirələri "Olimpiya dünyası” olaraq çoxsaylı oxucularımıza təqdim edirik.

Kitabın ilk memuarında Zlatan İbrahimoviç "Barselona”da oynadığı dövrdən danışıb və baş məşqçi Pep Quardiola ilə münasibətinə açıqlama verib. 

"Heç kimdən artıq deyilsən!”

Həmin vaxt "Barselona”nın baş məşqçisi Pep Quardiola idi. Əynində boz rəngli kostyumu olan bu ispaniyalı mənə yaxınlaşıb, başdan ayağa süzdü. Doğrusu, bu yanaşma mənə xoş gəlmədi. Mourinyo və Kapello ilə müqayisədə onu heç cür "yaxşı oğlan” kimi qəbul etmədim. Bu münasibətin çox maraqlı bir tarixçəsi var. 2009-cu ilin payız ayında mən uşaqlıq arzuma çatmışdım. Dünyanın ən yaxşı klublarından birində - "Barselona”da çıxış edirdim. Təxminən 70 min azarkeşin toplaşdığı "Kamp Nou”da bu arzumun dadını çıxarırdım. Sanki səmada uçurdum. Həmin vaxt qəzetlərdə mənim barəmdə "pis oğlan” sözlərinə rast gəlmək mümkün deyildi. Həyat yoldaşım Helena və övladlarım özlərini rahat hiss edirdilər. Bizə Espluges-de-Lobreqatda ev vermişdilər. Bir sözlə, mənim futboldan başqa heç nəyi düşünməyə ehtiyacım yox idi.
- Məşqdə olarkən ey, sən - deyə Qvardiola mənə nifrət dolu müraciət etdi. - Biz səndən fərqli olaraq səmada deyilik. Ayağımız torpağa dəyir.
- Bəli, - dedim, - Əlbəttə.
- Bizim heç birimiz məşqə "Ferrari” və "Porshe”də gəlmirik - dedi.
Mənə deyilən bu sözü ciddi qəbul etmədim. Susmaqla onu daxilən daha da narahat etdim. Mənə maraqlıdır ki, sənin nə işinə qalıb, mən məşqə hansı maşınla gəlirəm? Doğrusu mən buna lovğalıq deyə bilmərəm. Lovğalıq bəzilərinin bahalı maşınlarını səkidə saxlayıb, kənardan reaksiyaları müşahidə etməsidir. Mən demirəm ki, avtomobili sevmirəm. Əksinə, avtomobil mənim ehtirasımdır. Bu replikadan belə qərara gəldim ki, Pep mənə - heç kimdən artıq deyilsən! - demək istəmişdi. Həm də başa düşdüm ki, "Barsa” bir məktəbdir. Komanda yoldaşlarımın hər biri ilə xoş münasibətim var idi. Həmin ərəfədə köhnə dostum Maksvel də çıxış edirdi. Onunla "Ayaks” və "İnter”də bu klubların idman şərəfini qorumuşduq. "Barsa”da həmin vaxt heç kim özünü superulduz kimi aparmırdı. Hətta Messi, Xavi, İnyesta və digərləri özlərini məktəbli kimi aparırdılar. Onların həmin vaxt özlərini bu cür aparması mənə bir təhər gəlirdi. Axı bu necə ola bilərdi? Doğrusu, hərdən onlara baxıb gülürdüm. Əgər İtaliyada baş məşqçi məşq zamanı deyirsə, tullanın, həmin vaxt oyunçular soruşurdular: "Tullanaq? Axı biz niyə tullanmalıyıq”.
Tədricən onlar kimi olmağa çalışdım. "Barsa”da çox mehriban və yumşaq olmuşdum. Agentim Mino Rayola dostum kimi məndən soruşmuşdu: "Zlatan, sənə nə olub? Səni tanıya bilmirəm”.

"Dəcəl bir uşağın əlinə böyük bir çomaq vermişdilər”

Hiss edirdim ki, məni tanıyanlar üçün artıq maraqsız və darıxdırıcı olmuşam. Halbuki, "Malmö”də oynayanda özümün şəxsi fəlsəfəm var idi. Yürüşümün tək pilotu elə mən özüm idim. Qaydalar mənim üçün qəbuledilməzdir. Kiməsə yaltaqlıq edəndə, özümü aciz, təhqirolunmuş hesab edirdim. Mənim lügətimdə bu yanaşmalara aid söz yoxdur. Əgər bir sözü deməliyəmsə, mütləq deyəcəm. Özü də dərhal. O sözdən sonra nə reaksiya olacaqsa, olsun. Ona da hazıram. "Malmö”də olanda hər şey fərqli idi. İstədiyim kimi hərəkət edə bilirdim. Futboldakı çıxışlarım isə möhtəşəm idi. "Barsa”da isə həmin Zlatan sanki buxovlanmışdı. Futbolun ən bahalı transferlərindən biri kimi tarixdə qalmışam. Azarkeşlər məni öz xarakterimə görə daha çox sevirdilər. Necə ola bilərdi ki, bir klub, bu cür insanı məngənədə saxlasın. "Barsa”da əlimdən gələni etməyə hazır idim. İstəyirdim ki, mənə göstərilən etimadı doğruldum. Lakin bilirdim ki, bu kluba keçməklə böyük bir səhv etmişəm. Meydanda canımı qoyurdum. Lakin oyunumdan heç cür ləzzət ala bilmirdim. Bir məqamda futboldan bezdim. Onu birdəfəlik tərk etmək qərarını verdim. "Barsa” ilə heç nə alınmırdı. Müqaviləni isə pozmaq istəmirdim. Axı mən peşəkaram. Həmin ərəfədə Milad tətili başlamışdı. Daxilimdə yığılıb qalan aqresiyanı, dəlilikləri necəsə çıxarmalı idim. Buna görə də Oreyə (İsveçdə dağ-xizək kurortu-red) gedib, orada qar maşını icarəyə götürdüm. Daxilimdə buxovlanmış hissləri sükan arxasında çıxarırdım. Məni saxlamaq mümkün deyildi. Əsl Zlatanı bu cür görmək olardı. Hərdən əsəblərimi sakitləşdirmək üçün öz "Porshe”mlə sürət həddini aşmağı xoşlayıram. Hətta bir dəfə saatda 325 km sürətlə polis təqibindən qaça bilmişdim. Tətil zamanı bütün aqressivliyimi bu yolla çıxardım. Nəticədə adrenalin dozasını ala bildim. Nəhayət ki, əsl Zlatan geri qayıtmışdı. Fikirləşirdim ki, axı mən niyə belə edirəm? Mənim hər şeyim var, mən varlıyam. Necə ola bilərdi ki, mən bir axmaq baş məşqçinin tələbləri qarşısında aciz qalım? Tətildən qayıdanda İspaniyada qar yağmışdı. İspanlar qardan qorxurdular. Onlar təbiətin bu möcüzəsini təhlükə kimi hesab edirlər. Nə var ki, bir az qar yağıb, hamı evə çəkilib, maşınlar hərəkətsiz qalıb. Hətta mənim axmaq piyli dostum Mino köpək kimi evində soyuqdan əsirdi. Mən ona demişdim ki, dostum, qışda çölə yay ayaqqabısı və yüngül gödəkçə ilə çıxmaq olmaz. Onu boğmaq istəyirdim.
"Audi”ni götürmək fikrini o, mənim beynimə salmışdı. Sanki dəcəl bir uşağın əlinə böyük bir çomaq vermişdilər. Mən də sürət həddini aşıb, şəhərdə qəza törətmişdim. Divara çırpılan "Audi”m əbədi olaraq yararsız hala düşmüşdü. Mən İspaniyada bax bu cür yaşayırdım. O vaxta qədər ki, Messi peyda olmamışdı.

O, qeyri-adi bir oyunçudur. Hər bir mənada qeyri-adidir, desəm, yerinə düşər. Onu yaxşı tanıyıram. Biz çox fərqlənirik. Messi 13 yaşında "Barselona”ya gəlib, həmin ab-havada formalaşmışdı. Bu lənətə gəlmiş məktəbdə onun üçün heç bir maneə yox idi. Mənə qədər o, xeyli qol vurmuşdu. Lakin qol sayında gəlib, onu qabaqlamışdım. Mənə demişdilər ki, o mənim uğurlu çıxışımdan məmnun deyil. Quardiolaya şikayət etmişdi.
- Mən daha sağ kənarda oynamaq istəmirəm. Ümumiyyətlə, mərkəzdə mənə yer verməlisən.
Bu, mənə qarşı çıxmaq idi. Axı mərkəzdə mən oynayırdım. Pep nədənsə bunu birbaşa etməmişdi. O, sadəcə taktikanı dəyişmişdi. 4-3-3-dən 4-5-1 taktiki düzülüşə keçmişdi. Hücumun sivri ucunda Messi mənim yanımda yer almışdı. Bu taktiki dəyişiklikdən sonra oyun tərzim kölgə altında qalmışdı. Bütün ötürmələr Messidən keçirdi. O isə... Meydanda olanda sərbəstliyi sevirəm. Bu uşaqda paxıllıq hədsiz dərəcədə idi. Pep də ona qulaq asırdı. Buna baxmayaraq, mən "Barselona”da qolları sıralayırdım. Meydanda canımı qoyurdum. Peplə nədənsə bir oyunçu ilə kifayətlənmirdi. Lənət olsun. Əgər o, bunu bacarmırdısa, nə üçün məni almışdı. Bu qədər pul müqabilində məni oyunçu kimi məhv etmək belə asan idi? Quardiola seçim qarşısında qalmışdı. İkimizdən birini mütləq qurban verməli idi. Rəhbərlik artıq həyəcanlı anlar yaşayırdı. Bu qədər pul xərcləyib, onu göyə sovurmaq mümkün deyildi. Hiss edirdim ki, Pep qorxaq bir qərar verəcək. Özümü də pis hiss edirdim. "Barselona”nın idman direktoru Çiki Beqirstain məni məşqçi ilə üzbəüz qoydu.
- Özün qərar ver.
Belə vəziyyətdə qərar verməyi bacarıram. Yaxın dostlarımdan biri demişdi. Zlatan, bilirsən bu, nəyə oxşayır? Təsəvvür et ki, "Barselona” bahalı bir "Ferrari” alıb, lakin onu "Fiat” kimi sürür. Bu söz xoşuma gəlmişdi. Quardiola məni adi bir oyunçuya çevirmişdi. Buna görə də komanda çox əziyyət çəkirdi. Məqam gözləyirdim ki, Peplə üzbəüz dayanıb, sözümü deyim.
Onunla mübahisə etmək istəmirdim. Sadəcə, yaxınlaşıb dedim:
- Mən döyüşmək istəmirəm. Sadəcə, bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Onun üzünə baxanda hiss etdim ki, məndən çəkinir. Heç gözlərimə də baxmır. Bir daha təkrar etdim.
- Əgər siz düşünürsünüzsə mən döyüşəcəm, o zaman mən getməliyəm. Sadəcə, sizinlə danışmaq istəyirəm.
- Yaxşı. Mən oyunçularla söhbət etməyi xoşlayıram.
- O zaman qulaq asın, - mən dedim. - Siz mənim imkanlarımdan istifadə edə bilmirsiniz. Əgər sizə bombardir lazım idisə, o zaman İnzaqini və ya başqasını alardınız. Mən sərbəst oyunçuyam. İstəyirəm ki, meydanda heç kim mənə mane olmasın. Mütəmadi olaraq, ora-bura qaçmaq mənlik deyil.

Bədənimdə 98 kq çəki gəzdirirəm. Bu, mənim səbəbsiz yerə qaçmağım üçün böyük bir göstəricidir.
O, düşündü. Onun bir anlıq fikrə getmək xüsusiyyəti var.
- Lakin mən düşünürəm ki, siz bunu bacaracaqsınız.
- Mümkün deyil. Əgər istəmirsinizsə, məni ehtiyat oyunçular skamyasında əyləşdirin. Bu qərarınıza hörmətlə yanaşaram. Sizi başa düşürəm. Lakin onu deyim ki, siz məni göz görə-görə qurban verirsiniz. Siz "Ferrari” alıb, onu "Fiat” kimi idarə edirsiniz. O, yenə düşünməyə başladı. Yaxşı, bunun səhv olduğunu yaxşı başa düşürəm. Bu, mənim problemimdir. Mümkün variantlar üzərində işləyirəm.
Çox xoşbəxt idim. "Axı o, mümkün variantlar üzərində işləyir”.
Pep kinli bir insandır. O xoşlamır ki, kimsə ona ağıl versin. Mənim sözlərim ona pis təsir etmişdi. Soyuq münasibət başlamışdı. Məşqlərdə və meydanda onun diqqətini hiss etmirdim. Bunu başqaları da görürdü. Elə mən də Pepi adam yerinə qoymurdum. Yeni mövqemdə daha da parlaq çıxış etməyə başladım. Qolların da ardı-arası kəsilmirdi. Düzdür, İtaliyada bundan çox qol vurmuşdum. Heyətdə ən ucaboy futbolçu kimi görünmək mənə xoş idi. Mən "İbrakadabra”ya çevrilmişdim. UEFA Çempionlar Liqasının yarımfinal oyununda "Emirates” stadionunda keçirilən oyunda "Arsenal”ın qapısına 2 gözəl qol vurdum. Düşündüm, bax Quardiola, mən öz oyunumu oynayıram. 77-ci dəqiqədən sonra məni əvəz edib, Anrini oyuna daxil etdi. Zədələnmişdim. Belimdəki ağrı Pep üçün maraqlı deyildi. Həmin oyunda "Arsenal” ardıcıl iki qol vurub, hesabı bərabərləşdirdi. Zədəli Zlatan "Barselona” üçün böyük bir itki idi. Bunu mən özüm barəsində əminliklə deyirəm. Üç həftə zədə səbəbindən məşqlərdə iştirak etmədim. Bu müddət ərzində bir dəfə də olsun, o mənimlə maraqlanmadı. Belə bir insan təsəvvür edirsiniz? Komanda bir yerə toplaşanda, mən içəri daxil olan kimi, o, bir bəhanə ilə otağı tərk edirdi. Nə baş verirdi? Axı mən nə etmişdim? Onun gözünə əcaib görünürdüm? Yoxsa danışığım ona xoş gəlmirdi? Bu suallar beynimi çox yükləmişdi. Gecələr də yata bilmirdim. Nə qədər düşünmək olar? Niyə mən Quardiolanın diqqətindən kənarda qalmışdım? Artıq bu düşüncələr məndə nifrət qığılcımları yaratmışdı. Bu barədə Tyeri Anridən ehtiyat oyunçular skamyasında oturanda soruşdum. Anri Fransa yığmasının ən məhsuldar futbolçusudur. O, əsl insandır. Bilirsiniz, nəyə görə bu barədə Anridən soruşdum? Ona görə ki, Quardiola onu da bəyənmirdi.
- O, niyə belə edir. Gözlərimə də baxmır? Nə məsələdir?
- Başa düşmürəm, - deyə Anri cavab verdi.
Bu sualım Anriyə çox xoş təsir bağışlamışdı. Tez-tez mənimlə zarafatlaşırdı. Ey, Zlatan, o bu gün sənə baxıb?
- Yox bu gün mən onu kürəyindən görmüşəm.
- Təbrik edirəm, deyəsən, vəziyyət düzəlir.
Mən gülürdüm. Amma bu gülüşümün daxilində əsəb gizlənmişdi. Mən nə etmişəm, nə baş verir? Bu suallarım cavabsız olaraq qalırdı. Aramızda hündür bir divar hörülmüşdü. Fürsət düşən kimi, ona yaxınlaşdım. Düz, gözlərinə baxdım. Hiss edirdim ki, o qorxur. Mənə cavab verməyə cəsarəti çatmır. Ondan soruşdum:
- Bütün bunlar nə deməkdir?
İnanırsınız, o, bir kəlmə də olsun söz demədi. Daxilimdə sinir son həddə çatmışdı. Sualıma cavab verməyib, çıxıb getdi. Mən başa düşürdüm. Bildim ki, onun məktəbində "yaxşı oğlan”lara yer yoxdu. Onun rəhbərliyi altında gərək susasan, uşaq kimi ora-bura qaçasan. Bu səbəbdən də "Barsa” ilə vidalaşdım. Pepin isə adı gələndə birtəhər oluram.

(ardı var)

Hazırladı:
Anar Əhmədov

610 oxunub

InvestAZ