XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



“Judo Club 2012” - böyük ənənələrə sadiq idman klubu
İdman 13:41 / 25.12.2024
Cüdo bu gün ölkəmizdə böyük populyarlıq qazanan idman növlərindən biri sayılır. Ötən əsrin 70-ci illərindən "Gündoğar ölkə”dən Xəzər sahillərinə gətirilən bu "yapon əsilli” idman növü qısa zaman ərzində yeniyetmə və gənclər arasında böyük rəğbətlə qarşılanıb. Azərbaycan təmsilçilərinin əldə etdiyi yüksək nəticələr də cüdonun ölkəmizdə uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir.

Cüdonun ölkəmizdə sevilməsində və uğurlu nəticələr əldə edilməsində müxtəlif klub, cəmiyyət və idman ocaqlarının böyük rolu var. Belə klublara son illərdə böyük nüfuz qazanan "Judo Club 2012”ni nümunə göstərmək olar. Azərbaycan Cüdo Federasiyasının əsas dayaq sütunlarından biri olan klub adından da göründüyü kimi, 2012-ci ilin fevral ayında yaranıb. Klubun təsisçisi "Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovdur. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etmək məqsədi ilə təsis edilən klubun açılış mərasimində Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. Bu gün klubda 450-ə yaxın idmançı cüdo, karate, aykido, idman gimnastikası və akrobatika bölmələrində məşq edir.
Ölkəmizdə idmanın inkişafında, yığma komandalarımızın uğurlarında müstəsna rol oynayan "Judo Club 2012” klubu başa çatmaqda olan 2024-cü ili uğurla başa vurur. Klubun təmsilçiləri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər. Bu günlərdə klubun idman zalında "Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynovla görüşüb, il ərzində əldə olunan nəticələr, qazanılan uğurlar və həyata keçirilən tədbirlər barədə söhbət etdik. Klub nümayəndəsi söhbət zamanı "Judo Club 2012”nin idmançılarının 2024-cü ildə 116 medal qazandığını və əldə olunan nailiyyətlərin qənaətbəxş olduğunu xüsusilə qeyd etdi.
"Klubumuzda əsasən cüdo idman növünə böyük üstünlük verilir. Bu idman ocağı 450-ə yaxın idmançını bir araya toplayır ki, onlardan da 300-ü məhz cüdonun hərarəti ilə isinir. Sevindirici haldır ki, klubumuzun idmançıları Olimpiya ilində cüdo, karate və akrobatika idman növləri üzrə yarışlarda ümumilikdə 41-i qızıl, 28-i gümüş və 47-si bürünc olmaqla, ümumilikdə 116 medal qazanıblar. Ötən il qazanılan medallardan 101-i (34 qızıl, 22 gümüş, 45 bürünc) cüdoçuların payına düşüb. Cüdoçularımız Bakı və Azərbaycan birinciliklərində, ACF Kuboku yarışlarında, həmçinin beynəlxalq arenalarda klubun idman şərəfini layiqincə qoruyublar. Təmsilçilərimiz həmçinin bu növ üzrə keçirilən komanda yarışlarında da uğurla çıxış ediblər. Klubun üzvləri ilin sonunda yüksək səviyyədə təşkil edilən Azərbaycan çempionatının komanda yarışında kişilər arasında birinci, qadınların mübarizəsində isə üçüncü yeri tutub. Yeniyetmə cüdoçularımız isə ilin son yarışı olan Bakı birinciliyində 4 qızıl, 2 gümüş və 7 bürünc medalla komanda hesabında ikinci pillədə qərarlaşdılar. İdmançılarımız ölkədaxili yarışlarla yanaşı, həmçinin, beynəlxalq turnirlərdə də uğurla çıxış ediblər. "Judo Club 2012”nin idmançıları il ərzində beynəlxalq yarışlarda 40 (19 qızıl, 9 gümüş, 12 bürünc) medala layiq görülüb ki, bu medallardan da 31-i (15 qızıl, 5 gümüş, 11 bürünc) cüdoçuların, 9-u (4 qızıl, 4 gümüş, 1 bürünc) isə karateçilərin payına düşüb. Sözsüz ki, klubun ən uğurlu nəticəsi, Zelim Kotsoyevin adı ilə bağlıdır. Belə ki, o, Əbu-Dabidəki dünya çempionluğunun ardından Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunlarında qızıl medala layiq görüldü. Klubun digər istedadlı yetirməsi Murad Fətiyev bu il -90 kq çəki dərəcəsində "Böyük Dəbilqə” turnirində qızıl, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən həmin yarışda isə bürünc medala yiyələnib. "Judo Club 2012”nin gənc cüdoçuları da bu il uğurla çıxış edərək qazanılan uğurlarda pay sahibi olublar. Onlardan Fidan Əlizadə (-57 kq) bu ilin sentyabr ayında Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa birinciliyində, eyni zamanda noyabr ayında Polşanın Pila şəhərində təşkil olunan 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatında qızıl medal qazanıb. Fidan Əlizadə ilə yanaşı, Polşadakı yarışda klubumuzun digər istedadlı üzvü Hüseyn Allahyarov (-60 kq) da qızıl medala layiq görülüb.
Gənc və perspektivli idmançılardan olan Tuncay Şamil, Süleyman Əliyev, Məhərrəm İmamverdiyev, Məhəmməd Ağakişiyev, Səid Şərifov, Zeyd Ələsgərov və digər istedadlı idmançılarımız da həm ölkədaxili, həm də beynəlxalq arenalardakı uğurlu çıxışları ilə klubumuza medallar qazandırıblar. Bundan başqa idmançılarımız Azərbaycan Cüdo Federasiyası və "Judo Club 2012” klubunun təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turnirində isə 2 qızıl, 2 bürünc medala layiq görülüblər. Klubumuz bu il komanda yarışlarında da inamlı təsir bağışlayıb. Belə ki, "Azman Holdinq”in tərkibinə daxil olan "Judo Club 2012” idman klubunun təşkilatçılığı, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən 21 yaşadək cüdoçular arasında ənənəvi V "Raquf Orucov Kuboku” klublararası beynəlxalq cüdo turniri komandamızın qələbəsi ilə yadda qaldı. Əldə olunan nəticələrə əsaslansaq, qazanılan uğurları qənaətbəxş hesab etmək olar”, - deyə Fariz Hüseynov bildirdi.
Olimpiya dərəcəli hakim klubun həmçinin bir sıra idman tədbirlərinin təşkilində də yaxından iştirak etdiyini deyib. Bakıda ənənəvi "Raquf Orucov Kuboku” və Lənkərandakı Həzi Aslanov turnirinin təşkilatçılarından olan klub bir sıra layihələrdə də iştirak edib. "Bu il "Cüdo Klub 2012” İctimai Birliyinin tərəfdaşı olduğu II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Klub olaraq belə layihələrdə iştirak etmək bizim üçün qürurvericidir. Avqustun 31-də "Mangal Steak House - Zagulba” restoranında Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdosunun tarixi nəticələrinə həsr olunmuş şam yeməyi təşkil edilib. Mərasimdə "Azman Holdinq” şirkəti tərəfindən cüdo üzrə Olimpiya çempionları - Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevə yeni mənzillərin orderləri təqdim edilib. Tədbirdə həmçinin Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov və Zelim Kotsoyevin şəxsi məşqçisi Elxan Məmmədov da "Azman Holdinq” şirkəti tərəfindən yeni mənzil və digər hədiyyələrlə təltif olunublar.
Biz inanırıq ki, ölkəmizdə idmanın inkişafına doğru yönəlmiş bu layihələr növbəti illərdə də davam edəcək. Usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu olan Azər Əsgərov bu gün idmana və idmançılara hərtərəfli dəstək olur. Klubumuzda idmançılar üçün çox gözəl şərait yaradılıb. Bunun üçün klubun rəhbərliyinə, xüsusən də Azər müəllimə minnətdarlığmı bildirirəm”, - deyə klubun idman direktoru vurğuladı.


"Gələn il də yüksək nəticələr uğrunda mübarizə aparmağa çalışacağıq”

Fariz Hüseynov klubun gələcək hədəflərindən danışarkən isə 2025-ci ildə klubun məşqçilərinin və idmançılarının qarşısına konkret məqsədlər qoyulduğunu qeyd edib. "Ölkədə qabaqcıl cüdo klublarından olmaq, cüdonun kütləviliyini artırmaq, eyni zamanda cəmiyyətə sağlam vətəndaş yetişdirmək bu gün əsas məqsədlərimizdəndir. Bildiyiniz kimi, ölkəmizdə qızlar arasında cüdo idman növünün kütləviləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların sayının artırılması Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Paytaxtın tanınmış idman klublarından olan "Judo Club 2012”də də bu məqsədlə yeni layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü Azər Əsgərovun təqdimatı ilə ikiqat Avropa çempionu yeddiqat Avropa, ikiqat dünya mükafatçısı, beynəlxalq turnirlərin qalib və mükafatçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Klubda həmçinin qızlar üçün cüdo dərsləri ödənişsiz olaraq təşkil olunur. Bir məsələni də qeyd edim ki, yaxın vaxtlarda "Judo Club 2012”nin Qusar filialının açılış mərasimi olacaq. Belə ki, məşqçi Mirzəbala Səfərovun rəhbərliyi altında Qusardakı filialımızda yeniyetmə və gənc idmançılarımız cüdonun sirlərinə yiyələnəcəklər. Bundan başqa gələcək planlarımızda "Judo Club 2012”nin digər regionlarda, xüsusən də işğaldan azad edilmiş bölgələrimizdə filiallarının açılması nəzərdə tutulub. Bir sözlə, gələn il də yüksək nəticələr uğrunda mübarizə aparmağa çalışacağıq”.
Klubda olduğumuz müddətdə "Judo Club 2012”nin cüdo bölməsi üzrə baş məşqçisi, dünya və Avropa çempionatlarının bürünc mükafatçısı İlqar Müşkiyevlə də həmsöhbət olduq. Altı aydır ki, klubun baş məşqçisi vəzifəsində çalışan gənc mütəxəssis gələcəkdə rəqabətədavamlı komanda yaratmaq üçün səylə çalışdıqlarını bildirdi. "Baş məşqçi təyin olunduqdan sonra klubun yaş qrupları üzrə komandalarını müəyyənləşdirdik. Hazırda klubun birinci nömrəsi ilə yanaşı, ikinci və üçüncü nömrələrinin də yaradılması üzərində işləyirik. Klubun idmançılarının qarşısına tək Azərbaycan Kubokunu deyil, eyni zamanda Avropa Kubokunu da qazanmaq məqsədi qoyulub. Biz həmçinin gələn il keçiriləcək klublararası Avropa çempionatında "Judo Club 2012” adı ilə təmsil olmaq istəyirik. Əsas məqsədimiz klubumuzu beynəlxalq arenalarda təmsil etmək və Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır”, - deyə İlqar Müşkiyev bildirdi.
Gənc mütəxəssis söhbət zamanı klubun məşqçilər heyətində dəyişikliklərin də istisna olmadığını dedi: "Bu gün rəqabətədavamlı komanda yaratmaq üçün yeni məşqçilərin cəlb olunması və nəticəsi aşağı olan məşqçilərlə klubun yollarının ayrılması nəzərdə tutulub. Klubun rəhbərliyi idmançılar və məşqçilərə hərtərəfli şərait yaradıb. Biz məşqçilər və idmançılar da bu qayğıdan yararlanaraq maksimum nəticə qazanıb, bu etimadı doğrultmalıyıq. Belə bir klubun nəticələri hər zaman yüksək olmalıdır. Bu, həm aşağı yaş qruplarına, həm də böyüklərə şamil edilir”.


"Cüdo ilə məşğul olan qızların sayında böyük artım oldu”

Bir müddət əvvəl "Judo Club 2012”nin cüdo üzrə qızlardan ibarət komandasının baş məşqçisi təyin edilən tanınmış idmançı Kifayət Qasımova isə belə bir klubda çalışmağın böyük şərəf olduğunu qeyd etdi. "Klubun təsisçisi AzərƏsgərov idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərir. Belə bir insanla çalışmaq bizim üçün böyük şərəfdir. İdmançını başa düşən bir rəhbərimiz var. Bu gün həmçinin Azərbaycan Cüdo Federasiyası qızların cüdoya cəlb olunmasına çox üstünlük verir. Bunun üçün "Qızlara ağ yaraşır” və digər müxtəlif layihələr həyata keçirilir. "Judo Club 2012”də bu layihələrdə fəal iştirak edir. Klubda qızlar üçün məşqlər təmənnasız olaraq keçirilir. "Qızlara ağ yaraşır” layihəsindən sonra cüdo ilə məşğul olan qızların sayında böyük artım oldu. Gələn ildən qızların cüdoya cəlb olunması üçün böyük planlarımız var. Bunun üçün müxtəlif turnirlər təşkil etməyi, habelə orta məktəblərdən seçim etməyi də planlaşdırırıq. İnanıram ki, növbəti illərdə qızlardan ibarət komandamız ölkə çempionatında birinci yeri tutacaq. Həm geyim, həm Olimpiya növü olması, dünyada böyük populyarlıq qazanması, həm də sağlamlıq baxımından qızları cüdo ilə məşğul olmağa dəvət edirəm” - deyə Kifayət Qasımova qeyd etdi.
"Judo Club 2012”nin bu vaxtadək qazandığı uğurlar görülən məqsədyönlü işlərin göstəricisidir. İnanırıq ki, yarandığı gündən peşəkar kollektiv və təcrübəli mütəxəssislərə etibar edərək, böyük uğurlar qazanan klubun yüksək nailiyyətləri növbəti illərdə də davam edəcək.

Azər Əlizadə


685 oxunub

InvestAZ