Gələn il bütün dünyanın diqqəti Fransanın paytaxtı Parisə yönələcək. Belə ki, Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar və məşqçilər artıq bu ildən etibarən bütün qüvvə və bacarıqlarını səfərbər etməyə başlayacaqlar. Hətta Oyunları idarə edəcək hakimlər də lazımi balları toplamalıdırlar ki, olimpiadada ədalət təmsilçisi kimi iştirak edə bilsinlər. Ədalət təmsilçilərindən söz düşmüşkən qeyd edək ki, Olimpiya kateqoriyalı hakimlərimizi də bu idman yarışında böyük sınaq gözləyir. Ağırlıqqaldırma idman üzrə tanınmış hakimimiz Vahid Nəzərov da Paris-2024-də ölkəmizi təmsil etməyi qarşıya məqsəd qoyub. Elə bu məqsədlə tanınmış mütəxəssislə görüşüb, mövzu ətrafında bir sıra maraqlı məqamları müzakirə etdik.
- Vahid müəllim, artıq karyeranız ərzində növbəti dəfə Olimpiya oyunlarının həyəcanını hakim kimi yaşayacaqsınız. Lakin bunun üçün bəzi yarışlarda iştirak etməlisiniz. Mümkünsə bu barədə oxucularımıza daha ətraflı məlumat verərdiniz.
- Çox sağ olun. Əvvəlcə qeyd edim ki, artıq 30 ildir ki, mən beynəlxalq miqyaslı yarışalarda ölkəmizi hakim qismində təmsil edirəm. Bu ilk baxışdan adi gələ bilər. Lakin bu müddət ərzində xeyli yarışlarda iştirak edərək, böyük təcrübə toplamışam. İstər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə kifayət qədər nüfuz və etimad qazanmışam. Artıq 7-ci dəfə olacaq ki, Olimpiadada iştirak edəcəyəm. Bu artıq rekord sayılır. Təvazökarlıqdan uzaq olsa da, ağırlıqqaldırmada yolumu rəqibsiz davam etdirirəm. Lakin yaş öz sözünü deməyə başlayır. İstərdim ki, bu sahədə yeni hakimlərimiz yetişsinlər. Şəxsən istərdim ki, oğlum Əliş mənim yolumu davam etdirsin. O ağırlıqqaldırma üzrə üç dəfə Azərbaycan çempionu olub. Dünya və Avropa çempionatlarının iştirakçısıdır. Beynəlxalq hakim kimi ikinci kateqoriyanın sahibidir. Hazırda təhsilini doktoranturada iqtisadiyyat üzrə davam etdirir. Eyni zamanda idmanı da unutmayıb.
O ki, qaldı Paris-2024-də iştirakıma, qeyd edim ki, bunun üçün biz hakimlər 5 mötəbər yarışda iştirak etməliyik. Həmin yarışlarda toplanılan yekun ballardan sonra hansı hakimin olimpiadaya vəsiqə əldə edəcəyi müəyyənləşəcək.
- Həmin yarışlar harada keçiriləcək? Bu barədə məlumatınız varmı?
- Əlbəttə. Lakin bu il üçün 3 yarışın yeri dəqiqdir. Bu il Avropa çempionatı Ermənistanda təşkil olunacaq. Aprel ayında qitənin ən güclü idmançıları İrəvanda podiuma çıxacaqlar. Hakimlər üçün ilk sınaq bu yarışdan başlayacaq. Sonra isə Səudiyyə Ərəbistanında dünya çempionatı keçiriləcək. Ər-Riyad şəhərindəki yarışın vaxtı hələ ki, müəyyənləşməyib. İlin daha bir lisensiya yarışına isə Qətər ev sahibliyi edəcək. Digər iki yarış isə novbəti ilin planına salınıb.
- Ermənistanda keçiriləcək yar
ışda ölkəmiz də iştirak edəcək?
- Federasiyadan bildiriblər ki, bəli komandamız Avropa çempionatında iştirak edəcək. Yekun qərar yaxın vaxtlarda açıqlancaq.
- Əgər komandamız İrəvandakı yarışa yollanmasa, siz hakim kimi qitə çempionatında iştirak edəcəksinizmi?
- Xeyr. Əgər millimiz bu yarışa getməsə, mən də İrəvana getməyəcəyəm.
- Federasiya rəhbərliyi ilə görüşünüz olurmu? Daha çox hansı məsələlərdən danışırsınız?
- Əlbəttə. Federasiya prezidenti İnam Kərimovla bir neçə dəfə görüşüb, ağırlıqqaldırma idman növünün perspektivləri və gələcək planlar barədə fikir mübadiləsi aparmışıq. Bu yaxınlarda bir araya gəlib, söhbət etdik. İnam müəllim bildirdi ki, mənim Olimpiya oyunlarında növbəti dəfə iştirakım çox böyük uğur olacaq. Federasiya həmin iştirak üçün əlindən gələni etməyə hazırdır. Mən də öz növbəmdə İnam müəllimə təşəkkürümü bildirdim. Qeyd etdim ki, bu etimadı layiqincə doğruldacağam.
Gənclər və İdman naziri Fərid Qayıbovla da görüşümüz çox səmimi olub. Bu görüşdə də ağırlıqqaldırmanın yenidən əvvəlki kimi uğur qazanması barədə söhbət etmişik. O, bizim kimi mütəxəssislərin qazandığı təcrübəni yüksək dəyərləndirib. Bu sahədə istənilən diqqət və qayğının göstəriləcəyini vurğulayıb.
- Vahid müəllim bir qədər idmandakı qazandığınız nailiyyətlərdən danışardınız.
- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, idmanda böyük nailliyətlər əldə etmişəm. 1971-ci ildən etibarən "Neftçi” idman cəmiyyətində ilk məşqlərimə başlamışam. Qısa zaman ərzində bir sıra uğurlara sahib olmuşam. Belə ki, 1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişəm.
1985-ci ildə ümumittifaq dərəcəli hakim adını qazanmışam. 1987-ci ildə Azərbaycanın Əməkdar məşqçisi adına layiq görülmüşəm. 1990-cı ildə beynəlxalq dərəcəli hakim adını almışam. Bundan başqa idman sahəsindəki xidmətlərimə görə Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülmüşəm.
Dünya, Avropa və Olimpiya Oyunlarında ədaləti qorumuşam. Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə Hakimlər Kollegiyasının prezidenti olmuşam.
36 ildir ki, "Təhsil” Respublika İdman Mərkəzində baş məşqçi vəsifəsində çalışıram. Bu illər ərzində SSRİ idman ustası, beynəlxalq dərəcəli idman ustası və əməkdar idman ustası hazırlamışam. Müstəqillikdən sonra Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti və yığma komandanın baş məşqçisi vəzifəsində çalışmışam. Bu dövr ərzində Avropa və dünya çempionları, mükafatçıları hazırlamışam. Dəfələrlə ilin ən yaxşı hakimi seçilmişəm. 2005-ci ildə mənə dövlətimiz tərəfindən mənzil hədiyyə olunub. Bir sözlə, idmandakı yorulmaz fəaliyyətim dövlət tərəfindən layiqincə qiymətləndirilib.
Anar Əhmədov
26779 oxunub