SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü

Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü  

Digər

Bugün, 13:05

Azərbaycan xalqının dövlətçilik tarixi əsrlərin dərinliklərindən qaynaqlanır. Bu tarixin ən mühüm səhifələrindən birini müstəqil dövlətimizin hüquqi əsaslarının yaradılması, milli iradənin ali qanun səviyyəsində təsbit edilməsi və konstitusiya quruculuğunun formalaşdırılması təşkil edir. Konstitusiya dövlətin siyasi, hüquqi və ictimai həyatının əsas prinsiplərini müəyyənləşdirən, dövlət hakimiyyətinin təşkili qaydalarını, vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətlə dövlət arasındakı münasibətləri tənzimləyən ali hüquqi sənəddir. 

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, müstəqillik uğrunda mübarizəsinin, milli iradəsinin və müasir dövlət quruculuğu məqsədlərinin hüquqi ifadəsidir. O, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün və milli birliyimizin əsas hüquqi təminatıdır. 

Konstitusiya quruculuğunun tarixi kökləri 

Azərbaycanda müasir konstitusiya quruculuğunun ilkin siyasi və hüquqi əsasları 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə qoyulmuşdur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın dövlətçilik tarixində əlamətdar hadisə idi. 

Həmin gün qəbul edilmiş İstiqlal Bəyannaməsi dövlət müstəqilliyimizi, xalqın suverenliyini, demokratik idarəçilik prinsiplərini və vətəndaşların hüquq bərabərliyini təsbit edirdi. Qadınlara seçki hüququnun verilməsi, irqindən, milliyyətindən, dinindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyinin tanınması Cümhuriyyətin demokratik mahiyyətini nümayiş etdirirdi.

Təəssüf ki, 1920-ci ilin aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu müstəqil dövlətin Əsas Qanununun qəbul edilməsinə imkan vermədi. Bununla belə, İstiqlal Bəyannaməsi milli dövlətçilik və gələcək konstitusiya quruculuğumuzun ideya təməli kimi tarixdə öz yerini qorudu.

Sovet hakimiyyəti dövründə Azərbaycanın ilk yazılı Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edildi. Sonrakı illərdə 1927, 1937 və 1978-ci illərdə yeni konstitusiya mətnləri qəbul olundu. Xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi mühüm tarixi hadisə idi. Bu müddəanın Əsas Qanunda yer alması Heydər Əliyevin prinsipial mövqeyinin və milli maraqlara sədaqətinin nəticəsi idi. Həmin addım mürəkkəb sovet siyasi şəraitində milli dilimizin və kimliyimizin qorunmasına mühüm töhfə verdi. 

Müstəqil Azərbaycanın Əsas Qanununun qəbulu 

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi Azərbaycan xalqının azadlıq və müstəqillik arzusunun gerçəkləşməsi idi. Lakin müstəqilliyin bərpası yeni dövlətin hüquqi əsaslarının yaradılmasını, idarəçilik sisteminin formalaşdırılmasını və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini zəruri edirdi. 

Bu tarixi vəzifənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 1995-ci ilin mayında yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Layihənin hazırlanmasında beynəlxalq hüquq təcrübəsi, demokratik dövlətçilik prinsipləri və Azərbaycanın milli xüsusiyyətləri nəzərə alındı.

Geniş ictimai müzakirələrdən sonra layihə ümumxalq səsverməsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, noyabrın 27-də isə qüvvəyə mindi.

Bu hadisə müstəqil dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin gündən etibarən 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Konstitusiyanın ilkin mətni 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət idi. Əsas Qanun Azərbaycanı demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi təsbit etdi. Dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması, hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, insan hüquq və azadlıqlarının qorunması onun fundamental prinsipləridir. 

Ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin konstitusiya quruculuğunda xidmətləri 

Müstəqil Azərbaycanın konstitusiya quruculuğu tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Məhz onun siyasi iradəsi, dövlətçilik təcrübəsi və uzaqgörənliyi nəticəsində müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edildi. 

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi islahatların genişləndirilməsi, dövlət institutlarının müasirləşdirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıldı.

Bu baxımdan 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilməsi məsələsi ümumxalq səsverməsinə çıxarıldı. Referendum nəticəsində dövlət idarəçiliyinin institusional mexanizmləri təkmilləşdirildi, Birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis olundu, prezidentlik müddəti və digər idarəçilik məsələləri ilə bağlı konstitusion müddəalar yeniləndi.

Bu dəyişikliklər ölkənin idarəçilik sisteminin çevikliyinin artırılması, dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasir çağırışlara uyğun hüquqi mexanizmlərin formalaşdırılması baxımından mühüm mərhələ oldu.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət quruculuğunun əsas istiqamətlərindən biri də konstitusiyanın müəyyən etdiyi suverenlik, ərazi bütövlüyü və dövlət müstəqilliyi prinsiplərinin real həyatda təmin olunması olmuşdur. Dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi və sosial inkişaf, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin gücləndirilməsi bu siyasətin mühüm istiqamətləridir. 

Konstitusiya islahatları – inkişafın hüquqi təminatı 

Azərbaycan Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Bu islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin genişləndirilməsi və müasir idarəçilik modelinin formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. 

Konstitusiyanın ali hüquqi qüvvəyə malik olması ölkənin hüquq sisteminin əsas prinsipidir. Bütün qanunlar və digər normativ hüquqi aktlar əsas qanuna uyğun olmalıdır. Dövlət orqanlarının fəaliyyəti qanun çərçivəsində qurulmalı, vətəndaşların hüquq və azadlıqları etibarlı şəkildə qorunmalıdır. 

Hər bir vətəndaşın yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, təhsil, əmək, söz və vicdan azadlığı kimi fundamental hüquqları konstitusiya ilə təmin edilir. Bu baxımdan əsas qanun yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyənləşdirən sənəd deyil, həm də insan hüquqlarının müdafiəsinin başlıca təminatıdır. 

Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası - dövlətçilik tariximizin yeni mərhələsi 

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasıdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq Zəfərlə nəticələndi. 44 günlük müharibə zamanı Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 

2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində dövlət suverenliyinin təmin olunması müasir dövlətçilik tariximizin mühüm mərhələsi oldu.

Bu tarixi nailiyyətlər Azərbaycanın konstitusiyasında təsbit edilmiş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xankəndidə, Şuşada, Laçında və digər azad edilmiş ərazilərimizdə üçrəngli dövlət bayrağımızın dalğalanması, dövlət qurumlarının fəaliyyət göstərməsi, genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması vahid hüquqi məkanımızın möhkəmləndirilməsinin bariz nümunəsidir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin reallaşdırılması dövlətimizin qarşısında duran mühüm vəzifələrin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 

Konstitusiya - gələcəyimizin hüquqi təminatı 

Bu gün Azərbaycan müstəqil, suveren və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirən dövlət kimi inkişaf edir. Konstitusiyamız dövlət quruculuğunun, ictimai sabitliyin, milli həmrəyliyin və hüquqi münasibətlərin əsasını təşkil edir. 

Əsas qanunun gücü yalnız onun müddəalarında deyil, bu müddəalara gündəlik həyatda əməl olunmasında, qanunun aliliyinin qorunmasında və hər bir vətəndaşın öz hüquq və vəzifələrini dərk etməsində təzahür edir. Güclü dövlətin əsas dayaqlarından biri hüquqa hörmət edən, vətəndaşlıq məsuliyyətini anlayan və milli maraqları uca tutan cəmiyyətdir. 

Azərbaycan konstitusiyası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi müstəqillik ideyalarının, 1991-ci ildə bərpa olunan dövlət müstəqilliyimizin və 1995-ci ildə formalaşdırılan müasir hüquqi dövlət sistemimizin tarixi varisliyini özündə birləşdirir. O, xalqımızın milli iradəsinin, dövlətçilik ənənələrinin və gələcəyə inamının hüquqi ifadəsidir. 

12 Noyabr - Konstitusiya Günü münasibətilə bütün Azərbaycan xalqını, soydaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi ürəkdən təbrik edir, hər bir ailəyə əmin-amanlıq, firavanlıq və xoşbəxtlik arzulayıram. Müstəqil dövlətimizin Əsas Qanunu olan Konstitusiyamızın prinsiplərinə hörmət, qanunun aliliyinə sədaqət və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi hər birimizin vətəndaşlıq borcudur. 

Qoy müstəqilliyimiz, suverenliyimiz və milli birliyimiz daim möhkəm olsun! Azərbaycan dövlətinin üçrəngli bayrağı daim yüksəklərdə dalğalansın!

Konstitusiya dövlətimizin hüquqi dayağı, xalqımızın suveren iradəsinin ifadəsi və gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli dövlətçilik miraslarından biridir! 

Dilqəm Quliyev, 

pedaqogika üzrə elmlər doktoru, 

professor

Dİgər xəbərlər