SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub   

Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub   

Gündəm

Bugün, 17:32

Noyabrın 11-12-də paytaxtımız daha bir mötəbər beynəlxalq yarışına -eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında cüdo üzrə Avropa çempionatına uğurla ev sahibliyi edib. 

Olimpiyadunyasi.com xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda 12 ölkədən 77 (52 kişi, 25 qadın) idmançı medallar uğrunda mübarizə aparıb. İki gün davam edən qitə yarışında Azərbaycan komandası 9 kişi cüdoçu ilə təmsil olunub. Cüdoçularımız çempionatda uğurla çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. 

Yığmamızın üzvlərindən Coşqun Əliyev (60 kq) və Xalid Məmmədov (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Aydın Əzizov (81 kq) gümüş, Eltun Məmmədov (73 kq) isə bürünc medala sahib çıxıb.

Bu nəticə ilə Azərbaycan komandası kişilər arasında medal sıralamasında ikinci yeri tutub. Yarışın lideri 2 qızıl, 4 gümüş və 5 bürünc medalla Rusiya yığması olub. Üçüncü pillədə isə 2 qızıl medal qazanan Fransa komandası qərarlaşıb.

Beləliklə, iki gün davam edən Avropa çempionatı Azərbaycan idmançılarının uğurlu çıxışı ilə yadda qalıb. Qazanılan medallar ölkəmizdə deflimpiya idmanının inkişafı və beynəlxalq arenada təmsilçilərimizin uğurlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanda eşitmə qabiliyyəti məhdud şəxslərin idmana cəlb olunması və onların sosial həyata inteqrasiyasına dəstək məqsədilə 2023-cü il oktyabrın 13-də Azərbaycan Respublikası Deflimpiya Komitəsi yaradılıb. Komitə Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, milli idman federasiyaları və digər qurumlarla əməkdaşlıq çərçivəsində Deflimpiya Hərəkatının inkişafına, idmançılarımızın beynəlxalq yarışlarda və Deflimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etmələrinə töhfə verir.

Dİgər xəbərlər