Ölkəmizi idman sahəsində uğurla təmsil edən atletlərin və mütəxəsisslərin sayı yetərincədir. Bir jurnalist olaraq onların hər birini diqqətdə saxlamaq mümkünsüzdür. Ola bilər ki, hər hansı bir tədbirdə və yarışda onlarla fərqli vaxtda qarşılaşmaq fürsəti yaransın. Budəfəki yazımızın qəhrəmanı ilə görüşümüz düz 10 il əvvələ təsadüf edib. Qoşa rəqəm kimi görünməsinə baxmayaraq, 10 il az bir müddət sayıla bilməz. Biz bu vaxt ərzində bir çox yaddaqalan hadisələrin şahidi olduq.
O, redaksiyamıza zəng edib, özünü təqdim edərək bildirdi ki, 2015-ci ildə 60 illik yubileyi münasibətilə bu qəzetdə "Uğur zirvəsinin təcrübəli bələdçisi” adlı məqalə dərc olunub. Həmin dərc olunmuş sayı hələ də saxladığını bildirdi. Bəli, bizimlə danışan veteran ağırlıqqaldıran, Əməkdar məşqçi, SSRİ idman ustası, ali dərəcəli məşqçi Vaqif Müsadiq idi. Onun buyaxınlarda 70 yaşı tamam olacaq. Ömrünün 70-ci baharını yaşayan Vaqif müəllimin Azərbaycan idmanı üçün göstərdiyi xidmətlər və qazandığı nailiyyətlər heç də az olmayıb. Hər zaman gülərüz və şux qamətdə səmimi görünən Vaqif müəllimin tərcümeyi-halına yenidən nəzər salaq.
Vaqif Məmmədəli oğlu Müsadiq 1955-ci il mart ayının 26-da Bakı şəhərində anadan olub. Valideynləri idmana olan həvəsini nəzərə alaraq, onu uşaq yaşlarından məşqlərə cəlb ediblər. 1971-ci ildə isə onun üçün "Neftçi” İSM-də ağırlıqqaldırmanın sirlərinə yiyələnmək imkanı yaranıb. 1972-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 80 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Politexnik İnstitutuna təqdim edən Vaqif Müsadiq həmin ali təhsil ocağının tələbəsi adını qazanıb. Lakin o, təhsilini yarımçıq qoyaraq, 1975-ci ildə hərbi xidmətə yollanıb. İki il müddətində Ukraynanın Lvov şəhərində hərbi xidmət keçərək, vətənə qayıdıb. Bu müddət ərzində idman bölüyündə fəaliyyətini davam etdirib. Lakin idmandan kənarda qalmayıb. Belə ki, o, 1977-ci ildə "SSRİ İdman Ustası” fəxri adına layiq görülüb. 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutuna daxil olub, 1982-ci ildə həmin ali təhsil ocağını bitirib. Həyatının 50 ilini Azərbaycan idmanının tərəqqisinə həsr edən mütəxəssislərdən Vaqif müəllimin də çəkdiyi zəhmət yüksək qiymətləndirilib. 1978-1982-ci illərdə 15 dəfə respublika və ittifaq miqyaslı çempionatların mükafatçısı olub. 1982-ci ilin sentyabr ayında Rusiyanın Smolensk şəhərində keçirilən SSRİ Kənd İdmançılarının Oyunlarında Vaqif Müsadiq böyük uğur əldə edib. Belə ki, Azərbaycanın ağırlıqqaldırma tarixində 75 kq çəki dərəcəsində birdənqaldırmada 140 kq, təkanla qaldırmada 170 kq nəticə göstərən iki idmançıdan biri olub. 1987-1990-cı illər ərzində gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandamız məşqçi kimi ona həvalə edilib. Azərbaycan idmanında göstərdiyi xidmətlərə görə, Vaqif Müsadiq 1990-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası tərəfindən Fəxri fərmanla təltif edilib. 1991-ci ildə Respublika dərəcəli hakim, bir il sonra isə Azərbaycanın SSRİ-nin Əməkdar məşqçisi fəxri adına layiq görülüb. 1996-2012-ci illərdə ağırlıqqaldırma növü üzrə paralimpiya yığma komandasının baş məşqçi köməkçisi kimi çalışıb. 1996-2001-ci ilin yekununa əsasən, Vaqif Müsadiq paralimpiya oyunları proqramına daxil olan idman növləri üzrə "5 illiyin ən yaxşı məşqçisi” adını qazanıb. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən X Paralimpiya Oyunlarında Vaqif Müsadiq Azərbaycan nümayəndə heyətinin rəhbəri və paralimpiya oyunlarında yığma komandanın bayraqdarı kimi iştirak edib. XI Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətlər qazanmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2001-ci ildə Vaqif Müsadiqi fəxri diplomla təltif edib. İllər keçdikcə fədakar idman mütəxəssisin uğurlar və nəticələri biri-birini əvəzləyib. O, 2002-ci ildə Koreyanın Busan şəhərində keçirilən FESPİC Oyunlarında (Sakit okean hövzəsi və Asiya ölkələrinin oyunları-Avstraliya qitəsi daxil olmaqla) Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini təyin olunub.
Vaqif Müsadiq ağırlıqqaldırma üzrə baş məşqçi vəzifəsində işlədiyi müddətdə (2004-2014) "Neftçi” İSM-in təmsilçiləri Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə, ölkədaxili çempionat və birinciliklərdə 281 medal (141 qızıl, 75 gümüş, 65 bürünc) qazanıblar. Qazanılan medalların 120-si onun hazırladığı idmançıların payına düşür. Vaqif Müsadiqin idman sahəsində göstərdiyi müstəsna xidmətlər dövlət səviyyəsində də layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Vaqif Müsadiq "Tərəqqi” medalı ilə təltif olunub. 2013-cü ildə Azərbaycan Ağır Atletika Federasiyasının məşqçilər şurasına üzv seçilib. Məşqçilik fəaliyyəti ilə yanaşı, 2014-cü ildə veteran ağırlıqqaldıranlar arasında Naxçıvan şəhərində keçirilən Dünya kuboku yarışlarında 55-59 yaş qrupunda mütləq çempion adını qazanıb. O, Azərbaycan ağırlıqqaldıma üzrə atletika tarixində 59 yaşında 75 kq çəki dərəcəsində 115 kq çəkini təkanla qaldıran ilk azərbaycanlı idmançıdır. Vaqif Müsadiqin hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, paralimpiya oyunlarında, Asiya və Ümumdünya oyunlarında, həmçinin müxtəlif A kateqoriyalı beynəlxalq turnirlərdə ölkəmizə 50 medal (25 qızıl, 10 gümüş, 15 bürünc) qazandırmağa nail olublar. Bundan başqa ölkəmizə Olimpiya və paralimpiya oyunlarında lisenziyalar qazanılmasında da Vaqif müəllimin rolu danılmazdır. Qeyd edək ki, "Neftçi” İSM-in idmançıları son 8 Olimpiya və paralimpiya oyunlarında (Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012) 26 lisenziyaya sahib olublar. Onlardan 18-ni şəxsən Vaqif müəllimin yetirmələri qazanıb. 1995-ci ildə Çində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında azərbaycanlı atlet Təranə Abbasova 58 kq çəki dərəcəsində 100 kq ağırlığı qaldırıb. Xanım idmançımız həmin çəkini ram edən ilk azərbaycanlı qadın kimi adını dünya ağırlıqqaldırma tarixinə yazdırıb. O, SSRİ çempionu və rekordçusu, dörd beynəlxalq turnirin qalibi, Avropa çempionatının bürünc mükafatçısı, Avropa kubokunun komanda yarışının qalibidir. Bununla yanaşı, Təranə Abbasova Sidney-2000 Yay Olimpiya Oyunlarında iştirak edərək, Azərbaycan Olimpiya tarixinə düşən ilk azərbaycanlı qadın ağırlıqqaldıran olub. Digər bir idmançımız isə Gündüz İsmayılovdur. O, Azərbaycan paralimpiya idmanı tarixində ilk üçqat Avropa çempionu (1997-ci il Slovakiya, 1999-cu il Budapeşt, 2003-cü il Slovakiya) kimi şöhrət qazanıb. Hər iki idmançının uğur qazanmasında Vaqif müəllimin əvəzsiz əməyi olub.
Vaqif Müsadiq mətbuatda da idmanla bağlı müxtəlif yazılarla çıxış edib. O, "Mənim yolum” adlı ədəbi-bədii kitabın müəllifidir. Vaqif müəllimin siyasi mövzuda da kitabları onun yaradıcılığının bir hissəsi hesab olunur.
Anar Əhmədov
P.S. "Olimpiya dünyası” qəzetinin kollektivi Vaqif müəllimi yubiley münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzulayır. Hesab edirik ki, bizim növbəti görüşümüz bu qədər uzun çəkməyəcək. Hələ idmançı kimi karyerasını davam etdirən Vaqif müəllim yeni nailiyyətləri ilə bizə müjdə verəcək.