XƏBƏR LENTİ
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (42.86%)
"Yuventus" (28.57%)
"Mançester Siti" (7.14%)
"Mançester Yunayted" (14.29%)
"Liverpul" (0%)
"Ayaks" (7.14%)
"Totenhem" (0%)
"Porto" (0%)
Novruz mərasimlərində milli xalq oyunları
Mədəniyyət 10:09 / 19.03.2019


"Novruz” - hərfi mənada yeni gün deməkdir. Amma ifadə etdiyi mərasim məzmununa görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. "Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın "Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşqarlı Mahmudun "Divani Lüğət-it Türk”, Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq”, Ömər Xəyyamın "Novruznamə”, Nizamülmülkün "Siyasətnamə”, Nizami Gəncəvinin "İsgəndərnamə” və s. əsərlərində rast gəlirik.
Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir. "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam”.
Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əl Biruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyr edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.)”. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonrabelə öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.
Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanılır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, həmin günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, əzizlərim, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.
Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir.
Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.
Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:

"Üzərriksən havasan
Cəmi dərdə davasan.
Hər yerdə sən yanarsan”.
Bayram günlərində xalq bir yerə toplaşar, şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin güclü, qüvvətli igidləri öz bacarıqlarını nümayiş etdirərdilər. Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində "İynə-iynə”, "Sayaçı”, "Yuğlama”, "Yel baba”, "Cütçü şumu”, "Kəvkəs”, "Kosa-kosa”, "Qaravəlli”, "Qurd oyunu”, "Aşıq oyunu”, "Dirə döymə” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə "Kəndirbaz”, "Masqara”, "Qılınc oynatma”, "Kəmər atma”, "Qoç döyüşdürmə” tamaşaları hazırlanır.

"Mil” oyunu
Novruz bayramında pəhləvanlar hər əlinə bir mil alıb başının üstünə qaldırardı. Bu zaman dumbul çalınmağa başlardı. Dumbul, əvvəlcə, lap ahəstə, sonra get-gedə sürətlə çalınardı. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları alqışlayardı. Bəziləri camaatın xahişi ilə mili tək əllə yuxarı atıb dəstəyindən tutardı. Yaxşı mil oynadanlar mili ayağının altından da atıb-tutardı. Pəhləvanlar şənliyin sonunda qurşaq (güləşmə) tutardılar. Güləşmədə iştirak edənlər - Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli Pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu, Hapış Məhəmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlifə Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən idi) dövrünün tanınmış pəhləvanları sayılardılar.
Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman Altıaylıq Əbdüləli papağını başından götürər, sarı ipək qurşağını açar, ipək köynəyini çıxardar, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardılar. Altıaylıq "süfrəyə” tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə pişro deyərdi.
Qeyd edək ki, altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun, qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əllərini sinəsinə qoyub camaata baş əyərdi. Əliaçıq tamaşaçılar ona "üçlük”, "beşlik”, "onluq” əskinas (kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi. Novruz bayramında həmin pəhləvanlar zorxanada da iştirak edirdilər. Bakıda yaşayan iranlı pəhləvanlar - Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri Novruz bayramında qurşaq tutardılar. Yığılan pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə hamam pulu verilərdi.

Qurşaqtutma
Qurşaqtutma Azərbaycanda geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Novruz bayramı və digər el şənliklərində qurşaqtutma yarışı keçirilir. Bu, zorxana idman oyunlarında güləş yarışının ən qədim ənənəvi adlarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış adətən Novruz bayramı və digər el şənliklərində oynanılır. Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar:

- Mənəm nərlərin nəri,
Ay oğlan.
Mənəm ərlərin əri,
Ay oğlan.
Əl qolunu çatdadaram,
Ay oğlan.
Bağrını partladıram,
Ay oğlan.

Qılınc oynatmaq
Bu oyunda meydana çıxan gənclər bir-birlərinin əllərindən qılınc düşənə qədər döyüşməlidirlər.
Qılıncoynatma bəzən at üstündə də keçirilir. Bu oyundan qalib çıxana Novruz hədiyyəsi verilərdi.


Cıdır oyunu
Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biridir. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud” boylarından, Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir.
Cıdırın keçirildiyi meydan və gün əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar.
Cıdır iştirakçılarından kim məsafəni birinci qət edərsə, o, yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşaiyət edir. Adətən cıdır meydanları üçün elə yer seçilir ki, əhali cıdıra çıxanları görə bilsin. Cıdır sözün əsl mənasında, gənclərin sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir çaparları burada müəyyən edilir. Cıdır ötəri yarış, sadəcə at oynatmaqla məhdudlaşan əyləncə deyil. Burada pərəstişin, inamın, sehr və ovsunun izləri də var.

"Papaq” və
"Güc sınağı”oyunu
Oyunun iştirakçısı müəyyən vaxt ərzində öz papağını başında saxlamağa çalışmalı, həm də rəqib komandadan iki papaq götürməlidir. "Güc sınağı” oyunu da çox maraqlıdır. Bu zaman atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırmalıdır. Bu oyunun da müxtəlif variantları var. Ümumiyyətlə, bütün xalq oyunlarımız gənclərə cəldlik, sərrastlıq, dəqiqlik, özünəinamlılıq aşılayır.

"Sürpapaq” və "Piyalə və ox”
"Sürpapaq” oyununda isə oyunçular top-papaq uğrunda mübarizə aparır, sonda onu qapı dairəsindən keçirirlər. Oyun zamanı iştirakçılara cəmi üç dəfə atdan düşməyə icazə verilir. Bu oyun bir qədər müasir basketbola da oxşayır. Atüstü idman növlərindən "Piyalə və ox” oyunu da çox maraqlıdır. Oyunda məqsəd atı çaparaq xüsusi dirəyin üzərindəki piyaləni oxla vurmaqdır. Bu oyun bir neçə variantda oynanılır. "Piyalə və ox” oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq lazım idi.
Novruz bayramında bütün bunlarla yanaşı, at çapma və güləşmə yarışları təşkil edilir, meydanlarda kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər. Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Novruz bayramı bolluq, xeyirxahlıq, gözəllik bayramıdır.
Xalq arasında çox qədimdən yaranan "Qurd oyunu”, "Qurd basdı”, "Qurdlar səni yeyər”, "Cızıq turnası oyunu”, "Gizlənpaç” (gizlən, qaç), "Oğru-oğru”, "Şuma qədər”, "Aşıq-aşıq”, "Qoz-qoz”, "Pula-pula”, "Fincan-fincan” və başqa oyunlarda həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər. Novruz bayramının ən yaxşı və yadda qalan atributlarından biri, ən çox tamaşaçı cəlb edən hissəsi milli xalq oyunlarıdır.
Novruz bayramından söhbət açan bəzi müəlliflər "kosa-kosa”, "kəndirbaz”, "sim pəhləvan”, "masqara”, "gözbağlıca”, "cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq yarışları, bənövşə, və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərmişlər. Sadaladığımız bu xalq oyunları uzun yol keçərək bu günümüzədək gəlib çatmışdır.
Bir məsələni qeyd etmək yerinə düşər ki, bu oyunların bəziləri artıq müasir beynəlxalq idman növünə çevrilmişdir. Məsələn: güləş, atçılıq, atıcılıq, ağırlıqqaldırma, qaçış və digər idman növləri məhz xalq oyunlarının kökləri əsasında yaradılmışdır. Sevindirici haldır ki, beynəlxalq aləmdə fərqlənən idmançılarımz xalqımızın keçmiş adət-ənənələrindən, xalq oyunlarından bəhrələnərək bu gün dünyada şöhrət qazanmışlar. İnanırıq ki, bu tendensiya bundan sonra da davam edəcək, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, başqa mötəbər idman tədbirlərində əldə etdikləri qələbələrlə xalqımızı sevindirəcəklər.
Hər il olduğu kimi, bu il də xalqımızın Novruz bayramından bir arzusu, bir diləyi var. Gələn Novruzu qədim Oğuz elinin bir hissəsi olan Qarabağ torpağında qarşılayaq, qarçiçəyini, novruzgülünü, xarıbülbülü Şuşanın dağlarından dərək, İnşallah!.


639 oxunub

InvestAZ