XƏBƏR LENTİ
24 Fevral 2024
23 Fevral 2024
22 Fevral 2024
21 Fevral 2024



Sürətin zərif və iddialı nümayəndələri - Mariya Tereza Filippis
Maraqlı 16:47 / 16.05.2023
Formula 1 yarışlarında qadınların çıxışı böyük bir təsadüf sayılır. Məlumdur ki, bu yarışlar böyük risk, yüksək sürət, fiziki yüklənmə tələb edir. Bu işin öhdəsindən yalnız əks cinsin nümayəndələri gələ bilirlər.

Formula 1 tarixinə nəzər salanda görünür ki, ötən əsrin sonlarına qədər dünya çempionatlarının Qran-pri yarışlarında 5 qadın sürücü qüvvəsini sınayıb. Onların arasında yalnız biri - Lella Lombardi 1975-ci ildə İspaniyada təşkil olunan Qran-pridə 0,5 xal qazanmaqla dünya idmanında yeni bir səhifə açmışdı.
Lakin qadınlar pilot kimi elə bir uğur əldə etməsələr də, kişilərin iştirakı ilə keçirilən yarışlarda görünməyə başladılar. Onların bəziləri komandanın uğurlu çıxışında pay sahibi oldular. Məsələn, Manişo Klatenborn. Bu xanım "Sauber” komandasının rəhbəridir. Kleyr Uilyams "Villiams” komandasının rəhbər köməkçisidir. "Caterham F1 Team”ın kommersiya direktoru isə Oksana Kosaçenkodur.
1992-ci ilə qədər Formula 1 yarışlarında xanım pilota rast gəlinmədi. Həmin tarixdən sonra bu sahənin mütəxəssisləri bu boşluğu aradan qaldırmaq qərarına gəldilər. Qərara alındı ki, onlar test yarışlarında öz bacarıqlarını nümayiş etdirsinlər. 2012-ci ildə Mariya de Violta "Marussia F1 Team” komandasının test-pilotlarından biri kimi çıxış etməyə başladı. Amma onun çıxışı faciə ilə nəticələndi. Belə ki, Daksford aeorodromunda keçirilən testdə o qəflətən yük maşını ilə toqquşdu. Bu qəzadan sonra Violta ağır zədə aldı. Bu azmış kimi gözlərini itirdi. 2013-cü ilin oktyabr ayında sinir zədəsi səbəbindən o, həyatla vidalaşdı. "Villiams” 2013-cü ildə test-pilot kimi Syüzi Volfu heyətə cəlb edib. 2014-cü ildə sürətsevərlər Covanni Amati kimi kim cazibədar pilotla tanış oldular.
"Olimpiya dünyası” qəzeti olaraq bu sayımızdan etibarən sürət mübarizəsinə hökm oxumaq istəyən zərif cinsin iddialı nümayəndələrindən bir neçəsi ilə bağlı yazını oxucularımıza təqdim edirik.

Dostlarının itkisi
zərif pilotu
idmandan soyutdu

Yarım əsr əvvəl hər şey tamamilə fərqli idi. Məsələn yürüş avtomobillərində əsl "sürət xəstələri” dolaşırdılar. Onlar dövrünün dahi insanları - dövlət xadimləri, mühəndisləri idi. İmkanlı və ailələrin nümayəndələri bu həzzi əyləncə xatirinə yaşayırdılar. Onların arasında qadınlara da rast gəlmək olurdu.
Məsələn, Mariya Tereza Filippis. O, 1926-cı il noyabr ayının 11-də varlı italiyan ailəsində dünyaya göz açmışdı. Elitar ailənin üzvü olan Tereza yeniyetməlikdən kübar cəmiyyətinin iştirakı ilə keçirilən tədbirlərdə iştirak edirdi. Kübar cəmiyyətinin məşğuliyyəti isə demək olar ki, müxtəlif əyləncəli proqramların iştirakçısı olmaqdan ibarət idi. Mariya yeniyetmə yaşlarından atçılıq və qayayadırmanma ilə məşğul olurdu. Bu yaşda o ekstremal idman növlərini aludəçisinə çevrilmişdi. O, 22 yaşında özünü avtomobil idman növündə də sınamaq qərarına gəlir. Qardaşları onun bu istəyinə etiraz etsələr də, onu ruhdan salmaq istəmirdilər. Mariyaya başa salmaq istəyirdilər ki, avtmobil idmanı qadınlar üçün xaraketrik bir məşğuliyyət deyil. Lakin Mariya qardaşları ilə mərc edib, sübut edir ki, sürətin cinsi olmur. O, "Fiat 500” avtomobili ilə sürətli Salerno və Kava de Tireni marşrutu üzrə yarışlara qoşulur. İtaliya birinciliyində əfsanəvi pilot Taçio Nuvolari ilə birlikdə yürüşə çıxır. ""Fiat”la yürüş etmək, Taçio ilə yarışmaq bir başqa həyəcan idi. Həmin vaxt qabaqlamaq imkanını əldən verməmişdim. Azarkeşlər sükan arxasında qadın görəndə heyrətlənmişdilər. Etiraf edim ki, onda Taçio əvvəlki kimi mübarizlik nümayiş etdirmirdi”, - deyə italiyalı xanım pilot öz xatirələrində qeyd etmişdi.
Mariya 1954-cü ildə "Giro di Secilia” turnirində finişi birinci pillədə başa vurur. 1956-cı ildə "Mille Miglia” yürüşündə Formula 1 pilotları ilə yarışmaq imkanı əldə edir. Həmin vaxt Mariya ölkə birinciliyinin qalibi idi.
1957-ci ildə Mariya "qızıl bilet” qazanır. Formula 1 yarışlarında Xuan Manuel Fanxio "Maseratti” ilə son qalibiyyətinin qazanıb, böyük yarışları tərk edir. Lakin İtaliya komandası bu yarışlarda digər sürücülərin ümidinə qalır. Fanxionun avtomobili ilə heç bir iştirakçı uğur əldə edə bilmir. Bundan narahat olan əvsanəvi pilot komandaya Mariyanı məsləhət görür. Xanım sürücü Sirakuz qran-prisində finişi beşinci yerdə tamamlayır. 1958-ci ildə Monako Qran-prisində təsnifat mərhələsinə vəsiqə əldə edə bilmir. Həmin vaxt o, bir sıra kişi sürücülərdən üstün olur. Onların arasında Formula 1-in keçmiş rəhbəri, həmin vaxt pilot kimi yarışlarda iştirak edən Berni Ekklstoun da var idi.


"Heç vaxt ağlıma
gəlməzdi ki, onun
kimi bir insanı
vaxtsız itirərəm”

Ondan sonra qadın sürücü bir neçə yarışda qüvvəsini sınayır. Lakin 1958-ci ildə Fransada keçirilən qran-pridən Mariyanın yaxın dostu, "Ferrari” pilotu Luici Mussonun qəzada həlak olması Terezaya çox pis təsir edir. Bu ruh düşkünlüyü uzun müddət onu tərk etmir. 1959-ci ildə "Behra Porshe”nin tanınmış pilotu Jan Ber tərəfindən ona yeni bir təklif gəlir. Bu təklif dərhal müsbət qarşılanır. Həmin il Formula 1 yarışları daha bir faciə ilə yadda qalır. Mariya Terezanı öz kollektivinə dəvət edən Jan Ber Almaniya Qran-prisində qəzaya uğrayır, həyatla vidalaşır. Bu itki Terezaya ikinci dəfə böyük bir zərbə vurur. "1959-ci il avqustun 1-də mənə bildirdilər ki, Jan Ber daha həyatda yoxdur. Çox pis oldum. Qərara aldım ki, karyeramı bitirim. Heç vaxt ağlıma gəlməzdi ki, onun kimi bir insanı vaxtsız itirim. Doğrudan da o, çox istedadlı bir yürüşçü idi”, - deyə Tereza qeyd etmişdi.
1960-cı ildə italiyalı xanım avtomobil idmanı dünyasını birdəfəlik tərk etdi. Sürət yarışlarını buraxıb, avstriyalı bir elm xadimi ilə ailə qurdu. Uzun müddətdən sonra o, avtomobil idmanı üzrə yetişməkdə olan gənc sürücülərlə öz təcrübəsini paylaşdı. Mariya 2016-cı il yanvarın 8-də 89 yaşında dünyasını dəyişdi. Lakin bu günə kimi onun xatirəsi Formula 1 dünyasında, eləcə də İtaliyada böyük ehtiramla yad olunur. Çünki kişilərə xas bir idman yarışında o, ilk qadın idi ki, sürət və həyəcana meydan oxuyurdu. Məhz ondan örnək götürən neçə-neçə həmcinsi həmin vaxt bu idman növünü seçmişdi.

(ardı var)



Anar Əhmədov





20823 oxunub

InvestAZ