Ötən həftə sonu təşkil olunan cüdo üzrə Azərbaycan çempionatı gərgin və maraqlı mübarizə ilə yadda qaldı.
Noyabrın 29-dan dekabrın 1-dək Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, "Azman Holdinq” və "Azercell” şirkətinin dəstəyi ilə Bakı İdman Sarayında keçirilən budəfəki yarış yüksək təşkilatçılıq səviyyəsi baxımından Avropa çempionatı və "Böyük Dəbilqə” turnirlərindən heç də fərqlənmədi. Yarışların keçirildiyi üç gün ərzində arenadakı çoxsaylı azarkeş dəstəyi və tribunalarda boş yerlərin olmaması da bunun bir daha əyanı sübutu idi.
Ümumi mükafat fondunun 50 min manat təşkil etdiyi yarışda paytaxt və bölgələri təmsil edən 60 klubdan 324 (254 kişi, 70 qadın) cüdoçu medallar uğrunda mübarizə apardı. Turnirdə gənc idmançılarla yanaşı, yığma komandanın da əsas üzvləri qüvvələrini sınadılar. Çempionatda yadda qalan daha bir məqam isə Olimpiya mükafatçımız Elmar Qasımovun (-100 kq) iki illik fasilədən sonra yenidən idman karyerasını bərpa edərək, turnirdə iştirak etməsi oldu. 34 yaşlı idmançı arenalara qayıdışını çempionluqla qeyd etdi. Kişilərin mübarizəsində digər çəkilərdə Hüseyn Allahyarov (-60 kq, "Judo Club 2012”), Rəşad Yelkiyev (-66 kq, "Kanokan-TT”), Rəşid Məmmədəliyev (-73 kq, "Atilla”), Zelim Tçkayev (-81 kq, "Neftçi”), Murad Fətiyev (-90 kq, "Judo Club 2012”) və Uşanqi Kokauri (+100 kq, "Neftçi”) Azərbaycan çempionu adını qazandılar.
Gərginliyi ilə kişilərin mübarizəsindən heç də geri qalmayan qadınların mübarizəsində isə Leyla Əliyeva (-48 kq, "Neftçi”), Xədicə Qədəşova (-52 kq, "Atilla”), Acelya Toprak (-57 kq, Azərbaycan Cüdo Federasiyası), Fidan Əlizadə (-63 kq, "Judo Club 2012”), Günel Həsənli (-70 kq, "Abşeron Xırdalan”), Nərmin Əmirli (-78 kq, "Umbayev Sport Klub”) və Nigar Süleymanova (+78 kq,”Neftçi”) bütün rəqiblərinə qalib gələrək, qızıl medallara layiq görüldü.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 4 qızıl, 5 gümüş və 5 bürünc medalla”Neftçi” İdman Klubu birinci yerə sahib çıxdı. 3 qızıl, 2 gümüş və 5 bürünc medalla "Atilla” İdman Klubu ikinci, 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan "Judo Club 2012” isə üçüncü yerə layiq görüldü. Yarışda 18 komanda müxtəlif əyarlı medal qazandı.
Turnirin sonuncu günündə isə Azərbaycan çempionatının komanda yarışları keçirildi. Yarışda qadınlar arasında 7 komanda, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə apardı. Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, kişilərin mübarizəsində isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınadı.
Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölündü. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşdı. Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan kollektivlər yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirdi.
Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə "Neftçi” İdman Klubu (2) 3:0 hesabı ilə "Umbayev Sport Klub”a, "Judo Club 2012” 3:1 hesabı ilə "Azəri-Cüdo İdman Klubu”na qalib gəldi. Final görüşü "Neftçi” İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirildi. "Neftçi” İdman Klubu (1) 3:1 hesabı ilə qalib gələrək, qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazandı.
Kişilər arasında bürünc medal uğrunda görüşlərdə "Neftçi İdman Klubu”nun 1-ci komandası 3:0 hesabı ilə klubunun 2-ci komandasına, "Kanokan” TT İdman Klubu isə 3:1 hesabı ilə "Sərhədçi” İdman Mərkəzinə qalib gəldi. Final görüşü "Judo Club 2012” ilə "Atilla” İdman Klubu arasında keçirildi. "Judo Club 2012” 3:2 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazandı.
Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, ACF-in vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim etdi.
Turnirin keçirildiyi günlərdə həmçinin yubileylərini qeyd edən cüdo mütəxəssisləri - Fərhad Rəcəbli, Mövlud Mirəliyev, Natiq Bağırov, Əli Dəvrişov, Ruzbeh Vəliyev, Faiq Ağayev və Sevda Qarayeva mükafatlandırılıdılar.
Bundan başqa həmçinin "Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova Beynəlxalq Cüdo Federasiyası tərəfindən 6-cı dan, ağ-qırmızı kəmər və sertifikatı təqdim olundu.
Yarışın sonuncu günündə isə federasiya rəhbərliyi tərəfindən bir neçə idmançıya dan sertifikatı, ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə isə "Azercell” və "Azman Holdinq” şirkətinə, habelə "Qədiroğlu” idman klubuna təşəkkürnamə verildi.
Turnirin keçirildiyi günlərdə həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarının çempionları Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) azarkeşləri ilə görüşdü. Olimpiya çempionları imzalı şəkillərini sevənləri ilə bölüşərək, onlarla xatirə fotosu çəkdirdilər.
Təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilən ölkə çempionatı Bakı İdman Sarayını əsil mübarizə meydanına çevirdi. Həmin arenaya toplaşanlar və bu yarışı izləyənlər hələ uzun müddət budəfəki Azərbaycan çempionatını xatırlayacaqlar.
Azər Əlizadə