"Zəfər Günü”nə həsr olunmuş XXXII ənənəvi ölkə Spartakiadasının final mərhələsi keçirilib
Sabirabad Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş "Azərbaycan Milli Xalq İdman Oyunları" üzrə kənd idmançılarının XXXII ölkə spartakiadasının final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Final mərhələsinin açılışında "Kənd Qida İşç” Hİ Federasiyasının sədr müavini Təhmasib Əliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, AHİTA-nın sədri Binyamin Mənsimzadə və digər rəsmi şəxslər Vətən Müharibəsində qazandığımız şanlı zəfərimizdən danışıblar.
Spartakiadanın təntənəli açılış mərasimi xüsusi tərtib edilmiş ssenari əsasında teatrlaşdırılmış idman bayramı ilə davam edib.
Təntənəli parad və musiqi nömrələrindən sonra Spartakiadanın iştirakçıları proqrama daxil olan daşqaldırma, gücsınama, (kişilər və qadınlar), dirǝdöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy və milli güləş üzrə yarışlarda güclərini sınayıblar.
Milli adət ənənələrimizin qorunub saxlanılması, eyni zamanda Olimpiya Hərəkatının respublikamızda daha da inkişaf etdirilməsi məqsədi ilə keçirilən yarışlarda 14 rayondan 337 nəfər idmançı iştirak edib.
Sabirabad, Cəlilabad, Gəncə, Zəngilan və Qubadlı ümumkomanda yarışlarında xüsusi fərqləniblər.
Spartakiadanın proqramına daxil olan 9 idman növü üzrə yarışlarda Sabirabad rayonunun komandası birinci yeri tutub. Cəlilabad royunu ikinci, Gəncə şəhəri isə üçüncü yerə sahib çıxıb. Zəngilan və Qubadlı rayonlarını təmsil edən komandalar isə müvafiq olaraq, 4-5-ci yerləri bölüşüblər. Ümumkomanda yarışlarında xüsusi fərqlənmiş idmançılar diplom və hədiyyələrlə təltif ediliblər.
956 oxunub