Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Paralimpiya, dünya və Avropa çempionu İmaməddin Xəlilov ilə ustad dərsi keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ustad dərsində 30-a yaxın uşaq və yeniyetmə parataekvondoçu iştirak edib.
Milli komandanın parataekvondoçularının və məşqçi heyətinin də qatıldığı tədbir zamanı bu idman növünün fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub.
Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və parataekvondo idman növünü təbliğ etməkdir.