Oktyabrın 30-31-də Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 238 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 29-30 noyabr – 1 dekabrda keçiriləcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyır.