İspaniyalı elm adamları canavarın nəcisi vasitəsilə Avropada ən uzun marşrutunu izləyiblər. Araşdırma Barselona Muxtar Universitetinin (UAB) rəsmi saytında dərc edilib. Mütəxəssislər nəcisləri təhlil edərkən belə qənaətə gəliblər ki, «GW1909m» adlı erkək boz canavar Almaniyanın Nordhorn şəhəri yaxınlığında doğulduğu yerdən 1240 kilometrdən çox məsafə qət edib. Canavar Fransanı keçərək İspaniyadakı Kataloniya Pireneylərinə çatıb. Orada canavar kəndlərdən birinin yaxınlığında məskunlaşıb. Yerli sakinlər onu sonuncu dəfə təxminən bir il əvvəl həmin ərazidə görüblər. Alimlər qeyd ediblər ki, bu yırtıcı heyvanın səyahəti Norveç və Finlandiya arasında 1092 kilometr qət edən qohumunun rekordunu qırıb. Tədqiqatçılar əlavə ediblər ki, belə uzun yol vəhşi heyvanın davranış plastikliyindən və fiziki qabiliyyətlərindən xəbər verir. Səyahəti zamanı yırtıcı böyük şəhərlərin olduğu mənzərələrdən keçib. Mütəxəssislərin fikrincə, belə səyahətlər sayəsində canavarlar uzaq qohum populyasiyalarını da tapırlar. Bu, genetik təcridin və qohumluğun qarşısını alır.
6242 oxunub