XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Əsas məqsədimiz sağlam həyat tərzini təbliğ etməkdir”
Müsahibə 10:41 / 26.10.2021


Sağlam cəmiyyətdə hər zaman istənilən uğura, istənilən nailiyyətə sahib olmaq mümkündür. Bu gün sağlam cəmiyyətin kökündə uşaq və yeniyetmələrin fiziki və mənəvi tərbiyəsi durur. Bu yaş həddində olan insanlar gələcək nəslin davamçılarıdırlar. Biz valideynlər çalışmalıyıq ki, övladlarımız sağlam həyat tərzində formalaşsınlar. İdman və bədən tərbiyəsi onların pis vərdişlərdən uzaq olması üçün ən yaxşı vasitədir. Bu sahədə fəaliyyət göstərən təşkilat və qurumlar da öz işini bu istiqamətdə qurublar.
2011-ci ildə Türkiyədə Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyası yaradılıb. Baş ofisi qardaş ölkədə yerləşən bu təşkilatın Azərbaycan nümayəndəliyi də təsis edilib. Təşkilatın Azərbaycan nümayəndəliyinə hazırda Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin tədris işləri üzrə direktor müavini Cavid Allahverdiyev rəhbərlik edir. Nümayəndəliyin fəaliyyəti ilə bağlı məlumat almaq üçün Cavid müəllimlə görüşdük. Müsahibimiz rəhbərlik etdiyi təşkilat barədə danışaraq, gələcək planlar haqda da məlumat verdi.


- Cavid müəllim, bir müddətdir ki, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinə rəhbərlik edirsiniz. Zəhmət olmasa rəhbəri olduğunuz təşkilat barəsində oxucularımıza məlumat verərdiniz.

- Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının mərkəzi ofisi Türkiyədə yerləşir. Qısa zaman ərzində yaranmasına baxmayaraq, bu təşkilat artıq öz yerini tapıb, böyük nüfuz qazanıb.
Təsadüfi deyil ki, federasiyanın bir neçə ölkədə nümayəndəliyi də var. Qurum müxtəlif illər ərzində bir sıra mühüm layihələrin həyata keçirilməsində vasitəçi olub. Mənim təşkilatın prezidenti Qaya Müzəffər İlıcakla və İcraiyyə Komitəsinin üzvləri ilə sıx əlaqələrim var. Görüşlərimiz zamanı qurumun fəaliyyəti ilə yaxından tanış oldum. Təbii ki, bu qurumun AZərbaycanda da nümayəndəliyinin olması yaxşı olardı. Bunun üçün də təklif olundu ki, ölkəmizdə bu federasiyanın nümayəndəliyi yaradılsın. Sözsüz ki, həm Qaya Müzəffər İlıcak, həm də İcraiyyə Komitəsinin üzvləri bu təklifi dəstəklədilər. Ölkəmizdə də bu təklif yüksək qiymətləndirildi. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurovla görüşüb, onların xeyir-dualarını aldıq. Çalışırıq ki, öz əməli işlərimizlə, bizə olan etimadı doğruldaq.

- Gələcək fəaliyyətiniz nələri əhatə edəcək? Ümumiyyətlə, rəhbəri olduğunuz qurum bu istiqamətdə hansı yenilikləri ilə seçiləcək?

- Qeyd edim ki, ümumbəşəri bəla olan narkotiklə mübarizədə tək yol idmandır. Bu, bizim əsas devizimizdir. Biz də hər şeydən əvvəl məhz bu devizi əldə bayraq tutaraq sağlam həyat tərzini təbliğ etməyə çalışırıq. Təbii ki, hər kəsə məlumdur ki, zərərli vərdişlərdən uzaq olan cəmiyyət hər zaman sağlam şəkildə formalaşacaq. Lakin təəssüflə qeyd etmək istərdim ki, bu gün ölkəmizdə narkotik vasitələrə meyl edən insanların sayı xeyli artmaqdadır. Ən ağrılı problem isə bu vasitələrə meyl edənlər arasında gənclərin çoxluq təşkil etməsidir. Əvvəllər narkotikdən yaşlı insanların istifadəçisi olduğunu eşidirdik. Lakin müasir dövrümüzdə məktəblilərin və tələbələrin bu bəlaya qurşandığını eşidirik. İndi görün biz nə qədər böyük bir bəla ilə üz-üzəyik. Gənclər bizim gələcəyimizdir. Biz də öz növbəmizdə çalışırıq ki, müxtəlif tədbirlərlə onları bu bəladan uzaqlaşdıraq. Lakin bu gün gənclər özü də bu problemin nə qədər böyük bir zərərə səbəb olmasını dərk etməli, belə vasitələrdən çəkinməlidirlər. Təəssüf ki, narkotik indi çox əlçatan olub. Buna görə də narkotik istifadəçilərinin sayında artım hiss olunur. Biz güc strukturlarının işinə müdaxilə edə bilmərik. Sadəcə, bir qurum kimi biz də öz növbəmizdə həmin yaş qrupunda olan insanlar arasında maarifləndirmə işi aparırıq ki, gənclərimiz bu bəlanın nə dərəcədə zərərli olmasını anlasınlar.
Mən uzun müddət idman sahəsində bir sıra işlərin və layihələrin icrasında öz bacarığımı nümayiş etdirmişəm. İndi isə bu təşkilatda daha sıx işləməklə gənclərimizin sağlam şəkildə böyüməsinə, onların narkotikdən uzaq bir həyat yaşamasına vasitəçi olmağa çalışıram. Biz Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi ilə birlikdə səmərəli fəaliyyət göstərib, gələcəkdə bu istiqamətdə uğurlu nəticələrə nail ola bilərik. Hesab edirik ki, sağlam gəncliyin formalaşması üçün həmin qurumlar da bizə bu işdə yaxından dəstəyini göstərəcək.

- Qeyd etdiyiniz kimi, uzun müddətdir ki, ölkəmizdə idman sahəsinin inkişafı və təbliğatında səmərəli fəaliyyət göstərirsiniz. Sözsüz ki, bu illər ərzində əldə etdiyiniz təcrübələr də bu işinizdə sizə yardımçı olacaq.

- Hazırda Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıram. Biz Azərbaycan Velosiped İdmanı Federasiyası ilə orta məktəblərdə bir sıra layihələr həyat keçirmişik. Belə layihələrdən danışarkən Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə orta məktəb şagirdləri arasında təşkil etdiyimiz yarışları xüsusilə fərqləndirmək olar. Əsas məqsədimiz peşəkar idmandan əlavə sağlam həyat tərzini təbliğinə nail olmaqdır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu gün pandemiya hər bir sahədə olduğu kimi, bizim işimizə öz təsirini göstərir. Bununla belə gələcəyə nikbin baxırıq. Builki tədris ilində Təhsil Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də digər qurumlarla birlikdə yeni layihələrimiz olacaq. İnanırıq ki, tez bir zamanda bu işlərin icrasına başlayacağıq.

- Cavid müəllim, etiraf etmək lazımdır ki, bu gün gənclərimizin əksəriyyətinin zərərli vərdişlərə yiyələnməsində mühit amili də öz rolunu oynayır. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- Təbii ki, düzgün vurğuladınız. Belə vərdişlər elə mühit amilinin mənfi təsirləri nəticəsində ortaya çıxır. Ümumiyyətlə, yeniyetməlik yaşlarından başlayaraq valideynlərin nəzarəti və diqqəti cox vacibdir. Yeniyetməlik dövrü elə bir mərhələdir ki, həmin vaxt uşaq çox həssas olur. O, düşdüyü mühitdə formalaşır. Bu baxımdan valideynlər də çox diqqətli olmalı, övadlarının hərəkətlərini nəzarətdə saxlamalıdırlar. Ən azından bilməlidirlər ki, övladları hara gedir, kimlərlə ünsiyyət qurur. Bir sözlə, qeyd etdiyiniz kimi, gənclərin narkotik vasitələrin aludəçisi olmasında mühit amili əsas rol oynayır. Əgər uşaqlarda hər hansı bir xoşagəlməz hallar hiss olunarsa, imkan daxilində psixoloqla əlaqə saxlamaq lazımdır.

- Gələcək fəaliyyətinizdə yeniyetmə və gənclərin məşhur idmançılarla görüşlərini təşkil etmək planlarınıza daxildirmi?

- Sözsüz ki, hər bir uşaq üçün onun valideynindən yaxşı psixoloq ola bilməz. Lakin valideynlər də bütün günü övladlarını izləyə bilməzlər. Bunun üçün də belə bir qərara gəlmişik ki, ölkəmizdə tanınan və uğurları ilə dünyanı fəth edən idmançılarımızla məktəbliləri bir araya gətirək. Məşhur simalar keçdikləri həyat yolundan danışaraq, uşaqları idmana, sağlam həyat tərzinə yönəltsinlər. Bir idmançımız Olimpiya Oyunlarında və böyük yarışlarda uğur qazanırsa, o cəmiyyət üçün örnək hesab olunur. Həmin idmançı öz uğuru ilə ən azı yüzlərlə yeniyetmə və gəncin müxtəlif idman bölmələrinə yazılmasına vasitəçi olur. Təsəvvür edin, nə qədər yeniyetmə və gənc özünü həmin idmançıya oxşatmaq istəyir. Əgər tanınmış idmançı cüdoçu və yaxud karateçidirsə, onunla görüşdə olan uşaq da idmanın bu növünü seçmək istəyəcək. Onun sinif yoldaşı, məhəllədəki dostları da ona baxıb, idmana həvəslənəcək. Nəticədə böyük bir sağlam yaş həddi formalaşacaq. Bir sözlə, əsas məqsədimiz, gənclərimizin narkotiklərdən uzaq, sağlam həyat tərzini təbliğ etməkdir. Hesab edirəm ki, biz qısa zaman ərzində böyük işlərin öhdəsindən layiqincə gələcəyik. Onu da qeyd edim ki, təbliğat işlərində Kütləvi İnformasiya Vasitələri öz dəstəyini göstərməlidir.

- Gələcək fəaliyyətinizi daha da inkişaf etdirmək üçün hansısa təşkilatlarla iş birliyinizin olacağı gözlənilirmi?

- Hazırda "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi ilə danışıqlar aparırıq, onlarla memorandum imzalayacayıq. Bir neçə layihələr üzərində işlər gedir, biz valideynlərlə sıx əməkdaşlıq edərək, onları bu layihələrdə yaxından iştirak etmələrini arzulayırıq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə danışıqlarımız gedir. Təəssüflə qeyd etməliyəm ki, son illərdə qızlar arasında narkotikdən istifadə edənlərin sayı da artmaqdadır, bu isə bizim genofondumuza böyük zərbə vurur. Gələcək analarımızın sağlam yaşamasını təmin etmək üçün onlarla maarifləndirmə işləri aparmalıyıq.
Narkotikin tələsinə düşmüş və bunun necə bir bəla olduğundan peşmanlıq çəkən insanların etiraflarını gənc nəslə çatdırmaq və bundan heç zaman istifadə etməmək üçün daha çox video çarxlar çəkmək, sağlam həyat tərzini təbliğ etmək fəaliyyətimizin əsas hissəsini təşkil edəcək.

Anar Əhmədov

25200 oxunub

InvestAZ