XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Anti-futbol söhbətləri - yazı 3
Maraqlı 20:41 / 12.08.2021
MOBİL İSMAYILOV




Futbola kölgə salan ən xoşagəlməz proseslər

Azarkeşlərə, futbol mütəxəssislərinə sirr deyildir ki, getdikcə danışılmış oyunlar daha da artır. Ümumiyyətlə, futbolun görünməyən bu tərəfləri həmişə anti-futbol söhbətlərinin başlıca hissəsini təşkil etmişdir. Hələ 1974-cü ildə keçirilən dünya çempionatında maraqlı bir hadisəyə rast gəldik. O vaxtkı mundial guya bir-birinə düşmən olan Qərbi Almaniya və Almaniya Demokratik Respublikası ölkələrinin qrup mərhələsindəki görüşü ilə tarixə düşdü. Xatirinizdədirsə, meydan sahibləri olan AFR ADR-ə 0:1 hesabı ilə uduzdu. Ona görə məğlub oldu ki, "düşmən” ölkənin komandası da növbəti mərhələyə çıxa bilsin.
Rusiya mətbuatını müntəzəm və daha çox izlədiyimə görə həmin ölkədə baş verən anti-futbol söhbətlərinə tez-tez rast gəlirəm. 2010-cu ildə rus idman mediasında sensasiyaya səbəb olası xəbər yayıldı. Məlumatı yayanlar NTV plyus kanalının əməkdaşları oldu. Şərhçi-jurnalist Aleksey Andronov 2007-ci ildə "Lokomotiv”in baş məşqçisi işləmiş Anatoli Bışovetsin futbolçularından əsas heyətə düşmələrindən ötrü pul alması məlumatını ortaya atdı. Baş məşqçini həmçinin danışılmış oyunlarda da günahlandırdılar. Bışovets təbii olaraq bütün deyilənləri rədd etdi. Lakin nə onun özü, nə də klubun rəhbərliyi məhkəməyə müraciət etmək istəmədilər. Eyni zamanda "Lokomotiv” komandası telekanaldan üzr istəməyi də tələb etmədi. Bu məlumatı azarkeşlər uzun müddət müzakirə etdilər. Çoxları belə qənaətə gəldilər ki, deyilənlər həqiqətə uyğun ola bilər.
2010-cu ildə Rusiya mediasında maraq doğuran daha bir məlumat yayıldı. Ramenskin "Saturn” komandasının müdafiəçisi, yığmanın da əsas oyunçularından biri olan Vadim Yevseyev "Sovetskiy Sport” qəzetinə bildirdi ki, daxili çempionatda ona oyunu satmaq təklif olunmuşdur. Futbolçu əvvəlcə bu təklifin hansı komandadan gəldiyini demədi. Məsələ Rusiya Futbol İttifaqının prezidenti Serqey Fursenkoya qədər gedib çatdı. Onun cavabı belə oldu ki, bu cür söhbətləri ciddi hesab etmir. Bundan sonra Yevseyev təkrar jurnalistlərə müsahibə verərək dedi ki, danışılmış oyun Krasnodarın "Kuban” komandası ilə olmalı idi. O, əlavə olaraq bildirdi ki, hüquq-mühafizə orqanlarının araşdırma aparmasına da hazırdır və bunu vacib hesab edir. Fursenko isə bu dəfə jurnalistlərin suallarını qısaca belə cavablandırdı ki, o, keçmişə nəzər salmaq istəmir, gələcək işlərlə məşğuldur. Göründüyü kimi futbolçu ciddi fakt üzrə ifadə verməyə hazır olduğunu təkidlə desə də, səlahiyyətli şəxslərdən heç kim yüksək səviyyədə danışılmış oyun cəhdini araşdırmaq istəmədi.
Vaxtı ilə nadir hallarda "Tottenhem”in heyətinə düşən Roman Pavlyuçenko sonradan jurnalistlərə bildirmişdi ki, məşqçi Harri Rednapp hər oyuna meydana çıxmağına ondan pul tələb edirdi.
Rusiyanın sabiq baş məşqçisi Quus Hiddink yığmanın dünya çempionatının keçid matçlarında Sloveniya komandasına məğlub olmasından sonra görün özünə necə "haqq qazandırmışdı”: "Sloveniyalılar öz qapılarından top buraxmaları üçün bizdən külli miqdarda pul istədilər”.
Son iki mövsümdə "Real”, axırıncı mövsümdə isə "Atletiko” kral kuboku oyunlarında qəsdən uduzmaqla mübarizəni dayandırdılar. Hər iki komanda ölkə çempionatında və ÇL-da titul qazanmağı daha önəmli hesab etdilər.
Maraqlıdır ki, elə hallara təsadüf olunur ki, avtoqollar da danışılmış oyunlara xidmət edir. Yəni, qeydə alınmış avtoqol heç də həmişə təsadüfi olmur. Nəticə şübhə doğurmasın deyə nadir hallarda da olsa, belə üsullara əl atılır. Futbolçu özünü elə göstərir ki, avtoqola üzülür. Amma əslində belə deyil. Bəzi hallarda belə "uğursuzluğun” arxasında başqa məsələlər durur. Əlbəttə, şübhələr yaransa da, konkret faktın təsdiqi mümkün olmur.
Bəzən futbolçular bilərəkdən sarı və ya qırmızı kart alırlar. Məqsəd vacib əhəmiyyət kəsb edən növbəti oyuna çıxmamaq, eləcə də davam edən oyunda komandanı azlıqda qoymaqdır. Rəqib komandaya xal lazım olanda, "belə addımlar” atılır. Futbolçuların bu əməllərindən bəzən baş məşqçinin xəbəri olur, yəni tapşırıq onun özündən gəlir, bəzən isə yox.
Bəzi hallarda "ələ alınmış” hakimin qəsdən sarı və ya qırmızı kart göstərməsi də istisna olunmur. Cərimə meydançasında müdafiə olunan komandanın üzvü də bilərəkdən əlini topa toxundurmaqla penaltiyə "səbəb ola bilər”.
Komandanın əsas oyunçularının guya məşq zamanı zədələnməsi, yaxud təqvim oyunundan əvvəl "qəflətən xəstələnməsi” hallarına da rast gəlinir. Futbolçuların qeyri-etik davranışı bəzən intizam işi açılması ilə nəticələnir. Lakin nəyisə sübut etmək mümkün olmur. Ya da sadəcə olaraq buna elə də cəhd edilmir.


Bir Əhməd Ələsgərov
vardı...

Yeri gəlmişkən burada mövzuya uyğun olaraq vaxtı ilə rəhmətlik Əhməd Ələsgərovla bağlı sovet futbolu dönəmində gəzən söz-söhbətləri də yada salmamaq olmur.

Ə.Ələsgərovu tanıyanlar,o dövrün azarkeşləri və futbol mütəxəssisləri haqlı olaraq onu adi bir məşqçi kimi qəbul etməyiblər. Elə mən özüm də. Onu digər məşqçilərdən fərqləndirən bir sıra xüsusiyyətləri həmişə mənim diqqətimi cəlb edib. Yeri gələndə müəmmalı təsir bağışlayan Əhməd Ələsgərovdan əslində müasirləri "baş açmırdı”. Oyunun nəticəsini özünün yeganə məqsədi hesab edən bu mütəxəssis istəyinə nail olmaqdan ötrü mümkün olan bütün imkan və üsullardan istifadə edirdi. Hələ o vaxtlar belə söz-söhbətlər yayılırdı ki, öz məqsədi yolunda onun lazım gələndə danışılmış oyunlara soyuqqanlı, "səliqəli” şəkildə, yüksək bacarıqla "əl atarmış”. SSRİ dövründə belə addımların necə riskli, hətta təhlükəli olduğunu təsəvvür etmək heç də çətin deyildir. Müasir dövrdə belə hallar adiləşib. Deməli, belə çıxır ki, Əhməd Ələsgərov zamanı qabaqlayıbmış...Görünür, bu da bir məharətdir, xüsusi qabiliyyətdir...Görəsən deyilənlər doğru idimi? Bəs, Əhməd Ələsgərov bunu necə həyata keçirirdi? Hansı yollarla məqsədinə nail olurdu? Axı, o dövrdə hələ sponsor anlayışı yox idi. Sovet İttifaqı kimi bir ölkədə bu suallara cavab tapmaq müşkül məsələ idi. Kommunist rejimi dövründə kimin cəsarəti çatardı ki, bu sualları qabartsın. Ümumiyyətlə, bu işlərə "baş qoşmaq” ağılasığmaz məsələlər idi.
Ə.Ələsgərovun bu istiqamətdə əsas "gedişi” oyunun hakimindən penalti "əldə etmək” bacarığı idi. Rəhmətlik Rafiq Əlizadəni yada salaq. O dövrün azarkeşləri yəqin ki, bu özünəməxsus hücumçunun oyun xüsusiyyətlərini yaxşı xatırlayırlar. Əlizadənin yıxılıb penalti qazanması axırda getdi çıxdı yuxarı idman dairələrinə. "Sovetskiy sport” qəzeti məsələyə münasibət bildirdi. Sonra SSRİ futbol federasiyası işə qarışaraq yaranmış vəziyyəti müzakirəyə çıxardı. Əvvəlcə hakimlərə tapşırıldı ki, Əlizadə yıxılanda bir daha penalti verilməsin (!). Daha sonra başqa sərt tədbirlər görüldü.
Ə.Ələsgərovun Ukrayna ilə də sıx bağlılığı olub. Odessada çalışdığı illərdə də onun adı danışılmış oyunlarda hallanıb. Yaxşı Bakıdakı məşqçilik fəaliyyəti dövründə sızan söz-söhbətlərin hardasa izahını tapmaq mümkündür. Bəs, Ukraynada o, deyilənlərə necə nail olurdu? Bax, bu sualların cavablarını tapmaq çətindir. Sirr deyildi ki, Əhməd Ələsgərovun keçmiş SSRİ-nin bir çox məkanında sıx əlaqələri, yaxın dostları var idi. Ancaq yalnız bu amillər məqsədə çatmaq üçün kifayət edərdimi?!
Hər bir halda Azərbaycanın futbol tarixində unudulmaz mütəxəssis möhtəşəm iz qoymuşdur. O dövrün futbol adamları, azarkeşlər bu gün də onu sevə-sevə xatırlayırlar. Onun yenidən Bakıya qayıdışını mən də yaxşı xatırlayıram. Həmin illər mən həmişə stadionda olardım. Əhməd Ələsgərov daim qara eynəkdə stadiona qədəm basardı. Dərhal da azarkeşlər "Luis Menotti” - deyə qışqıraraq onu alqışlayardılar. Əhməd Ələsgərov harada işləməyindən asılı olmayaraq həmişə ayağı düşərli, uğur gətirən məşqçi olub. Ən azından təkcə elə bu amil onun daim yaddaşlarda qalmasına kifayət edib. Heç kim onun maraqlı, bir qədər qeyri-adi, bir az da müəmmalı şəxsiyyət olduğunu inkar edə bilməz. Təbii ki, burada söhbət o dövrü yaşamış və yaşayan futbol həvəskarlarlndan gedir.
Allah Əhməd Ələsgərova rəhmət eləsin...


Bəs qardaş Türkiyədə və bizdə necə... ?

Mövzu ilə bağlı Türkiyə futboluna qısaca toxunmaqla kifayətlənmək istərdim. Burada vaxtı ilə "Fənərbağça” klubunun cəzalandırılması epizodunu yada salmaq yerinə düşər. UEFA 2010-2011-ci illər mövsümündə "Fənərbağça”nın bəzi danışılmış oyunlarda iştirak etdiyini bildirərək, bu komandanı iki il Avropa kuboklarından kənarlaşdırılması ilə bağlı qərar vermişdi. Türkiyə Futbol Federasiyası və klub rəhbərliyi qərarın ləğvi üçün çox əziyyət çəkməli oldu. Rəsmi şəxslər şikayət ərizəsini Beynəlxalq Arbitraj məhkəməsinə göndərdikdən sonra da UEFA nəticəni gözləmədən israrla klubun cəzasının təsdiqlənməsini tələb edirdi. Əvvəlcə UEFA-nın qərarı BAM-si tərəfindən donduruldu. Sonradan məsələyə İsveçrədə baxılarkən kompromis razılığa gəlinməsi variantı təmin olundu.
Ümumiyyətlə, bir vaxtlar Avropada azarkeşsiz oynamaq cəzasına ən çox məruz qalan Türkiyə klubları olub. Məsələn, 2013-cü ildə "Beşiktaş” komandasına ölkə federasiyası tərəfindən dörd oyunluq azarkeşsiz oynamaq cəzası verilmişdi.
Əlbəttə, Türkiyə çempionatında futbola xələl gətirən, gözəl oyunlara kölgə salan, kifayət qədər anti-futbol epizodlarına toxunmaq olar. Azərkeşlər arasındakı dava-dalaşı, qarşılıqlı təhqiri, hətta bıçaqlanma hadisələrini xatırlayan futbol həvəskarları yəqin ki, çoxdur. Lakin oxuculara təqdim olunan bu yazıda həmin epizodlarla əlaqədar geniş şərhə lüzum görmürəm.


Sifarişlə gətirilmiş
bayquş

Anti-futbol söhbətləri Azərbaycan futbolundan da yan keçmir. Xüsusən, "Xəzər-Lənkəran” və "Neftçi” komandaları arasındakı çempionluq rəqabəti dövründə rastlaşdığımız xoşagəlməz epizodları yəqin ki, azarkeşlər yaxşı xatırlayırlar. Elə iki epizodu yada salsam, məncə kifayətdir. T.Bəhramov adına Respublika stadionunun girişindəki reklam lövhəsində bu komandaların oyunundan öncə "Xəzər-Lənkəran”nın ardıcıl olaraq iki dəfə gerb-plakatının cırılması xeyli müzakirələrə səbəb oldu. Hərçənd ki, stadionun rəhbərliyi tərəfindən bu problem dərhal aradan qaldırıldı. Vəziyyəti nizamlamaq üçün bildirildi ki, ikinci dəfə güclü külək əsməsi səbəbindən plakat zədələnibmiş.
Yenə də Bakıda növbəti oyun ərəfəsində belə söz-söhbət dolaşdı ki, son illərin barışmaz rəqibləri olan bu komandaların görüşündə çılğın azarkeşlər stadiona Rusiyanın Kemerovo vilayətindən sifarişlə gətirilmiş qiyməti çox baha olan bayquş buraxmaq niyyətindədirlər. Bu xəbər də maraqla gözlənilən qarşılaşmaya xələl gətirməyə bilməzdi.
O vaxtlar bizim hakimlər barədə də sensasiyalı açıqlamalar yayılırdı.Etiraf edək ki, həmin dövrdə hakimlərin çoxunun idarəçiliyi aşağı səviyyədə idi. Ona görə də klub rəsmiləri hakimlərin idarəçiliyindən narazı qalırdı ki, bu da əlavə söz-söhbətə səbəb olurdu. Ancaq mən bu fikirlərəyer ayırmağa ehtiyac görmürəm.

Korrupsiyalaşmış futbol dünyası


FİFA-da və UEFA-da müşahidə olunan korrupsiya iddialarının şərh edilməsi çoxlarına bəlli olmaqla geniş bir mövzunun predmetidir. Təkcə elə səsvermələrdə rüşvət müqabilində neqativ hallara yol verilməsinə dair vaxtaşırı məlumatlarla üzləşməyimiz kifayətdir. Əgər bir vaxtlar FİFA-nın yüksək ranqlı məmurları arasında korrupsiya barədə BBC teleradio korporosiyasının "Panorama” proqramında süjet gedirsə, yerli federasiyaların, klub rəhbərlərinin danışılmış oyunlara göz yummaları və sair bu kimi halların mövcudluğu kölgədə qalır.

Bəs, süjetdə nə var idi?!

…Sürix. Dəbdəbəli, beş ulduzlu "Baur an lac” oteli. Həmin oteldəki "lüks” nömrələrin qiyməti isə 5000-5200 dollar təşkil edir. Və orada " məskunlaşanlar”… Daha nələr və nələr…

Nəticə əvəzi…

Əlbəttə, anti-futbol mövzusunda yazı hazırlayarkən eyni zamanda burada da bəzən medianın uydurduğu, yaxud şişirtdiyi məsələləri də nəzərə almaq lazımdır. Amma hər bir halda futbol artıq həyatımıza daxil olub. Deməli, futbol aləmində də "qara deşiklər” açıla bilər. Futbol dünyasının konstruksiyaları mürəkkəbdir. Həyatda olduğu kimi futbol aləmində də qeyri-idman baryerləri çoxdur. İndi hər şey dəyişib. Absurd futbol da var, qara futbol da… Bəzən futbol dünyasında baş verən anti-futbol söhbətləri əməlli-başlı qaynaşma yaradır. Lakin nə etmək olar. Bunlardan qaçmaq mümkün deyildir. Bu – futboldur!...




20192 oxunub

InvestAZ