XƏBƏR LENTİ
19 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021



Mariya Stadnik: “Çalışacağam ki, bu dəfə gümüş medalı qızıla çevirim”
Müsahibə 16:33 / 14.07.2021
Planetin ən mötəbər idman bayramında Azərbaycan komandası 44 idmançı ilə təmsil olunacaq. Həvəslə yarışa hazırlaşan idmançılarımız arasında güləşçilərimiz də var. Hazırda Göygöldə hazırlıqlarını davam etdirən güləş yığmamız bu Olimpiadada 7 idmançı ilə təmsil olunacaq. Güləşçilərimiz arasında bu dəfə də əsas medal ümidlərimizdən biri də Mariya Stadnikdir. Olimpiya oyunlarının bürünc və ikiqat gümüş mükafatçısı bu dəfə gümüşü qızıla çevirmək məqsədi ilə Yaponiyanın paytaxtına yollanacaq. "Olimpiya dünyası” qəzeti Oyunlardan əvvəl medal ümidlərimizdən olan xanım güləşçimizlə əlaqə saxlayıb, hazırlıq prosesi ilə maraqlanıb.


- Mariya xanım, bildiyimizə görə hazırda Azərbaycan yığmasının düşərgəsindəsiniz. Olimpiya oyunlarına hazırlığınız necə gedir?

- Bir neçə gün əvvəl Rusiya milli komandası ilə birgə Soçi şəhərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak etdik. Hazırda isə məşqlərimizi digər idmançılar kimi, Azərbaycanda davam etdiririk. Hazırlıqlar öz qaydasındadır. Çalışıram ki, məşqlərdə verilən bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirim.


- Olimpiya oyunlarının üçqat mükafatçısısan. Bu dəfə gümüşü qızıla çevirmək üçün nə etmək lazımdır?

- Gümüş medalı qızıla çevirmək üçün onu yalnız qazanmaq lazımdır (gülür). Onu qazanmaq üçün isə əlimdən gələni edəcəyəm. Yadınızdadırsa, Rio Olimpiadasında qızıl medalı son saniyələrdə əldən vermişdim. Həmin anı heç vaxt özümə bağışlaya bilməyəcəyəm. İstəmirəm ki, bu dəfə eyni halla üzləşim. Hazırlıq formam qaydasındadır. Özümü bu yarışlara tam hazır hiss edirəm. Çalışacağam ki, bu dəfə gümüş medalı qızıla çevirim.


- Bunun üçün Oyunlarda əsasən nəyə üstünlük verəcəksən?

- Mən artıq kifayət qədər təcrübəli və peşəkar bir idmançıyam. Buna görə də, düşünürəm ki, bu dəfə yalnız illərdir qazandığım təcrübəmə və peşəkarlığıma arxalanacağam. Çalışacağam ki, əvvəlki olimpiadalarda buraxdığım səhvləri təkrarlamayım.


- Necə düşünürsən, hansı ölkənin təmsilçisi ilə görüş sənin üçün daha çətin görünür?


- Əslində, mən bütün idmançıların gücünü yüksək qiymətləndirirəm. Heç bir idmançının zəif olduğunu düşünmürəm. Lakin Yaponiya təmsilçiləri mənim üçün yenə də ən güclü rəqib olaraq qalırlar. Olimpiadanın Tokioda keçiriləcəyini nəzərə alsaq, onlarla görüşlərdə daha ciddi olmalıyam.



- Qəzetimizə verdiyin əvvəlki müsahibədə karantin və Olimpiya oyunlarının təxirə salınmasını mövcud olan problemlərini aradan qaldırmaq üçün bir fürsət olduğunu qeyd etmişdin.

- Etiraf edim ki, koronavirusla bağlı yaranan karantin rejimi həyatımda bir çox dəyişikliklərə səbəb oldu. Hesab edirəm ki, həyatda baş verən bütün hadisələr Allahın əlindədir. İnanıram ki, yaşadığımız bu çətinliklər tezliklə aradan qalxacaq. O ki, qaldı problemlərə, bəli demək olar ki, həll etdim.


Türkay Niftəliyeva

3090 oxunub

InvestAZ