XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



MOK-un vitse-prezidenti BƏOK-un İcraiyyə Komitəsinə üzv seçilib
Olimpiya Hərəkatı 10:03 / 20.03.2019

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçirilib. BƏOK-un prezidenti Jeno Kamutinin rəhbərliyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev və məsul katib Aysel Sultanova təmsil ediblər.
Tədbirdə gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, hesabatlar dinlənilib və qurumun gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.
İclasda 1963-cü ildən təqdim olunan BƏOK-un mükafatlarına namizədlərin seçimi baş tutub. Müxtəlif ölkələrdən namizədlikləri təqdim olunan 40-dan çox nominasiyaya baxılıb və qaliblər müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiq olunmuş Jeon Borotra mükafatına AzƏOK tərəfindən namizədliyi irəli sürülən gənclər və idman naziri Azad Rəhimov layiq görülüb.
Tədbirdə, həmçinin AzƏOK-un sədri Xəzər İsayev BƏOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Onun rəhbərliyi ilə ötən il yaradılan BƏOK-un Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin işi ilə bağlı məsələlər müzakirə olunub və bir sıra qərarlar qəbul edilib. Xatırladaq ki, ötən il beynəlxalq qurumun İcraiyyə Komitəsinin qərarı ilə ilk Regional Mərkəzin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınıb.
BƏOK-un iclasında Regional Mərkəzin nizamnaməsi təsdiqlənib. Qəbul olunan qərara əsasən, qurumun İcraiyyə Komitəsi prezident, üç vitse-prezident, baş katib, mühasib və 13 ölkə üzvündən ibarət olacaq. Mərkəzin əsas fəaliyyəti region ölkələrdə ədalət prinsiplərini təbliğ etməkdir. İclasda, həmçinin BƏOK ƏORİM-in loqosu da təsdiq olunub.
Loqo milli xalça ornamentlərini və Qobustan elementlərini təcəssüm etdirir. Xalça kombinasiyasındakı elementlər və UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlər ədalət simvolu ilə eleqant şəkildə birləşdirilib. Loqo Azərbaycanın tarixi irsini simvolizə edir və mədəniyyətini özündə birləşdirir. Loqoda BƏOK-un loqosunun rəngləri olan narıncı və qırmızı rənglərdən istifadə olunub.
İclasda Regional Mərkəzin bu il Bakıda Konqresinin və Assambleyasının keçirilməsi də qərara alınıb.
Tədbirdə, həmçinin ötən ilin oktyabrında Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunları və bu ilin martında Krasnoyarskda keçirilən Qış Universiadası ilə bağlı hesabat məruzələri dinlənilib. Bundan başqa, BƏOK-un bu yarışlarda BOK-un dəstəyi ilə gördüyü təbliğat işləri müzakirə edilib.

59854 oxunub

InvestAZ