XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026



Qazaxda "İdman paytaxtı - 2026"nın açılış mərasimi keçirilib
İdman 15:39 / 05.03.2026

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazaxda "İdman paytaxtı - 2026"nın açılış mərasimi olub.

 

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

 

Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Açılış mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin "İdman Paytaxtı – 2026" seçilməsini rayon üçün mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, bu status şəhərdə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və idman infrastrukturunun daha da möhkəmlənməsinə əlavə stimul verəcək.

 

Çıxış edən Fərid Qayıbov tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik edib. Nazir bildirib ki, bu əlamətdar gün 2015-ci ildən etibarən qeyd olunur. O xatırladıb ki, 4 mart 2015-ci il tarixində ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb və həmin tarixdən etibarən bu gün rəsmi şəkildə qeyd edilir.

 

Fərid Qayıbov vurğulayıb ki, Azərbaycan idmançıları hələ 1995-ci ildən etibarən Avropa və dünya miqyaslı yarışlarda uğurlu çıxış edərək, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib. O, Bakıda keçirilən idman tədbirlərində onların nailiyyətlər qazandığını xüsusi qeyd edib.

 

Tədbir çərçivəsində rəmzi açarın təqdimetmə mərasimi keçirilib. Ötən ilin "İdman Paytaxtı" olan Qəbələ şəhərinin idman rəmzi açarı cari ilin "İdman Paytaxtı" seçilən Qazax şəhərinə təqdim olunub. Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdən rəmzi açarı alaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təqdim edib.

 

Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın "İdman Paytaxtı"dır. Bu barədə qərar 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilmiş səsvermənin nəticəsinə əsasən qəbul olunub.

 

Xatırladaq ki, "İdman Paytaxtı" statusunu 2024-cü ildə Quba, 2025-ci ildə isə Qəbələ daşıyıb.


136 oxunub

InvestAZ