Ölkəmizi altı Olimpiya Oyunlarında layiqincə təmsil edən təcrübəli mütəxəssis
İdman 20:34 / 08.12.2025
Müdriklərdən biri qeyd edib ki, həyatda uğur qazanmaq istəyirsənsə, mütləq çətin yolu seçməlisən. Bu yolda sənin rəqibin olmayacaq. Çünki uğura gedən yolda hər kəs çətinlikləri dəf edə bilmir.
Azərbaycan idmanında nailiyyətlərin əldə olunmasında rolu olan mütəxəssislərdən biri olan Vahid Nəzərovun da uğura gedən yolu heç də asan olmayıb. Lakin idmana olan həvəsi və illərdən bəri qazanılan təcrübə onu yüksək zirvəyə ucaldıb.
Vahid Nəzərov istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik əldə edildikdən sonra Azərbaycanın ağırlıqqaldırma tarixində qazanılan idman naillyətlərində böyük zəhməti olan mütəxəssislərdən biridir. Olimpiya dərəcəli hakimimiz Vahid Əliş oğlu Nəzərov 1959-cu il avqust ayının 17-də Bakı şəhərinin Əmircan kəndində anadan olub.
1971-ci ildən etibarən "Neftçi” İdman Cəmiyyətində ilk məşqlərinə başlayıb. 1976-cı ildə ağırlıqqaldırma idman növündə SSRİ idman ustası normasını yerinə yetirib. 1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1985-ci idə məzun adını qazanıb. Elə həmin il ümumittifaq dərəcəli hakim adına yiyələnib. O, 1987-ci ildə "Azərbaycanın Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Əmək fəaliyyətinə 1980-ci ildən başlayan Vahid müəllim 18 il ağırlıqqaldırma üzrə yığma komandamızın baş məşqçisi olub. Bundan başqa 1987-ci ildən bu günə qədər "Təhsil” Respublika İdman Mərkəzi (RİM) 1 saylı RİOEUGİM-nin ağırlıqqaldırma bölməsində baş məşqçi vəzifəsində çalışır. Vahid Nəzərovun bu müddət ərzində bir sıra idmançıların yetişməsində əməyi olub. Onun yetirmələri bir sıra respublika birincilikləri, çempionatları, eləcə də Avropa və dünya çempionatlarının, Olimpiya Oyunlarının iştirakçısı olublar.
1992-ci ildə müstəqil Azərbaycanın ilk beynəlxalq dərəcəli hakimi adına layiq görülən məşqçi elə həmin ildən 2010-cu ilədək Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti olub.
Vahid müəllimin yetirmələri Azərbaycan ağırlıqqaldırma tarixində şanlı səhifələr yazıblar. Belə ki, onlardan Zahid Nəzərov (1998-ci il) Avropa çempionu və Avropa kubokunun sahibi, Nizami Paşayev Avropa, dünya çempionu və rekordçusu, Əfqan Bayramov (2013-cü il) Avropa çempionu, 2009-cu ildə İntiqam Zairov, Sərdar Həsənov Avropa çempionatının mükafatçıları olublar. Eyni zamanda Təranə Abbasova, Nizami Paşayev, Turan Mirzəyev, Elxan Süleymanov və Asif Məlikov Yay Olimpiya Oyunlarında iştirak ediblər.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçildiyi dövrdən sonra Azərbaycanın idman uğurları artmağa başladı. Həmin il əldə edilən idman nailiyyətləri arasında ağırlıqqaldırma idman növündə də dirçəliş hiss olunub. Belə ki, Vahid müəllimin baş məşqçisi olduğu yığma komandanın heyətində Asif Məlikov Tailandın Çanq May şəhərində keçirilən dünya çempionatında mükafatçılar sırasında yer alıb.
64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təkanla qaldırmada ikinci, iki hərəkətin cəmində isə üçüncü yerə layiq görülüb.
Təranə Abbasova Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən qitə çempionatında ilk türk qadın idi ki, bürünc medala yiyələnib. O, Çinin Quançjou şəhərində təşkil olunan dünya çempionatında 6-cı, Sidney-2000 Yay Olimpiya Oyunlarında isə 10-cu yerə layiq görülmüşdü.
Vahid Nəzərovun rəhbərliyi altında Azərbaycanın milli yığma komandası 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ölkənin idman tarixində, ilk dəfə olaraq, komanda hesabında 45 dövlət arasında 3-cü yerə layiq görülüb. O, respublikanın milli yığma komandasının baş məşqçisi kimi 1996-cı il Atlanta, 2000-ci il Sidney, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib.
Vahid Nəzərovun bacarığı və nüfuzu beynəlxalq aləmdə də qəbul edilir. Ölkə hüdudlarından kənarda da onu təcrübəli mütəxəssis kimi tanıyırlar. Belə ki, Almaniyanın nüfuzlu "Athletik” jurnalının 2008-ci il mart buraxılışında Vahid müəllimlə bağlı ətraflı yazı dərc olunub. Avropanın aparıcı idman portallarında onun hakimlik təcrübəsi və əldə etdikləri nailiyyətlərdən bəhs edən kifayət qədər məlumatlar yer alıb.
Təcrübəli mütəxəssis 2010-cu ildə Sinqapurda yeniyetmələrin I Yay Olimpiya Oyunlarında hakim kimi münsiflər heyətinin rəhbəri olub. 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında Olimpiya kateqoriyalı beynəlxalq hakim kimi respublikamızı təmsil edib. 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında münsiflər heyətinin üzvü olub. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə münsiflər heyətinin prezidentliyi ona həvalə edilib. Tokio-2020 Yay Olimpiya Oyunlarında da azərbaycanlı hakim kimi öz bacarığını nümayiş etdirib.
Vahid müəllimin yetirəmələri arasında oğlu Əliş Nəzərovu da xüsusi qeyd etmək yerinə düşər. Əliş onun yolunu davam etdirir. Belə ki, o, Azərbaycanın idman ustası və ikinci kateqoriyalı beynəlxalq hakim tituluna yiyələnib. Həmin mükafatı gənc ədalət təmsilçisinə Beynəlxalq Federasiyanın prezidenti Məhmməd Jalud təqdim edib.
İdman sahəsində göstərdiyi müstəsna xidmətlərə görə Vahid Nəzərov dövlətimiz tərəfindən "Respublikanın ali kateqoriyalı məşqçisi” adına layiq görülüb. 1987-ci ildən respublikanın "Əməkdar məşqçisi” adını daşıyan Vahid müəllim 2005-ci ildən "Fəxri bədən tərbiyəsi və idman işçisi”dir. Təhsil Nazirliyi tərəfindən 2 dəfə Fəxri Fərmanla təltif olunub. Bundan başqa, Vahid Nəzərov Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb. Gənclər və İdman Nazirliyi tərəfindən üç dəfə "Respublikanın ən yaxşı hakimi” nominasiyanın qalibi olub.
İdman karyerasında altı Olimpiya Oyunlarında iştirak edən Vahid müəllim Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən seçkilərdə İdman Veteranları İctimai Birliyinin Təftiş Komissiyasına üzv seçilib.
Tərübəli mütəxəssis yorulmaz fəaliyyətini bu gün də davam etdirir. O, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında hakim kimi ölkəmizi təmsil etməyi qarşıya məqsəd qoyub. "Olimpiya dünyası” qəzeti olaraq, Vahid müəllimə cansağlığı və yeni nailiyyətlər diləyirik.
Anar Əhmədov
157 oxunub