XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025



Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - II hissə 
İdman 16:50 / 07.11.2025
"Olimpiya dünyası” qəzeti olaraq "Olimpiya çempionu olan zərif idmançılar” rubrikası altında dəfələrlə qızıl medal qazanan idmançıların həyatından bəhs edən yazılar çoxsaylı oxucularımızın rəğbətini qazanıb. Ötən sayımızda almaniyalı kanoeçi, səkkizqat Olimpiya çempionu Bircit Fişerin həyatından bəhs edən yazının bir hissəsini dərc etmişdik. Bu sayımızda xanım idmançının şəxsi həyatı və maraq dairəsi ilə bağlı hissəni təqdim edirik. Bircit Fişer də həyat yolu və idmançı karyerasını öz sözləri ilə ifadə edəcək.

Şübhəsiz ki, bir insanın həyatı təkcə onun iş fəaliyyəti və yaradıcılığı ilə məhdudlaşmır. Ailə insan həyatının əsas qayəsini təşkil edir. Qələbələri ilə böyük nüfuz qazanan Bircit Fişerin şəxsi həyatı da uzun müddət idmana bağlandı. O, 1983-cü ildə 1988-ci il Olimpiadasının gümüş mükafatçısı olan alman kanoeçi Yorq Şmidtlə ailə həyatı qurdu. Onların evliliyi hər iki tərəfin şəxsi və peşəkar həyatının vacib hissəsinə çevrildi. Bircit Fişer haqqında internet üzərindən axtarış edəndə Şmidt soyadına da rast gəlmək olar. Belə ki, 1984-cü ildən 1993-cü ilə qədər o, bu soyadı özü ilə uğur zirvəsinə çatdırdı. Bir sıra idmançılar ailə həyatı qurduqdan sonra idmandakı nəticələri zəifləməyə başlayır. Lakin Bircit bu deyilənlərin əsassız olduğunu öz uğurları isbat edə bildi.
Bir daha qeyd edək ki, Bircit Fişer tarixin ən çox medal qazanan idmançılarından biridir. O, 12 Olimpiya medalı (10 qızıl, 2 gümüş) qazanıb. Onun nailiyyətlərinə 27 dünya çempionatı, 7 Avropa çempionatı və beynəlxalq turnirlərin 35 medalı daxildir. 2004-cü ildə Almaniyada ilin idmançısı seçilən Bircit indi də kanoedən uzaqlaşmayıb. 2004-cü ildə idmandan ayrıldıqdan sonra Fişer ictimai həyatda fəallığı ilə diqqət çəkirdi. O, idman tədbirlərində fəal iştirak edib, məşqçi və şərhçi kimi fəaliyyət göstərir, həmçinin xeyriyyə işlərində də iştirak edirdi. Olimpiya oyunlarının tarixində böyük iz qoyan almaniyalı xanım özünü fotoqrafiya sahəsində sınayıb. Bircit Fişerin bu sahədə fəaliyyətini onun sözləri davam etsək, daha maraqlı olar.

Təbiətin yeganə qəhrəman olduğu obraz nümunələri

Həmişə fotoqrafların çəkdiklərinə baxanda təkcə özümə fikir vermirdim. Məni maraqlandıran kanoe üzərində reaksiyaların necə göründüyü idi. Karyeram ərzində minlərlə şəkilim fotoobyektivin yaddaşından kağıza köçürülmüşdü. Daxilimdə fotoqraf olmaq kimi bir çətin işin cücərtisi var idi. Amma yarışla tərs mütənasib olduğu üçün bunu gələcək fəaliyyətim kimi ehtiyatda saxlamışdım.
Peşəkar idmandakı karyeramı başa çatdırdıqdan sonra fotoqrafiyaya həvəsim tədricən inkişaf etdi. Kanoe idmanı mənim üçün əsas ilham mənbəyi idi. Məşq edərkən həmişə maraqlı şeyləri çox tez ötürdüm. İndi həmin ötürdüklərimi astaca müşahidə edib, çəkirəm. Elə bir gün yoxdur ki, qayığımda oturub, gəzməyim. Kameramı da özümlə gəzdirirəm. Brandenburq əyalətinə səyahət bütün il boyu maraqlıdır. Yazda bolsulu çaylar və göllər arasında gözəl kanoe gəzintisi, yayda həmin yerlərdə çimərlik tətili, payızda ağaclarla əhatə olunmuş prospektlər və meşələrdə velosiped sürmək, qışda isə donmuş göllərdən keçmək mənə inanılmaz zövq verir.
Brandenburq məni ovsunlamağı bacarır. "Marklar ölkəsi”ndə səyahət zamanı fotoçəkilişlər edirəm. Çəkdiklərimin bir çoxu qayıqda, adətən çox erkən saatlarda, günəş işığının sadəcə gecəni dağıtdığı zaman ərsəyə gəlib. Bunlar insanların heç bir rol oynamadığı, ancaq təbiətin yeganə qəhrəman olduğu obraz nümunələridir. Səyahət edənlər istər-istəməz bu yeni, orijinal Brandenburq təbiəti ovsunlanır. Mən çəkdiklərimdə də buna xüsusi yer verirəm. Fotoşəkillərin hər birində təbiətin nəfəsini və əzəmətini əks etdirməyə çalışıram. Emosiyaların axarını izləyirəm. Brandenburq təbiəti insana onun gözəlliyindən əvvəl təvazökarlıq hiss etməyə imkan verir. Bu təbiilikdə zərif mənzərənin üfüqləri ilə örtülmüş sahil xətti suda öz əksini tapır. Su üzərində dumanın, parlayan günəşin və axşam əhval-ruhiyyəsinin füsunkar kadrlarda əks olunması əsil sənətkarlıq hesab olunmalıdır ki, mən də bu işə böyük həvəslə yanaşıram.
Fotoqraf kimi avarlı qayığa minir, dalğaların arasında yavaş-yavaş irəliləyir, dayanır və güc çəkirəm. Şəkilərimdə təbiətin yaşamağın qeyri-mümkün olanı mümkün edən sonsuz gücünü, daxili aləmini, harmoniyanı görürəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm. Heç bir fotoqraf mənim kimi suyu və təbiəti görüb, duya bilməz. Sərgilərdə hələ indiyə qədər belə bir şəkillərə rast gəlməmişəm.
Çəkdiklərimdən xeyli media və film sahəsində yararlanıblar. Hesab edirəm ki "Mənim Brandenburqum”, "Havellenddə dörd fəsil” və ya "Su dünyaları” filmlərindəki kadrlar uzunmüddətli yaddaşda qalacaq. Fotolarım sadəcə olaraq Brandenburqa olan iştahı oyadır, onun mənbəyi və mənşəyi haqqında insanda maraq yaradır.

Mətbuatdan sitatlar:

- Bircit Fişer təbiətlə emosional əlaqəsini təkcə fotoşəkillərlə deyil, həm də seçdiyi başlıqlarda əks etdirir. Onun bu başlıqları hər iki tərəflə vəhdət təşkil edir.
- İlk baxışdan Bircit Fişerin təsvirləri qrafik görünür və su ilə səma, yaxınlıqdakı çay sahili ilə üfüq arasında qarşılıqlı əlaqəni özlüyündə ehtiva edir.

- 38 ildir ki, səkkiz Olimpiya çempionu Havel çayı və Havel göllərində kayakla məşğul olur, təbiəti və dəyişən fəsilləri unikal, kanoeçi nöqteyi-nəzərindən yaşayır.

Səyahətilə milyonlarla insanı ilhamlandıran əfsanə

1990-cı illərin ortalarından etibarən Bircit Fişer Avropada və xüsusilə Almaniyadakı çaylara sadiqlik nümaiş etdirir. O, 2006 və 2007-ci illərdə "Living Spree”, "Naturathlon”, Almaniya Təbiəti və Biomüxtəlifliyi Mühafizə İttifaqı (NABU), Almaniyanın Ətraf Mühitə Yardım Assosiasiyası və "Ətraf Mühitin Mühafizəsi Uşaqların Müdafiəsi Günü” kimi müxtəlif layihələrin himayədarı kimi gözəl mənzərələrin qorunub saxlanmasına fəal töhfə verir. 2005-ci ilin payızından NABU-nun "Aşağı Havel ovalığının renaturasiyası” layihəsinin rəsmi səfiridir. O, Havel çayının sahillərində böyüyüb. Beynəlxalq standartlara cavab verən reqata kursu olan Beetz gölü onun məşq meydançasına çevrilib.
Olimpiya Oyunlarının tarixinə yenilik gətirən almaniyalı xanım idmanda nailiyyətlərin istedad, əzmkarlıq və özünə inamın birləşməsi ilə mümkün olduğunu sübut edib. Onun hekayəsi sadəcə rekordlar siyahısından daha çox, idmanın fiziki, psixoloji və ya yaşa bağlı məhdudiyyətləri aradan qaldırmaq üçün necə vasitə ola biləcəyinə bir nümunədir. Bircit Fişer mükəmməlliyə can atan yeni nəsil idmançılar üçün bir irs qoyub.
O, sadəcə avarçəkən deyil, həm də kiçik bir idmançıdan kanoe kraliçasına qədər səyahətilə milyonlarla insanı ilhamlandıran əfsanədir.

Hazırladı:
Anar Əhmədov

180 oxunub

InvestAZ