Nadir Ağayevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş turnir keçirilib
SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Ağayev həmişə böyük ehtiramla yad edilir.
Masallı Olimpiya İdman Kompleksində xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXIX ənənəvi Lənkəran-Astara region açıq turnirinin təşkili də bu saf, unudulmaz məhəbbətdən irəli gəlirdi.
Nadir Ağayevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş turnir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib tarix yazan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin oxunması ilə başlanıldı.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, "Şöhrət” ordenli Elçin Cəfərov, Nadir Ağayevin yetirməsi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən söhbət açdılar , mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirdilər.
Daha sonra tədbirin təşkilində göstərdiyi dəstəyə görə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən bir neçə şəxslər, təşkilatlar təşəkkürnamyə layiq görüldü.
İki gün davam edən Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalar əsasında AGF-nin hakimlər heyəti tərəfindən idarə olunan yarışlarda respublikanın müxtəlif şəhər və rayonlardan olan 10 çəki dərəcəsində 22 komandadan ibarət 200 nəfər 2009-2011-ci il təvəllüdlü idmançılar qüvvəsini sınadılar. Turnirin yekun nəticələrinə əsasən komanda hesabında Lənkəran komandası birinci, Bakının "Lokomotiv” və "Gimnaziya” təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutdular. Qələbə uğrunda mübarizə aparıb turnirdə yüksək pilləyə qalxan qaliblər təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olundular.
Onu da məlumat üçün bildirək ki, yarışın təşkilində məqsəd Nadir Ağayevin şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşinin inkişafı və kütləviliyinin artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin yeniyetmələrdən ibarət yığma komanda üçün perspektivli idmançıların seçilməsidir.
398 oxunub