Bakı şəhərində Olimpiya Dəyərlərinin Tədrisi Proqramı təlimləri uğurla yekunlaşdı
İdman 11:53 / 30.10.2025
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) çərçivəsində Bakı şəhəri üzrə təlimlər uğurla yekunlaşıb.
Olimpiyadunyasi.com xəbər verir ki, 8 sentyabr – 22 oktyabr tarixlərini əhatə edən bu mərhələdə paytaxtın 11 rayonu üzrə iki günlük təlimlər təşkil olunub. Hər rayonda keçirilən sessiyalar interaktiv fəaliyyətlər, qrup müzakirələri və praktiki məşğələlər əsasında aparılıb.
Ümumilikdə 231 nəfər məktəb müəllimi təlimlərdə iştirak edib.
Rayonlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:
Binəqədi – 17, Nərimanov – 20, Sabunçu – 25, Suraxanı – 54, Xətai – 10, Qaradağ – 16, Səbail – 11, Yasamal – 27, Nəsimi – 17, Xəzər – 18, Nizami – 16.
Təlimlərin keçirilməsində ümumilikdə 28 təlimçi müəllim iştirak edib. Onlar OVEP proqramının əsas prinsiplərinə uyğun olaraq, müəllimlərə Olimpiya dəyərlərinin — hörmət, dostluq və mükəmməllik kimi fundamental dəyərlərin məktəblilərə gündəlik dərs prosesində interaktiv üsullarla çatdırılmasını nümayiş etdiriblər.
Sessiyalar zamanı iştirakçılar həm nəzəri, həm də praktik məşğələlər vasitəsilə idmanın sosial inteqrasiyada, sağlam həyat tərzinin formalaşmasında və şəxsiyyət inkişafında oynadığı mühüm rolu müzakirə ediblər.
Təlimlərin mühüm hissəsini təhlükəsiz idmanın təbliği və məktəblərdə uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasına dair xüsusi sessiyalar təşkil edib. Bu bölmələrdə müəllimlərə məktəbdə zorakılıq və diskriminasiya hallarının qarşısının alınması, eyni zamanda idmanda bərabərlik və inklüzivliyin təşviqi barədə faydalı məlumatlar təqdim olunub.
OVEP proqramının əsas məqsədi müəllimlərin peşəkar bacarıqlarını artırmaqla məktəblilərin idmana, Olimpiya Hərəkatına və onun dəyərlərinə marağını gücləndirmək, eləcə də bu dəyərlərin təhsil mühitinə inteqrasiyasına töhfə verməkdir.
388 oxunub