Fəridə Əzizova: ""Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" layihəsi idman ailəmiz üçün əhəmiyyətli bir təşəbbüsdür"
İdman 15:39 / 27.10.2025
Yaxın günlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasinin təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə "Etik və psixoloji bacarıqlar ilə güclü idmançı” layihəsinə start veriləcək. Layihə gənc idmançıların həm idman meydanında, həm də gündəlik həyatda peşəkar və ləyaqətli davranış formalaşdırmasını hədəfləyir. Layihə barədə Olimpiyadunyasi.com-a ətraflı məlumat verən Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Fəridə Əzizova bu təşəbbüsün Azərbaycan idman ailəsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.
"İlin əvvəlindən müxtəlif layihələr üzərində çalışırdıq və bu layihəni Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdikdən sonra müsbət cavab aldıq. "Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" layihəsi idman ailəmiz üçün əhəmiyyətli bir təşəbbüsdür. Biz idmançıların hərtərəfli inkişafına çalışmalıyıq. Layihə vasitəsilə gənc idmançılar etik davranış, nitq mədəniyyəti, stress menecmenti və psixoloji dayanıqlılıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bu bacarıqlar onları beynəlxalq arenada yalnız güclü idmançı kimi deyil, həm də mədəni, inamlı və ləyaqətli təmsilçi kimi formalaşdıracaq", - deyə Fəridə Əzizova bildirib.
Atletlər Komissiyasının sədri layihənin detallarına da toxunub. Onun sözlərinə görə, proqram üç ay davam edəcək və hər biri 6 saatdan ibarət beş moduldan ibarət olacaq. Layihə Olimpiya idman növlərini əhatə edəcək və əsasən 15 yaşdan yuxarı idmançılar üçün nəzərdə tutulub. "Layihənin sonunda iştirakçılar testdən keçəcək və hər birinə beynəlxalq sertifikat təqdim olunacaq. Layihənin həyata keçirilməsinə dəstək göstərən Etika Akademiyasına və əməkdaşlığa dəstək olan federasiyalara minnətdarlığımı bildirirəm. Əminəm ki, birlikdə gördüyümüz bu iş Azərbaycan idmanının keyfiyyətini və nüfuzunu yeni səviyyəyə yüksəldəcək", - deyə Fəridə Əzizova bildirib.
535 oxunub