Beynəlxalq Olimpiya Komitəsinin iş fəaliyyətinin əsasını Olimpiya təhsili, olimpizm, qədim yunan və müasir Olimpiya oyunlarının tarixi, müasir idmanın prinsip və ideyaları, Olimpiya idmanının tərbiyə və təhsil sistemində rolu və idmançıların yarış fəaliyyəti haqqında biliklərin genişləndirilməsi məsələləri təşkil edir. Əsası Pyer de Kuberten tərəfindən qoyulmuş müasir Olimpiya Hərəkatı özünəməxsus zəngin inkişaf tarixinə malikdir. Olimpiya Hərəkatı vüsət aldığı gündən indiyə kimi bir çox problemlərlə üzləşsə də, onları vaxtında həll etməyi bacarıb. Lakin bu, o demək deyil ki, müasir dövrdə Olimpiya Hərəkatını narahat edən problemlər bütünlüklə yoluna qoyulub.
Olimpizm və fəlsəfə
Olimpiya Hərəkatının müasir dövrdə üzləşdiyi problemlərdən biri olimpizm fəlsəfəsidir. Olimpizm fəlsəfəsi dedikdə nə başa düşürük? "Fəlsəfə" yunan sözündən götürülüb, mənası "phileo"- sevirəm və "sophia" - müdriklik deməkdir. Ümumiyyətlə, fəlsəfə elminə münasibət hər zaman birmənalı olub: ya onu başa düşür və qəbul edirlər, ya da əksinə. Fəlsəfə hər hansı hadisə haqqında mülahizə və baxışdır. Platona görə, fəlsəfə var olan bir şeyin dərk edilməsi, Aristotelə görə mövcud hadisənin yaranma səbəbi və prinsiplərinin öyrənilməsi, Epikura görə isə ağıl və təfəkkür vasitəsilə xoşbəxtliyə gedən yoldur. Gündəlik həyatımızda tez-tez "həyat fəlsəfəsi", "əxlaq fəlsəfəsi", "din fəlsəfəsi", "təbiət fəlsəfəsi", "olimpizm fəlsəfəsi" və sair ifadələrlə rastlaşırıq. Həyatda mövcud olan hər şeyin əsasında sevgi, xoş münasibət və qarşılıqlı anlaşma durduğu kimi, olimpizmin də əsasında bir-birinə hörmət, məhəbbət, qarşılıqlı anlaşma fəlsəfəsi durur.
Beynəlxalq Olimpiya Komitəsinin tunisli üzvü M.Mzali BOK-un Baden-Badendə keçirilən XI Olimpiya konqresində olimpizm fəlsəfəsinə münasibətini bu cür ifadə edib: "Fəlsəfə Olimpiya Hərəkatına xüsusi güc verən bir qüvvədir. Olimpizmi təcəssüm etdirən bu qüvvə Olimpiya Hərəkatında stimul rolunu oynayır". BOK üzvünün bu sözləri olimpizm fəlsəfəsi haqqında dolğun təsəvvür yaradır. Pyer de Kuberten tərəfindən işlənib hazırlanmış və humanist ideyalara əsaslanan Olimpiya Xartiyası müasir Olimpiya Hərəkatının fəlsəfi əsasını təşkil edir. Xartiyanın bəndləri humanist və fəlsəfi prinsipləpə əsaslanır, eyni zamanda burada tamlıq və vahidlik təşkil edən mənəvi dəyərlərə böyük üstünlük verilir.
Olimpizm nəyə
xidmət edir?
Cəmiyyətdə, müasir həyatımızda baş verən dəyişikliklər bütün sahələrdə olduğu kimi, idmandan və Olimpiya Hərəkatından da yan keçməyib. Olimpiya oyunlarında, idman meydançalarında, yarış arenalarında baş verən hadisələr, qalmaqallar və idmanla bağlı problemlər Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Hərəkatının həmişə diqqət mərkəzində olub. BOK rəsmiləri və mütəxəssisləri olimpizm fəlsəfəsini iki nöqteyi-nəzərdən izah etməyə çalışırlar. Əvvəla, burada söhbət olimpizm fəlsəfəsinin və Olimpiya ideallarının köhnəlməsindən və əvvəlki dəyərlərini itirməsindən getmir. Dostluq, qardaşlıq, qarşılıqlı anlaşma, şəxsiyyətin harmonik inkişafı, daha sakit və dinc dünyanın yaranmasına xidmət edən olimpiya fəlsəfəsinin əsas idealları və dəyərləri müasir dövrümüzdə də öz əvvəlki əhəmiyyətini qoruyub saxlayır. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabiq prezidenti X.A.Samaranç çıxışlarının birində deyirdi: "Olipmiya Hərəkatı bu gün həmişə olduğundan daha çox Kubertenin ideallarına əsaslanır. Dostiluq, qardaşlıq, qarşılıqlı anlaşma və şəxsiyyətin harmonik inkişafı prinsipləri bu gün də aktualdır və bu prinsiplər sülhsevər və dinc dünyanın yaranmasına xidmət edir".
Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssislərini düşündürən ikinci məsələ Olimpiya təhsilinin ümumdünya səviyyəsində təbliği və genişləndirilməsidir. Burada başlıca məqsəd Olimpiya Hərəkatının və olimizmin əsas ideyalarının və dəyərlərinin hamı tərəfindən öyrənilməsi və təbliğ olunmasıdır. Olimpiya Hərəkatının etik, mədəni və tərbiyəvi dəyərləri və onun dünya səviyyəsində kütləvi şəkildə təbliği məsələləri BOK-un 1994-cü ildə Parisdə keçirilən XI Olimpiya konqresində daha ətraflı və geniş müzakirə olunub.
Olimpiya təhsili
Uşaqlar və gənclər arasında Olimpiya təhsili müasir dövrdə mühüm əhəmiyyət kəsb edir və bununla əlaqədar lazımi işlər görülür. Yerlərdə Olimpiya məktəblərinin yaradılması və bu məktəblərə uşaq və gənclərin cəlb edilməsi Olimpiya təhsili proqramının əsas hissəsini təşkil edir. Burada başlıca diqqət uşaqların olimpiya biliyinin səviyyəsinin yüksəldilməsinə deyil, həm də olimpizm ideyalarına uyğun gələn real əxlaq və həyat tərzinin formalaşdırılmasına yönəldilir. Olimpiya Xartiyasında idman mədəniyyəti və təhsilinin bir vəhdət halında götürülməsi, etik prinsiplərə əsaslanan tərbiyənin ən gözəl və bariz nümunəsi kimi sağlam həyat tərzinin formalaşdırılması ön plana çəkilir. Haqqında danışılan problemin şüar və çağırışlar, mühazirə və müzakirələr yolu ilə həll edilməsini düşünmək sadəlöhvlük olardı. İdman sahəsində gənclər və uşaqlar arasında mənəvi əxlaq prinsiplərinə əməl olunması son dərəcə əhəmiyyətli və vacib məsələlərdəndir.
Olimpiya təhsili ilə bağlı Olimpiya Hərəkatı qarşısında duran ən ümdə problemlərdən biri də ümumtəhsil məktəblərində olimpizm fəlsəfəsinin təbliğidir. Mütəxəssislərin rəyinə görə, Olimpiya təhsili orta ümumtəhsil məktəblərində iki istiqamətdə aparılır. Birincisi, olimpizm ilə bağlı biliklər şagirdlərə dərs prosesində kontekstdən asılı olaraq və bilavasitə aşılanır. Fənn müəllimi proqrama uyğun olaraq dərs prosesində mövzu ilə bağlı şagirdləri maraqlandıran və əlavə məlumatlar verir. Məsələn, şagirdlər yuxarı siniflərdə tədris olunan "Tarix", "Dünya mədəniyyəti", "Dinin tarixi", "Coğrafiya", "Ədəbiyyat", "Fiziki tərbiyə" kimi dərslərdə antik olimpizmlə bağlı məlumatlar, "İnsan və dünya" "Etika", "Estetika" və s. fənlərinin tədrisində isə müasir Olimpiya Hərəkatına dair biliklərə yiyələnirlər. İkinci məsələ isə şagirdlərə olimpizm fəlsəfəsi haqqında əlavə məlumat verməkdən ibarətdir. Bu məsələnin həllində mütəxəssis rəyinə və müdaxiləsinə böyük ehtiyac duyulur. Belə ki, mütəxəssislər şagirdlərlə müntəzəm olaraq dəyirmi masa arxasında müzakirə aparmalı və şagirdlərin də rəyini nəzərə almalıdırlar. Şagirdlərə dərs prosesində və əlavə olaraq Olimpiya Hərəkatı, olimpizm fəlsəfəsi, olimpiya idealları və ideyaları haqqında müfəssəl məlumat verilməli və onlarla bu barədə ətraflı və geniş söhbət aparılmalıdır.
1998-ci il iyulun 14-dən 18-ə kimi Ümumdünya Yeniyetmə Oyunları çərçivəsində dünyanın 40 ölkəsindən 200 alimin iştirakı ilə "Gənclik-Elm-Olimpizm" mövzusunda keçirilən beynəlxalq forumda olimpizmlə, Olimpiya təhsili ilə bağlı geniş müzakirələr aparıldı. Alimlər bu nəticəyə gəldilər ki, gənclər arasında olimpizm biliklərinin aşağı səviyyədə olması; gənc idmançılarda Fair Play prinsiplərinə müsbət münasibətin qeyri-sabitliyi; idmanla məşğul olan gənclər tərəfindən Olimpiyaçı həmvətənlərinin qələbə dəyərlərinin yüksək səviyyədə qiymətləndirilməməsi; ümumtəhsil məktəblərində gənclərin fiziki tərbiyə məsələlərinə yetərincə diqqət ayırılmaması; məşqçi-müəllim heyətinin olimpizm və Fair Play prinsipləri haqda zəruri biliklərə malik olmaması gənclərin olimpizmlə, Olimpiya Hərəkatı və olimpiya idealları prinsiplərindən uzaq düşməsinə gətirib çıxarır.
Olimpiya muzeyləri
Beynəlxalq Olimpiya Komitəsinin olimpizm ideyalarının təbliği və genişləndirilməsi məsələsində qarşısında duran ən ümdə vəzifələrdən biri də milli olimpiya komitələrinin nəzdində Olimpiya muzeylərinin yaradılmasıdır. İlk Olimpiya muzeyi 1993-cü il iyunun 23-də İsveçrənin Lozanna şəhərində yaradılıb. Dünyanın müxtəlif ölkələrində Olimpiya muzeylərinin təşkil edilməsi maarifçilik baxımından olimpizmin təbliği sahəsində böyük imkanlar açır.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük uğur qazanaraq dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində diqqət və qayğısı son illər ərzində paytaxtda, eləcə də regionlarda Olimpiya idman komplekslərinin, meydançaların və digər idman qurğularının tikilib xalqın istifadəsinə verilməsində özünü göstərir. Prezident İlham Əliyev idmanın və Olimpiya Hərəkatının kütləviliyini artırmaq məqsədi ilə Olimpiya muzeyinin yaradılması barədə 2008-ci il 22 yanvar tarixli sərəncam imzalayıb. Buyaxınlarda inşa ediləcək Olimpiya muzeyinin layihəsi artıq hazırdır. Ümid edirik ki, bu muzey ölkənin idman siyasətində Olimpiya ideallarının və ruhunun təbliğində növbəti uğurlu addımlardan biri olacaq və olimpizmin inkişafında əvəzsiz rol oynayacaq.
Qələbədən də yüksək
Biz gündəlik həyatımızda və dövri mətbuatda mütamadi olaraq "Olimpiya ideyası", "Olimpiya ruhu", "Olimpiya ideologiyası", "Olimpiya fəlsəfəsi" və s. terminlərlə rastlaşırıq. Olimpiya Hərəkatı, Olimpiya ruhu gündəlik həyatımızın bir hissəsinə çevrilsə də, onun əsasını təşkil edən olimpizm fəlsəfəsinin hamı tərəfindən öyrənilməsi və başa düşülməsi hələ də bir qədər çətindir. Müasir Olimpiya Hərəkatını narahat edən məsələlərdən biri də humanist idealların və dəyərlərin hamı tərəfindən düzgün başa düşülməməsidir. Humanist ideallar və dəyərlər dedikdə, şəxsiyyətin harmonik inkişaf konsepsiyası, yüksək idman nailiyyətlərinin qazanılmasında əldə olunan təkmilləşmə prosesi, öz-özünü intizama çağıran həvəskarlıq prinsipi, etik idman kodeksi yada düşür. Bütün bunlar isə idman elitasının formalaşmasında əsas amillərdir. Maraqlıdır ki, Olimpiya oyunlarında idmançının öz daxilindəki inamsızlığa qalib gəlməsi, özünüdərk və özünütəkmilləşdirmə prosesi qələbədən də yüksək qiymətləndirilir. Bu nöqteyi-nəzərdən şəxsiyyətin ahəngdar inkişaf mərhələsi heç də asan məsələ deyildir. Müasir idmanda şəxsiyyətin fiziki, intellektual və mənəvi inkişafının vahidliyi prinsipindən çıxış edən mütəxəssislərə də rast gəlmək çətindir.
Yeniləşmə prosesi
vacibdirmi?
Müasir dünyada olimpizm ideallarının təbliğində iki problem meydana çıxır. Birinci problem özünü olimpizm və onun ideallarının qeyri-müəyyən və fərqli izahında göstərir. İkini problem isə olimpiya iştirakçılarının real oriyentasiyası ilə olimpiya fəlsəfəsinin təbliğ etdiyi dəyərlər və humanist idellar arasında ziddiyyətdə özünü büruzə verir. Bu ziddiyyəti aradan götürmək üçün mütləq müasir olimpizmin tarixini dərindən bilmək lazımdır. Bunun üçün isə əsasını antik Yunanıstandan götürən Olimpiya Hərəkatının inkişafındakı üç mərhələni (antik, kuberten və müasir mərhələ) tədqiq etmək lazımdır. Bu sahə ilə məşğul olan alimlərin və mütəxəssislərin əksəriyyəti olimpizm fəlsəfəsinin yeniləşməyə böyük ehtiyacı olduğunu düşünürlər. Yeniləşmə prosesi də öz növbəsində Olimpiya Hərəkatının fəlsəfi əsasının yeni dəyərlər üzərində qurulmasını tələb edir. Bunun üçün isə müasir sosial-mədəni şərait, humanist ideyalara əsaslanan insan hüquqlarının ideologiyası və ümumbəşəri dəyərlərin hakimliyi vacibdir.
Belə bir fikir də mövcuddur ki, müasir dövrdə Olimpiya Hərəkatı olimpizm fəlsəfəsinin humanist orientasiyasının zəifləməsi və əvvəlki dəyərlərdən imtina edilməsi təhlükəsi ilə qarşılaşa bilər. Maraqlıdır ki, bir nəfərin, dəqiq desək, bir atletin yüksək insani keyfiyətləri, yəni, insanın hərtərəfli və ahəngdar inkişafı, əqli, fiziki və estetik imkanları özündə cəmləşdirməsi qeyri-mümkündür. Son illərin təcrübələri onu göstərir ki, Olimpiya fəlsəfəsində və buna uyğun olaraq Olimpiya Xartiyasında müvafiq dəyişiklər mövcud vəziyyəti köklü surətdə dəyişə bilməz. Əksinə, bu dəyişikliklər Olimpiya Hərəkatında baş verənləri bir az da kəskinləşdirə bilər. Bu problemlərin həllində onu da nəzərə almaq lazımdır ki, Olimpiya yarışlarının təşkili modelində (yarışların proqramı, təyinatı və qaliblərin mükafatlandırılması və s.) əsas diqqət qələbəyə (bu qələbə hətta sağlamlıq və mənəvi əxlaq prinsiplərinin hesabına başa gəlsə də) yönəldilir.
Yeni nəslin dünya və ədalət ənənələri səviyyəsində tərbiyəsi müasir olimpizm və idmanın rolu konsepsiyasına yenidən baxılması məsələsini ortaya qoyur. Hansı ki, burada qələbə və nəticə əsas götürülür. Bu baxımdan idman qlobal miqyasda bizneslə birləşir, Olimpiya oyunları isə idman sənayesinin və əczazçılığın ticarət yarmarkasına çevrilir. İdmançıların sağlamlığına ziyan vuran dopinq problemi, idman yarışlarının gərginliyi və idman oyunlarının kommersiya xarakteri alması, yarış meydançalarında gözəl mənzərə yaradan idmançı peşəkarlığı milli olimpiya komitələrinin rəhbərliyindən, ictimai təşkilatlardan, kütləvi informasiya vasitələrindən dəqiq mövqe tələb edir.
Bu işdə Olimpiya akademiyalarının rolu böyükdür. Təntənəli açılışı 1961-ci ilə təsadüf edən Beynəlxalq Olimpiya Akademiyası Olimpiya ruhunun yüksəldilməsi və onun insanlar arasında təbliği üçün Olimpiya oyunlarının ictimai və tərbiyəvi prinsiplərinin qorunması və həyata keçirilməsi, müasir Olimpiya Hərəkatının dirçəldilməsi prinsiplərinə xidmət edən beynəlxalq təhsil mərkəzlərinin təşəkkülünə geniş şərait yaradır. Olimpiya iedallarının təbliğ olunması, idmanda ədalətli oyunlar, incəsənət və ictimai elmlərin oyunlara təsiri, idmanın insanın harmonik inkişafında rolu, idmanda dopinq problemi BOA-nın diqqət mərkəzindədir. Hazırda dünyada 60-dan çox Milli Olimpiya Akademiyası fəaliyyət göstərir.
Azərbaycanda Olimpiya Akademiyası 1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bazasında yaradılıb. Akademiya ölkəmizdə gənclər, ümumiyyətlə, əhali arasında Olimpiya ideallarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını təbliğ etməyi öz üzərinə götürüb. Yeri gəlmişkən, Azərbaycan Olimpiya Akademiyası 1999-cu ildə "Olimpizmin tarixi və fəlsəfəsi" mövzusu üzrə konfrans təşkil edib və bu konfransda maraqlı müzakirələr dinlənilib.
Olimpiya akademiyaları olimpizmin mədəni mərkəzi olub, olimpizmin ruhu, olimpiya prinsiplərinin mühafizəsi və təbliği, eyni zamanda, Olimpiya oyunlarının pedaqoji və sosial cəhətdən prinsiplərinin öyrənilməsi, təbliği, həmçinin Olimpiya ideyalarının elmi cəhətdən əsaslandırılmasına xidmət edir.
Müasir Olimpiya fəlsəfəsinin əsas məqsədi idmanın yeni elmi modelini yaratmaqdır. İdmanın elmi modeli idman yarışlarının yüksək səviyyədə təşkili və ona hazırlıq, idmançıların olimpizm idellarına uyğun olaraq hərtərəfli və ahəngdar inkişafına, idmançının vətənpərvər ruhda tərbiyəsinə xidmət edəcək.
Səadət Hakıyeva
61236 oxunub