I Avropa oyunları xalqımızın tarixində əhəmiyyətli bir hadisə kimi yadda qalacaq
Azərbaycan xalq rəqsləri, mahnıları qədim zamanlardan bu günümüzə qədər gəlib çatmışdır. Hal-hazırda da xalqımız bu inciləri dərin məhəbbətlə qoruyub saxlayır. Məhz bu gözəl xalq nümunələrində bizim adət-ənənələrimiz yaşayır. Bu gün xalq musiqimizdə və bəstəkarlarımızın yaradıcılığında musiqinin idman ilə bağlılığı, əlaqəsi bizi maraqlandırır. Bir neçə qədim mahnılarımızı xatırlatmaq istərdim: «Piyada Koroğlu», «Paroxod», «Minəydim atın kəhərini» və başqaları xalqımızın ənənələrini əks etdirir.
Tanınmış ifaçı Zakir Mirzəyev qeyd edir ki, Bakıda keçmiş yüzilliyin əvvəllərində zorxana var idi: «Zorxananın oyunları musiqi sədaları altında keçirdi. Oyunun tempinə uyğun olaraq dumbulun sədası gah güclənir, gah da zəifləyirdi»
Bildiyimiz kimi, «Koroğlu» dastanında öz əksini tapan cəngi nəğmələri silsiləsi bədii-estetik üslub etibarı ilə aşıq melodiyaların ən qədim mənbələrinə əsaslanır.
1950-1960-cı illərdə respublikamızda müxtəlif festivallara həsr edilmiş gözəl mahnılar, kantatalar və digər əsərlər yaranır: M.Mirzəyevin «Gənc idmançılar mahnısı» (sözləri: X.Əfəndiyevindir), Q.Hüseynlinin «Idmançılar mahnısı» (sözləri: H.Abbaszadənindir), «Yürüş mahnısı» (sözləri: H.Abbaszadənindir), «Gənc alpinistlər» (sözləri: T.Əyyubovundur), Niyazi və Rauf Hacıyevin birgə yazdıqları «Festival mahnısı (marş)» (sözləri: A.Lyubyanitskinindir), Z.Bağırovun «Festivala yürüş» (sözləri: A.Lyubyanitskinindir), R.Hacıyevin «Gənclik marşı» (sözləri: E.Mehdiyevindir) və digərləri idmanla musiqinin qarşılıqlı əlaqəsindən, vəhdətindən, gəncliyimizin fədakarlığından bəhs edir.
C.Cahangirovun «Yürüş mahnısı» (sözləri: Ə.Əlibəylinindir), «Düşərgə nəğməsi» (sözləri: Q.Qasımzadənindir), A.Rzayevanın «Düşərgə» nəğməsi (sözləri: N.Rəfibəylinindir) məhz bu mövzuya həsr olunmuşdur.
1980-ci ildə Moskvada keçirilən Olimpiada üçün Qara Qarayev bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi Azər Dadaşov idmançılara həsr edilmiş gözəl kantata yaratdı.
Olimpiya oyunlarının yenidən bərpasına nail olmuş Pyer de Kuberten 1906-cı ildə oyunlar dövründə incəsənət müsabiqələrinin təşkili ideyasını ortaya atmışdı. 1912-1948-ci illərdə belə müsabiqələr bilavasitə Olimpiya oyunlarının proqramlarına daxil edilmişdir. Müsabiqələrdə arxitektura, rəngkarlıq və heykəltəraşlıq işləri, nümayiş etdirilir, bədii və musiqi əsərləri ifa olunurdu. Müsabiqə laureatlarının əsərləri Olimpiya medalları ilə mükafatlandırılırdı. Bu gözəl ənənə bu gün bir qədər başqa şəkildə olsa da davam etdirilir.
Ümumiyyətlə, Olimpiya Oyunları müharibəyə zidd olub xalqlar arasında sülh və əminamanlıq işinə, birlik və əməkdaşlığa xidmət edir. Olimpiya Oyunları vaxtı idmançılar ölkəsindən, ictimai-siyasi quruluşundan, mövqeyindən, milli və irqi mənsubiyyətindən, dilindən, dünyagörüşündən, əqidə və əməllərindən və sairədən asılı olmayaraq əsil idman mübarizəsi, tam obyektivlik və bərabərlik şəraitində çıxış etməyə söz verirlər.
Olimpiya Oyunları idmanın müxtəlif növləri üzrə böyük maraq doğurur, gərgin idman mübarizəsinə və yarışlara səbəb olur ki, bunların hamısı dostluq, birlik, əməkdaşlıq, düzlük və sədaqət ruhunda aparılır. Yarışlar böyük estetik və etik məqsədlər güdür.
Hələ 1998-ci ildə Azərbaycanda Yeniyetmələr birinci Ümumrespublika Oyunlarında xalqımızın Ümummilli lideri Heydər Əliyev demişdir: «Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir».
İldən-ilə bizim bədən tərbiyəçilərin paradı daha şən, daha parlaq və zəngin olur. Gəncliyin addımları daha qətiyyətli olur və onların təbəssümündə, baxışlarında şadlıq həvəsi parlayır ki, burada insan bədəni bu qədər tez və gözəl tərbiyə olunur, gənclərdə qəhrəmanlıq əhval-ruhiyyəsi odlu və müzəffər şəkildə inkişaf edir, çiçəklənir, hər gün xalqın varlanması və zənginləşməsi, Vətənin müdafiə bacarığının artması, ölkəmiz naminə gündəlik cəsarət və igidliklərin baş verməsinə kömək edir.
1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi İdarəsinin «Mədəniyyət və təhsil» proqramı çərçivəsində keçirdiyi «Olimpiya, incəsənət və idman» müsabiqəsini YUNESKO rəğbətlə qarşılamışdı.
2004-cü il iyulun 22-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında «Olimpiya ruhu» sərgisinin açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos iştirak etmişdir.
Yunanıstanın mədəniyyət naziri sponsorluğu ilə bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi sərgi «Antik Olimpiya Oyunları», «1896-cı ildə Afina Olimpiya Oyunlarının bərpası» və «Afina-2004» bölmələrindən ibarət olmuşdur. Birinci və ikinci bölmələr Yunanıstan muzeyləri və arxivlərinin eksponatları əsasında hazırlanmışdır. Burada Azərbaycan rəsmi Kərim Səlalın "Afina-2004” adlı əsəri də nümayiş etdirilmişdir.
2004-cü il fevralın 11-də «Hyatt-Regensy-Naxçıvan» mehmanxanasında Mədəniyyət Olimpiadası üzrə Azərbaycan Milli Komitəsinin ilk toplantısı keçirilmişdir. Mərasimi giriş sözü ilə açan Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Merkuris Karafotias belə bir Komitənin yaranma zərurətindən danışdı. Bildirdi ki, bu il "XXVIII Yay Olimpiya Oyunları” olimpiadaların vətəni olan Yunanıstanda keçiriləcək. Bu Olimpiya Oyunları həm də üçüncü minilliyin, yeni əsrin ilk Olimpiadası kimi yaddaqalan olacaq.
Artıq dünyanın 42 ölkəsində Mədəniyyət Olimpiadası üzrə Milli Komitələr yaranıb, fəaliyyətə başlayıb. Səfir M. Karafotias əlavə etdi ki, sevindirici haldır ki, Mədəniyyət Olimpiadası üzrə Milli Komitələrin yarandığı 42 ölkədən biri də Azərbaycandır. Elə bu özü Azərbaycanda idmana, mədəniyyətə göstərilən diqqət və qayğının təcəssümüdür.
O, mədəniyyət Olimpiadası üzrə Azərbaycan Milli Komitəsinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsini təqdirəlayiq hesab etdiyini bildirdi.
Sonra «Azərbaycan Mədəniyyətinin dostlar fondu»nun, eyni zamanda Mədəniyyət Olimpiadası üzrə Azərbaycan Milli Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva bildirdi ki, son illər Azərbaycan idmançıları beynəlxalq və dünya miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edir, yüksək yerlərə layiq görülür, respublikamıza qələbə ilə qayıdırlar. Mehriban xanım Əliyevanın sözlərinə görə, Azərbaycan qədim tarixə, mədəniyyətə, zəngin ənənələrə malik olan bir ölkədir. Bu gün bütün bunları dünyaya çatdırmaq, nümayiş etdirmək hər bir azərbaycanlının borcudur və bu, çox vacibdir. Məhz buna görə də, eşidəndə ki, Yunanıstanda "XXVIII Yay Olimpiya Oyunları” qarşısında "Mədəniyyət Olimpiyadası” keçirilir və Milli Komitələr yaradılır, biz də bunu məmnunluq və həvəslə qəbul etdik. Ötən ilin noyabr ayında Mədəniyyət Olimpiadası üzrə Azərbaycanın Milli Komitəsi yaradıldı. Zəngin, mədəni irsimizi bütün dünyaya çatdırmaq, təqdim etmək bizim komitənin ən əsas və ən vacib vəzifəsi olacaq.
Mehriban xanım Əliyeva Sidney Olimpiyadasını yada salaraq dedi ki, orada "Azərbaycan Günü” keçirilmişdir. Burada Azərbaycanın əl işlərindən, rəsm əsərlərindən, qədim xalçalarından ibarət sərgi nümayiş etdirilmişdi. Sərgiyə müxtəlif ölkələrdən çoxsaylı qonaqlar dəvət olunmuşdu və sərgi onların hər birində böyük maraq oyatdı.
Mehriban xanım eyni zamanda vurğuladı ki, Sidney Olimpiyadasında olduğu kimi, Afina Olimpiyadasında da Azərbaycan günü təşkil olunacaq. Biz bunu daha yüksək səviyyədə təşkil edəcəyik. Bizim çox qədim tariximiz, zəngin mədəniyyətimiz var. Bu gün bunu bütün dünya görməlidir və bilməlidir. Afinada biz idmanla yanaşı, mədəniyyət proqramı da hazırlayacağıq. Sənət əsərlərimizi Afinaya aparacağıq. Bəlkə mədəniyyət xadimlərimiz də ora getdi. Yəni, Azərbaycan mədəniyyətinə məxsus olan bütün tərəfləri, incəlikləri Afinada layiqincə göstərməyə, nümayiş etdirməyə çalışacağıq.
Olimpiadaların açılışı və bağlanışı münasibətilə keçirilən rəsmi parad əsil gözəllik bayramına, kütləvi estetik səhnəyə, əvəzsiz tamaşaya çevrilir. İdman mübarizəsi bayram əhval-ruhiyyəsinə, şadlıq və sevincə, təntənəli estetik nümayişə qarışır. Elə sonuncu Olimpiadanı götürək.
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında 204 ölkənin idmançıları iştirak etmişdir.
Mətbuatın verdiyi məlumatlara (bunu televiziya tamaşaları və XXIX Yay Olimpiya Oyunları haqqında çəkilmiş xüsusi film də sübut edir) görə bayramsayağı bəzənmiş Pekinin mərkəzi stadionu al əlvan örtüyə bürünmüş, gözəl və yaraşıqlı gənclərin milli geyimlərlə, rəngarəng bayraqlarla keçən təntənəli paradından könülaçan əsrarəngiz bir şəkilə düşmüşdür. Adam Faustun məşhur "dayan, dur, sən nə gözəlsən!” sözlərini xatırlayırdı. Olimpiya məşəli stadiona gətirildi və Olimpiya tonqalı yandırıldı.
Avqustun 10-da Çin Xalq Respublikasının paytaxtı Pekində – "China World Hotel”də "XXIX Yay Olimpiya oyunları” çərçivəsində "Azərbaycan Günü” keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Mərasimin keçirildiyi salon ölkəmizin dövlət bayrağı ilə, Azərbaycana xas milli üslubda zövqlə bəzədilmişdi. Burada quraşdırılmış iri ekranlarda Azərbaycanın mədəniyyəti və incəsənətindən, tarixindən, müasir inkişafından bəhs edən videomateriallar nümayiş etdirilirdi.
Ümumiyyətlə, biz idmanın inkişafına çox diqqət yetiririk.Belə ki, idman bizim ictimai həyatımızın vacib bir amilidir. Olimpiya hərəkatının inkişafına böyük diqqət yetirilir. Azərbaycan regionumuzda və bütün dünyada Olimpiya hərəkatında əhəmiyyətli rol oynayır və Olimpiya idealarını tam bölüşür. Olimpiya Oyunları, sadəcə, dünyanın əsas idman hadisəsi deyil, eyni zamanda, bu Oyunlar qlobal miqyasda ən əhəmiyyətli hadisədir. Olimpiya oyunları, sadəcə, idman və yarışma deyil, eyni zamanda, dostluq, tərəfdaşlıq və qarşılıqlı dəstək deməkdir və təbii ki, bu, idmançılar üçün yaddaqalan nümunədir. Əminəm ki, onlar bunu bütün həyatı boyu xatırlayacaqlar. Onların öz qabiliyyətini nümayiş etdirmək, öz ölkələrinin idman şərəfini qorumaq və eyni zamanda, əminəm ki, burada dostlar qazanmaq imkanı olacaqdır.
Pekində keçirilən "Azərbaycan günü” ölkəmizin mədəni irsinin, musiqisinin, mətbəxinin təbliği baxımından mühüm əhəmiyyət daşıyırdı. Mərasimə dəvət olunan xarici ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən, diplomatlar, Milli Olimpiya Komitələrinin rəhbərləri Prezident İlham Əliyevlə söhbətlərində bu tədbirin Azərbaycanla yaxından tanış olmaq üçün gözəl fürsət olduğunu bildirdilər.
Mərasimdə nümayiş etdirilən Azərbaycanın nəfis xalçaları, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri ilə maraqla tanış olan qonaqlar zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin böyük təəssürat doğurduğunu söylədilər. Dövlətimizin başçısı ölkəmizin zəngin mədəni irsinin təbliğinə böyük diqqət yetirildiyini, Pekində təşkil olunan "Azərbaycan Günü”nün bu istiqamətdə görülən işlərdən biri olduğunu dedi. Eyni zamanda, bildirdi ki, Azərbaycanda mədəniyyətlə yanaşı, bütün digər sahələrin inkişafına da xüsusi diqqət yetirilir.
Ölkəmizdə keçirilən I Avropa Oyunları xalqımızın tarixi, mədəniyyəti və adət-ənənələrinin təbliği baxımından əhəmiyyətli bir hadisə kimi yaddaşlara yazıldı. Oyunlarla bağlı ölkəmizə gələn əcnəbi vətəndaşlar paytaxt Bakının görməli yerlərinə, muzey və sərgi salonlarına baş çəkdilər, zəngin irsi, dahi sənətkarları, tarixi tolerantlıq ənənələri ilə seçilən Azərbaycanı yaxından tanımış oldular.
Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edib. Ölkəmizə "köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti iştirak edib. 291 atletimizin mübarizə apardığı yarış isə Azərbaycan üçün tarixi rekordla əlamətdar olub. 17 gün ərzində 20 idman növü üzrə davam edən yarış həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.Yığmamız 56 medalla başa vuraraq, qitənin ikincisi adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan komandamız Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna və Türkiyə kimi nəhəngləri arxada qoyub. Komandalarımızın üzvləri Avropa Oyunlarına daxil edilən 17 gün ərzində 20 idman növünün 30 bölməsindən 12-də fəxri kürsüyə qalxıb.
Birinci Avropa Oyunlarının açılış mərasimini hamı həyəcanla, səbirsizliklə gözləyirdi. İlk baxışda, səhnənin ortasında qurulmuş dekorasiya çox sadə, həm də çox zövqlü bir dekorasiya kimi görünürdü. Ancaq hələ heç kimin bu dekorasiyanın altında gizlənən möcüzələrdən xəbəri yox idi və hər dəfə dekorasiya dəyişib açılış mərasimi ilə bağlı yeni bir səhnə təqdim olunanda hər bir azərbaycanlının, eləcə də, xarici qonaqların gözlərində maraq, təəccüb və heyranlıq əks olunurdu.
Mərasimi Alim Qasımovun sehrli səsi dualarla başlatdı və həmin sehrli səs o dualarla mərasimi bitirdi. Bu iki səs arasında isə Azərbaycan yeni bir tarix yaşadı. Orada olan 70 min tamaşaçının hər biri Azərbaycanı yenidən tanıdı və kəşf etdi. Açılış mərasimində dörd müqəddəs ünsür, yaxud Tanrıçılıq inanc sisteminin təzahürləri Olimpiya məşəlini gətirən idmançımız onu torpağasancdı.Od torpaqda yenidən oyandı, qalxdı, hava ilə qovuşdu. Sonra isə Xəzər dənizinin üzərində alovlanmağa başladı. Beləliklə, biz dünyanın ən qədim dini olan Tanrıçılıq dininin müqəddəs dörd ünsürünün bu prosesdə insanlara, tamaşaçılara təqdim olunduğunun şahidi olduq və bu, eyni zamanda, insanın yaradılışının başlanğıcını simvolizə edirdi. Burada həm milli, dini inanc sistemi, həm bəşərin yaranmasını simvolizə edən ezoterik bilgiləri özündə əks etdirən mükəmməl sistem var idi. İnsanın yaradılışında iştirak edən dörd komponent və ən qədim inancımız Tanrıçılıqda olan həmin dörd komponent - od, su, hava və torpaq komponenti var idi.
Bu, əlbəttə ki, milli olmaqla bərabər, eyni zamanda, dünyəvi idi. Novruz bayramı süjeti, idman və yaradılış dastanı Sən demə, başqa bir sürpriz varmış. Bu mərhələdə isə növbəti kompozisiya Azərbaycanın ən qədim milli bayramı olan Novruzla bağlı oldu. Əslində, əbədiyaşarlıq rəmzi olan yaşıl səmənini meydana gətirən bahar qız səmənini torpağa qoydu və buradan həyat cücərməyə başladı.
Bu, bütün dünyada qəbul olunan və kosmik təqvimlə üst-üstə düşən yaz gecə-gündüz bərabərləşməsini xatırlatmaqla, yeni həyatın, yeni eranın başlanmasını xatırlatmaqla bərabər, eyni zamanda, insanların daim əbədiyaşarlıqla bağlı xəyallarını özündə əks etdirən bir süjet idi. Bu süjetdə, eyni zamanda, qədim dastanlarımızdan olan "Yaradılış” dastanı da var idi.
Bundan sonra torpaqdan yaranan "Adəm” göründü. Bu, əslində, insanın yenidən doğuluşu idi. Bu, bəşəriyyətin keçdiyi tarixi yolun qısa ensiklopedik xatırladılması idi. Yəni, əgər yenə ezoterik bilgilərə müraciət etsək və yaxud mifoloji dövrə müraciət etsək, Nuh peyğəmbərə qədər olan sivilizasiya və dünyanı su basdıqdan sonra əmələ gələn sivilizasiya tarixi qısa süjetdə bizə təqdim olunmuşdu.
Bax burada insanların yenidən doğuluşu və müasir insan tipinə çatması mərhələsi özünü göstərirdi. Yəni, "homosapiens”in (düşünən insan) yaranması idi. Eyni zamanda, bu, bizim qədim türk dastanlarından olan "Yaradılış” dastanın süjetinin arxetipini xatırladırdı.
Üçüncü səhnə - əbədi sevgi və rəqabət Üçüncü kompozisiyada nə olacağını biz çox maraqla gözləyərkən birdən-birə bütün xalqlar üçün, bütün insanlar üçün əbədi mövzu olan və insanlığın yaşama səbəbi olan sevgi səhnəyə çıxdı. Yaşıl çəmənlərin içərisindən sevginin, məhəbbətin simvolu olan Məcnun meydana çıxdı və öz Leylisinə doğru irəliləməyə başladı. Beləliklə, Xəzər dənizi üzərindəki atəşi yandırdı.
Bu səhnənin içərisində Tanrının insanlığa bəxş etdiyi ən munis, ən incə, ən ülvi hiss olan məhəbbət vardı. Beş min illik dövlətçilik tarixinə səyahət, yaxud hər səhnə bir tarix səhifəsi idi Bu epizod bitər-bitməz Azərbaycan xalqının tarixi keçmişinə qısa bir ekskursiya vardır. Dekorasiyada Azərbaycanın 5 min illik tarixini dövrlər üzrə göründü.
Hər bir azərbaycanlı, eləcə də, hər bir qonaq Azərbaycanın 5 min illik dövlətçilik tarixi haqqında qısa epizodik məlumatlar əldə etdi. Dairəvi sistem üzrə düzülmüş və dövrlər üzrə dövlətçiliyimizin xüsusiyyətlərini, xarakterini və sivilizasiyaların mərhələli olaraq əlamətlərini özündə əks etdirən dövlətçilik tariximizin qısa forması səhnədə görünməyə başladı.
Şumerdən, Mannadan, Midiyadan başlamış Atabəylərə, eləcə də, müasir dövrə qədər. Hər kiçik səhnə, əslində, Azərbaycanın 5 min illik dövlətçilik tarixinin bir səhifəsi idi.
Mədəniyyətimizin beşiyi Qobustan qayaüstü rəsmləri Sıradakı səhnə sanki tariximizin yerdən baş qaldırmasını, doğuşunu əks etdirdi. Səhnə dekorasiyasının ortasından canlı Qobustan doğulurdu. Qayalar böyüdükcə, onların üzərində min illər öncə əcdadımızın yaratdığı mədəniyyət nümunələri öz əksini tapdıqca insanın ürəyi qürurla dolur, belə bir qədim mədəniyyətin davamçısı olmaqdan fəxarət hissi keçirirdi.
Növbəti səhnədən sonra düşünürdük ki, artıq dünyaya Azərbaycanın dövlətçilik tarixi haqqında, Azərbaycanın milli kimliyi haqqında kifayət qədər məlumat verilib.
Amma kompozisiyanın tamamlanması üçün bu dəfə isə dövriyyəyə buğa girdi. Mifoloji düşüncədə yer kürəsinin güclü buğaların buynuzunun üstündə olduğu ilə bağlı bilgilər var. Hər nə qədər mifologiya dövrü bəşəriyyətin uşaqlıq dövrü adlandırılsa belə burada mütləq bir müdriklik var. Yəni ictimai fikrin, bilginin, elmin mənşəcə eyni mənbədən gəldiyini düşünsək, o zaman biz burada bütün xalqların mifoloji dünya görüşündə olan eyni süjetin kompozisiyada əksini tapdığını görə bilərik. Güc, rəqabət, idman və yarışma rəmzi olan buğanın meydanda görünməsi bir daha bizi nağıllar aləmindən qaytarmaqla yenidən gerçək həyatda bir idman hadisəsi üçün bura toplaşdığımızı xatırlatdı. Bax bu da tədbirin ümumi ovqatını, həmrəyliyini və ahənginin xoş niyyət üstündə qurulduğunu və birləşdirici vasitə kimi çıxış etdiyini göstərən kompozisiyalardan biri oldu.
Narın sirri, narın müdrikliyi və narın quruluşundakı abstrakt məntiq Sonda isə səhnəyə nar gəldi. Nar Cənub xalqlarının, Şərq xalqlarının düşüncə tarixində, mifoloji dünya görüşündə xeyli sayda müxtəlif məzmun kəsb edir. Yəni, burada həm zənginlik var, həm qırmızı olduğu üçün atəşi simvolizə edir. Həm sirr və həm intellekti simvolizə edir. Nar, eyni zamanda, bərk cismin fiziki xassəsini özündə göstərir. Çünki biz bilirik ki, bərk cisim göründüyü kimi bütöv deyil, kiçik hissəciklərdən, molekullardan, atomlardan, neytronlardan ibarətdir. Biz vahid bir narı görməklə bərabər, eyni zamanda, onun içərisində çox sayda tərkib hissələrini gördük.
Nar Azərbaycanın milli simvolu idi. Əslində, dünyanı bir nara bənzətsək, ayrı-ayrı dövlətlər və ayrı-ayrı xalqlar da həmin bu narın içərisində olan o xırda dənəcikləridir. Yəni, bir daha Azərbaycan dünyaya ismarıc göndərdi ki, bizim taleyimiz birdir. Əslində, bir gəmidə üzən bir narın içərisində olan dənəciklərik və biz bu məkandan kənara çıxa bilmərik. Burada yaxşı, rahat, sülh və əməkdaşlıq içərisində yaşamaq üçün mütləq bir-birimizin mənafeyini qorumalıyıq. Hesab edirəm ki, bu da ən böyük ismarıclardan və mərasimin düşünülmüş təqdimatlarından biri idi.
Bundan sonra isə biz yenidən Alim Qasımovun səsində yenə dualar eşitdik. Əslində, bu duaların ünvanı insanlığa idi, əlbəttə ki, ilk növbədə, Azərbaycana.
Azərbaycan musiqisi və "Sarı gəlin” ürəkləri bir daha fəth etdi Bu prosesdə biz Azərbaycan xalqının estrada, klassik musiqisindən, xalq mahnılarından, lirik mahnılarından, milli musiqi alətlərindən xeyli sayda bəstələr dinlədik. O cümlədən, "Sarı gəlin” mahnısını iki dəfə eşitdik.
Bütün bunlar Azərbaycanın nə qədər dərin keçmişə, dərin tarixə, dərin mədəniyyətə, dərin mənəviyyata, dərin intellektə, əqlə və dərin milli fəlsəfəyə, milli etikaya və estetikaya malik olduğunun göstəricisi idi. Bundan sonra biz birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın çıxışını dinlədik. Mehriban xanım öz çıxışında qeyd etdi ki, müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır: "Bu səhifəni biz yazırıq. Azərbaycan xalqı yazır. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!”. Bu ifadədən sonra 70 min insanın "amin” sədaları ucaldı.
Açılış mərasimində izlədiyimiz maraqlı proseslərdən biri 50 ölkəni təmsil edən milli komandaların səhnəyə gəlişi idi. Türkiyə milli komandasının Azərbaycan və Türkiyə bayrağı ilə səhnəyə daxil olması insanlarda ayrıca bir təəssürat, həyəcan yaratmışdı.
Bağlanış mərasimində rəsmi çıxışlardan sonra tədbir müxtəlif səhnə quruluşları ilə davam etdi. Gəncliyin enerjisi bölməsində rəqqas hərəkətləri ilə səhnədə enerji qığılcımı yaratdı. Güclü enerji onun bədənindən keçərək onu daha da hərəkətə gətirdi. Rəqqas bu enerjini əvvəl rəqqasəyə, daha sonra isə başqalarına ötürdü. Bu ifaçılar əllərində olan işıqlı altıbucaqlarla səhnə boyunca hərəkət edərək burada Bakı 2015-in rəmzi olan nar ağacının qrafik obrazını yaratdılar.
Daha sonra Oyunlardan əsas məqamların əks olunduğu video görüntü tamaşaçılara təqdim olundu. Bunun ardınca isə səhnədə simurq quşu möhtəşəm şəkildə canlandırıldı. Sonrakı bölmədə stadionun üstündən tamaşaçıların üzərinə yadigar kimi saxlaya biləcəkləri yanar közlər buraxıldı. Əlli iştirakçı dövləti təmsil edən 50 uşaqdan biri Oyunların alovu ilə çırağını yandırdı və alovu başqa uşaqlarla bölüşdü. Sonra uşaqların çıraqlarını ən aşağı halqasından asdıqları nəhəng çılçıraq səmaya yüksəldi.
Daha sonra dünyaca məşhur müğənnilər Con Nyumən və Klin Banditin ifa etdikləri mahnıların sədaları altında tədbir, Bakı səmalarını bəzəyən və işıqlandıran möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkeyin dediyi kimi: "Azərbaycanın və Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.
Oyunların keçirildiyi yerlərin estetik gözəlliyi də çox vacib məsələlərdəndir və burada da bir növ incəsənət müəssisələrinə: teatr, kino və konsert salonlarına, sirklərə müəyyən yaxınlıq və ümumilik vardır. Bu gün Olimpiya Oyunlarının daha canlı və təsirli çıxması, estetik zövq verməsi binanın, meydançanın yaraşığından da çox asılıdır.
Arxitektura gözəlliyi, idmanın keçirildiyi yerin yaraşıq və rahatlığı, estetik forması, tamaşaçı üçün xoşagələn və maraqlı olması, tərtibatın incəliyi, şəraitin yüksək məədəni səviyyədə olması oyunların gözəlliyini daha da artırır, əsil estetik zövq mənbəyinə çevrilməsini təmin edir.
Yeri gəlmişkən deyək ki, bu cəhətdə respublikamızın və şəhərimizin idman təşkilatları ciddi fikir verir, tamaşaçını sevindirməsi üçün yerləri estetik formada olmasına, kifayyət qədər müasir idman bazaları və meydançalarının tikilib istifadəyə verilməsinə, onlarda idmançı və tamaşaçının rahatlığı üçün hər cür şəraitin yaradılması qayğısına qalarlar.
İndi şəhərimizə layiq gözəl və iri, müasir ruhlu sirk binamız olduğu kimi, yüksək tələblərə cavab verən, müasir səviyyədə duran daha iri və yaraşıqlı futbol meydançamız da vardır. Belə idman meydançası idmanın geniş təbliği, minlərlə tamaşaçıya idman və estetika zövqü vermək sahəsində, oyunların keçirilməsində, habelə əsil bayrama çevriləcək kütləvi yarışların təşkili işində misilsiz rol oynayır.
Əlbəttə, unutmaq olmaz ki, Avropa oyunlarının keçirilməsinin estetik zövqü tamaşaçılardan, şəraitdən də çox asılıdır. Mədəni şərait, rahatlıq, tamaşaçıların qayğı və diqqəti idmanın gözəlliyini daha da artırır, gələnlərə əsil zövq və həz verir, onların rahatlığı və istirahəti üçün əvvəzsiz vasitə olur, xoş və gözəl təəssürat yaradır, uzun müddət xəyaldan çıxmayan izlər buraxır. Teatrda, konsert salonlarında olduğu kimi stadionda, idman sarayında da özünü xoş və mədəni aparmalı, rəftarında incə, lətif və qayğıkeş olmalısan. Əks təqdirdə əhval-ruhiyyə pozulur, qan qaralır, narahatlıq əmələ gəlir, bu isə idman yarışının gözəlliyini, onun estetikasını da xeyli itirir.
50935 oxunub