"Olimpiya dünyası” qəzeti öz səhifələrində yalnız idmançılara, məşqçilərə, hakimlərə deyil, həm də digər sənət, peşə adamlarına, yaradıcı insanlara da yer ayırır. İndiyədək xeyli sayda teatr, kino aktyorları, müğənnilər, şairlər redaksiyamızın qonağı olublar. Onların içində xalq və əməkdar artistlər də az olmayıb. Belə insanlardan Həsən Məmmədov, Ramiz Əzizbəyli, Yaşar Nuriyev, Tariyel Qasımov, Yasin Qarayev və başqalarının adlarını çəkə bilərik.
Budəfəki qonağımız tanınmış şair, Prezident təqaüdçüsü Dayandur Tağıyevdir (təxəllüsü Sevgindir). Dayandur müəllimlə onun 60 illik yubileyi ərəfəsində görüşdük. Qonağımız bizə ömür yolundan, yaradıcılığından, idmana olan marağından danışdı.
- Dayandur müəllim, istərdik sizi yaxından tanıyaq.
- 1959-cu ildə İmişli rayonunun Əlipənahlı kəndində doğulmuşam. 1969-cu ildə ailəmiz mal-qara saxladığı üçün Kür qırağına köçmüşük. Bizim kəndin camaatı əsasən, heyvandarlıqla məşğul olurdu. Sovet hökumətinin qayda-qanunlarına görə, kolxozda heç kəs iki inəkdən, 5 qoyundan artıq təssərrüfat saxlaya bilməzdi. Bu səbəbdən bizim ailə və bəzi qohumlarımız Kür qırağındakı kəndə köçməyə məcbur oldular. Bura ada kimi bir yer idi və rayon mərkəzindən xeyli aralıda yerləşirdi. Çox çətin dövr idi və caamat yaşayış, güzəran üçün çox əziyyətə qatlaşmalı olurdu. Burada məktəbi qamışdan-palçıqdan özümüz tikmişdik. Kəndimizdə məktəb dövlət tərəfindən müstəqillik illərində inşa edildi.
"Ailənin yükü mənim
çiynimdə idi”
8-ci sinfə qədər burada oxudum. Sonra orta məktəbi bitirmək üçün 2 il hər gün qayıqla Kürü keçərək Zərdab rayonunun Nardanlı kəndinə gedirdim. Orta məktəbi müvəffəqiyyətlə bitirdim. Məzun olanda atam rəhmətə getdi. Biz çoxuşaqlı ailə olmuşuq - 7 bacı, 3 qardaş. Evin böyük oğlu olduğum üçün ailənin yükü mənim çiynimdə idi. Əsgəri xidmətimi başa vurduqdan sonra kəndimizdə fəaliyyət göstərən neft qazma idarəsində işə düzəldim. Əvvəlcə burada 2 ay laborant işlədim. Maaşım digər işçilərin məvacibi ilə müqayisədə çox az idi. Bir dəfə idarənin rəisi rəhmətlik Yusif Xankişiyevin yanına getdim ki, maaşımı artırsın. Ona dedim ki, insafınız olsun, mən 120 manat maaşla 7 bacımı necə köçürəcəyəm?. Rəis də qayıtdı ki: "sən cavansan, axı, boyun da hündür. Səni qüllənin başına necə çıxaraq? Yıxılıb, şikəst olarsan”. Dedim ki, narahat olmayın, mən dözümlüyəm. Bu hadisədən sonra maaşımı artırdılar və beləcə, 6 il orada işlədim. Bu müddət ərzində həm bacılarımı köçürdük, həm evimizi tikdik. Artıq özüm haqda düşünməyin vaxtı çatmışdı. Sənədlərimi politexnik texnikumunun qiyabi şöbəsinə verdim və qəbul oldum. Ali təhsilimi Bakıya köçdükdən sonra Kamal Abdullanın köməyi sayəsində Bakı Slavyan Universitetində, yaradıcılıq fakültəsində almışam.
- Nə vaxt yazmağa başlamısınız?
- Şeirlərimi gənclik dövründən yazıram. Amma ilk dəfə 8-ci sinifdə oxuyanda hekayə yazmışdım. Amma uğursuz oldu. Qonşu Zərdab rayonunun Mərdanlı kəndinin klubuna kino gətirmişdilər. O vaxt belə şeylər yox idi. Mən də həmin kinoya baxmağa getmişdim. Bu kino mənə o qədər təsir eləmişdi ki, hekayə yazmaq qərarına gəldim. Bu, İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə” filmi idi. Mən hekayəmdə Veselinin adını dəyişdirib Vasya eləmişdim. Yaralı Veselinlə Anjelikanın görüşdüyü ağacı isə akasiya kimi yazmışdım. Hekayəni sinifdə oxuyanda əvvəlcə müəllim güldü, sonra uşaqlar. Bu, mənə pis təsir etdi və bir daha yazmadım. Bir də qələmi əlimə əsgəri xidmətdən qayıdandan sonra aldım. O vaxt İmişli rayonunda ədəbi birlik var var idi. Bura Səyyad Aran, Qəşəm Nəcəfzadə, Cabir Savalan, Ağasəlim Hacıyev və başqaları gəlirdilər. İlk şeirimi 1980-ci ildə yazmışam. 1984-cü ildə Bakıya köçdüm və yaradıcılığım üçün daha yaxşı şərait yarandı. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüyəm.
- İndi çap olunmaq üçün hər bir şərait yaradılıb. Bəs o vaxt necə?
- Həmin vaxt şeirlərini çap etdirmək və ədəbi məclislərdə iştirak etmək asan deyildi. Ciddi senzura var idi. Bəlkə də buna görə daha yaxşı, oxunaqlı şeirlər yazılırdı. Bu gün bəzi gənclər çox tənbəldirlər, öz üzərilərində işləmək və hər şeyi asanlıqla əldə etmək istəyirlər.
Bir dəfə İmişli rayon komsomol komitəsinin gənclər üzrə ədəbi birliyində Məmməd İsmayılın gecəsi keçirilirdi. Həmin gecədə mən də öz şeirlərimi oxudum. Məmməd İsmayıl da daxil olmaqla, əksəriyyət şeirlərimi bəyəndi.
"Vətən haqqında xeyli
sayda şeirlərim var”
- Həmin dövrdə Arazın o tayı ilə bağlı şeirlər daha çox yazılırdı?
- Həmin dövrdə yarıya bölünmüş iki Azərbaycan arasında sərhədlər bağlı idi. İnsanlar həsrət çəkirdilər. Yaxşı yadımdadır, 1981-ci ildə Azərbaycan Yazıçılarının Qurultayı keçirilirdi. Qurultayda çıxış edən ümummilli lider Heydər Əliyev üzünü yazıçı və şairlərə tutub dedi: "Ay yazıçılar və şairlər, niyə dərdimizdən, Təbrizdən yazmırsınız?. Yazın da, axı biz, dövlət rəhbərləri deyəndə, iki dövlət arasında narazılıq yaşanır”. Dahi şəxsiyyətin bu çıxışından sonra vətən həsrəti ilə bağlı çoxlu əsərlər yazıldı.
- Vətən haqqında şeirlər yazmağa sizi vadar edən nədir?
- Vətən anadır. Anaya necə şeir həsr eləməyəsən?! Mən vətənimi çox sevirəm. Onun suverenliyi, dövlətçiliyi üçün canımdan keçməyə hazıram. Bacardığm qədər işimlə, əməlimlə, şeirlərimlə vətənimə xidmət edirəm. Vətən haqqında xeyli sayda şeirlərim var. Onladan biri də "Azərbaycan bayrağı” şeiridir. Bu şeirimə Azərbaycan Dövlət Televiziyasının "Mədəniyyət” kanalı tərəfindən video-çarx hazırlanıb. Həmin kanalın keçirdiyi müsabiqədə "Azərbaycan bayrağı” şeirim mükafatala da layiq görülüb.
- İndiyədək neçə kitabınız işıq üzü görüb?
- İndiyə qədər təxminən 350 şeirim və 7 kitabım çap olunub.
- Sizin üçün həyatda ən dəyərli şey nədir?
- Vətənim, ailəm, sevdiyim iş. Yaradıcı insanın ən böyük əsəri elə onun ailəsidir.
- Vətəni niyə sevirik?
- Vətəni vətən olduğu, bizi qoynunda saxladığı, bəslədiyi üçün sevirik. Məmməd Araz demişkən:
Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun” da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!
- Dayandur müəllim, siz həm də "Kaspi” qəzetində çalışırsınız?
- 2000-ci ildən "Kaspi” qəzetində çalışıram. Bu qəzetin mənim yaradıcılığımda böyük rolu var.
Olimpiya çempionuna şeir yazdı
- İdmana münasibətiniz necədir?
- Futbolu çox sevirəm. Gəncliyimdə "Neftçi” futbol klubuna azarkeşlik etmişəm. İndi isə "Qarabağ”a azarkeşlik edirəm. Ağdam klubunun UEFA Çempionlar Liqasında oynamağı qürurverici idi. Xarici klublardan isə İspaniyanın "Barselona” komandasını xoşlayıram. Demək olar ki, bu komandanın bütün oyunlarını izləyirəm. "Barselona” çox güclü komandadır. Komandanın lideri olan Messi meydanda bütün ruhu ilə oynayır. Digər oyunçular da elə. Sevimli komandamın "Liverpul”a uduzmasından çox məyus oldum. Fransanın "PSJ” klubuna böyük hesabla qalib gələndə isə uçmağa qanadım yox idi.
Voleybolu da çox sevirəm və vaxtilə rayon komandasında oynamışam. Şahmatla da maraqlanıram.
- Elnur Məmmədli haqqında şeir yazmısınız?
- Cüdoçumuz Elnur Məmmədli Pekin-2008 Olimpiadasının finalında cəmi 13 saniyəyə rəqibini məğlub edib çempion olanda çox fərəhləndim və ona bir şeir yazdım. Həmin şeir "Səninlə fəxr edir, ay Elnur, vətən” adlanır.
Cəsarət istəyir hər keçilməz dağ,
Hünərin gör neçə inadı qırdı.
Başının üstündə ucalan bayraq,
Sandım ki, Şuşada dalğalanırdı.
Önündə baş əydim bu şücaətin,
Səninlə fəxr edir, ay Elnur, Vətən!
Bir qürur yerisən, sən bu millətin,
Xalqın bayramıdır sənin qələbən.
- Əksəriyyət uşaqlar Səttar Zərdablının "Kim sevirsə idmanı” şeiri ilə böyüyüblər. Necə düşünürsünüz, niyə indi uşaqlarla bağlı idman şeirləri demək olar ki, yazılmır?
- Səttar Zərdablı çox vətənpərvər və yaradıcı insan idi. Doğrudan da, onun bu şeirinə yazılmış musiqi dillər əzbərinə çevrilmişdi. Təəssüf ki, ədəbiyyatımızda və musiqimizdə idman mövzusuna çox az müraciət olunur.
- Deyirlər, şairlər dərddən yazır...
- Şair şeirlərində ancaq öz dərdindən yazmır. Cəmiyyətin, millətin taleyindən, dərdlərindən yazır. Bugünkü gündə ən böyük dərdimiz Qarabağ dərdidir, hansı ki, içimizi göynədir. Xalqımız xain qonşunun şərinə düşüb və bu şərdən qurtara bilmir. Hamımız inanırıq ki, ölkə rəhbərinin, Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarınız işğaldan azad ediləcək və öz yurd-yuvasını tərk edənlər geri qayıdacaqlar.
Səadət Hakıyeva
53583 oxunub