XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



“AHİTA-nın  qayğısını “Zenit” BTİC İB-in idmançıları hər zaman hiss edirlər”
Müsahibə 15:23 / 16.02.2023

Bu yaxınlarda güləşçilərimiz Xorvatiyada təşkil olunan "Zaqreb Open” turnirində iştirak ediblər. Pəhləvanlarımız ilin ilk sınağını 12 (2 qızıl, 3 gümüş, 7 bürünc) medalla başa vurublar. Komandamıza Zaqrebdə qızıl medal qazandıran idmançılardan biri də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) strukturuna daxil olan "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçisi Əliabbas Rzazadədir. 23 yaşadək güləşçilər arasında 57 kq-da dünya çempionatının qızıl, Avropa çempionatının gümüş mükafatçısı olan Əliabbas çempionatdan qayıtdıqdan sonra redaksiyamızın qonağı olub. Turnirlə bağlı təəssüratlarını bölüşən idmançımız həmçinin, Olimpiya Oyunlarına lisenziya şansları barədə də danışıb.

- Əliabbas, 2023-cü ilə reytinq yarışında qızıl medal qazanmaqla başladın. Qələbə təəssüratlarını bizimlə bölüşərdin.
- "Zaqreb Open” turnir 2023-cü ildə ilk sınağım idi. Təbii ki, bu il Paris Olimpiadasına son hazırlıq mərhələsi olduğu üçün Xorvatiyadakı yarış reytinq baxımdan daha böyük əhəmiyyət kəsb edirdi. Bu da turnirin gərginliyini bir qədər də artırırdı. İstər final, istərsə də yarımfinal görüşləri öz gərginliyi ilə seçildi. Lakin buna baxmayaraq, bütün görüşlərimi qələbə ilə başa vurdum. Mənə göstərdiyi diqqət və qayğıya görə AHİTA-ya, Azərbaycan Güləş Federasiyasına, təmsil olunduğum "Zenit” BTİC İB-in rəhbərliyinə və məşqçilərimə minnətdarlığımı bildirirəm. AHİTA-nın qayğısını "Zenit” BTİC İB-in idmançıları hər zaman hiss edirlər. Bu diqqət və qayğı biz idmançılar üçün bir stimuldur.

- İlk mərhələyə çinli idmançı üzərində qələbə ilə başladın. Bu qələbə ilə həm də ondan ötən il keçirilən dünya çempionatındakı revanşını aldın.
- Bəli, ilk görüşüm qeyd etdiyiniz kimi çinli Vanhao Zuya qarşı oldu. Ötən il Serbiyada keçirilən dünya çempionatında ona son saniyələrdə məğlub olmuşdum. Budəfəki yarışda çox istəyirdim ki, həmin idmançı ilə qarşılaşım və revanş alım. Hadisələr elə istədiyim kimi də baş verdi. İlk mərhələdə çinli rəqibimə qalib gələrək məğlubiyyətin əvəzini çıxdım. Hətta deyərdim ki, bu görüşdə çox rahat qələbə qazandım. Növbəti mərhələdə isə əslən dağıstanlı olan komanda yoldaşım İslam Bazarqanovla qarşılaşdım. Bu görüş də mənim üçün çox məsuliyyətli idi. Ona görə ki, biz olimpiadaya görə onunla eyni çəkidə rəqabət aparırıq. Düşünürəm ki, bu rəqabət hər ikimizin inkişafı üçün çox əhəmiyyətlidir. Komanda yoldaşımı da məğlub etdikdən sonra yarımfinala yüksəldim. Bu mərhələdə gürcüstanlı idmançı Beka Buziaşvili ilə üz-üzə gəldim. Bu idmançı da mənim üçün tanış rəqib idi. Onunla hər zaman yarımfinal görüşlərində qarşılaşmışdım. Bu dəfə də ona qalib gələrək finala vəsiqə qazandım.

- Final görüşündə isə son dünya çempionu olan yaponiyalı Yuto Nişiuçiyə qalib gəldin.
- Qeyd etdiyiniz kimi yaponiyalı rəqibim 61 kq çəkidə son dünya çempionu idi. Görünür, olimpiadaya görə çəkisini 57 kiloqrama salmışdı. Təbii ki, final görüşüm gərginliyi ilə digərlərindən fərqlənirdi. Amma hazırlığım sayəsində qalib gələrək çempion tituluna sahib çıxdım.

- İstərdik ki, olimpiadaya lisenziya uğrunda öz çəki dərəcəndəki rəqiblərin barədə danışasan. Paris-2024-ə lisenziya şanslarını necə dəyərləndirirsən?
- Olimpiya çəki dərəcəsi olduğuna görə 57 kq-da güclü idmançılar yarışırlar. Ümumiyyətlə, dünyada aşağı çəki dərəcələrində hər zaman güclü idmançılar olub. İstər Yaponiya, Çin, istərsə də Amerika təmsilçilərinin hər biri öz ölkəsinin lideri kimi bu yarışlarda iştirak edirlər. Amma mən də onlardan zəif deyiləm. Azərbaycanda da rəqabət apardığım idmançılar var. Onlardan biri qeyd etdiyim kimi, son Azərbaycan çempionu İslam Bazarqanovdur. Respublika çempionatına bir həftə qalmış ayağımdan zədə aldığıma görə bu yarışda iştirak edə bilmədim. Amma məşqçilər heyəti Zaqrebdəki turnirdə mənə şans verdi. Düşünürəm ki, onların etimadını layiqincə doğrulda bildim. Bundan başqa mənim üçün əsas rəqiblərdən biri də həm yığmada, həm də klubda komanda yoldaşım olan Əfqan Xaşalovdur. O da güclü bir idmançıdır, dünya çempionudur. Əfqan həm də 44 günlük Vətən müharibəsində iştirak edib və bizim qazimizdir. Mən rəqabət aparmağı çox sevirəm. Hər zaman çalışmışam ki, güclü idmançılarla rəqabət apararaq özümü inkişaf etdirim.

- Aprel ayında güləşçilərimiz Avropa çempionatında iştirak edəcəklər. Necə düşünürsən, bu dəfə qitə çempionatındakı gümüşü qızıl medalla əvəz edə biləcəksənmi?
- Builki Avropa çempionatı da Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək. Artıq bu şəhərdə bir dəfə çempion olmuşam. Bu da özüməinam hissimi bir qədər artırıb. Keçən il Avropa çempionatında hakim haqsızlığına görə məğlub olaraq gümüş medal qazandım. Sonradan həmin hakimlərin kateqoriyalarını əllərindən aldılar. Budəfəki Avropa çempionatına da yüksək səviyyədə hazırlaşıram. Düşünürəm ki, onunla yenə qarşılaşacağam. Amma inanmıram ki, bu dəfə o mənə qalib gəlsin. Zaqrebə Avropa çempionu olmaq üçün gedəcəyəm.

- Dünya çempionatı da lisenziya üçün çox əhəmiyyətli olacaq.
- Təbii ki, dünya çempionatı ilin əsas yarışı olacaq və Paris-2024-ə lisenziya xarakteri daşıyacaq. Əsas hədəfim, dünya çempionu olmaq və Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bunun üçün də 2023-cü il məsuliyyətli olacaq. Çətin olsa da bunu bacaracağıma inanıram. Məşqçilərimin mənə ümidləri böyükdür. Çalışacağam ki, bu ümidləri doğruldum.

Azər Əlizadə

20276 oxunub

InvestAZ