Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu, tunisli üzgüçü Əhməd Hafnaui 21 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Diskvalifikasiyaya səbəb idmançının antidopinq qaydalarına uyğun olaraq, mövqeyi barədə məlumat vermək öhdəliyini pozmasıdır. Hafnaui 12 ay ərzində üç dəfə bu qaydanı yerinə yetirmədiyi üçün cəzalandırılıb.
Sanksiya 2026-cı ilin 10 yanvar tarixinədək qüvvədə olacaq. Bununla yanaşı, 2024-cü il aprelin 11-dən etibarən Əhməd Hafnauinin iştirak etdiyi yarışlarda göstərdiyi bütün nəticələr etibarsız sayılacaq.
Qeyd edək ki, Hafnaui Tokio-2020-də 400 metr məsafəyə sərbəst üsulla üzmək üzrə qızıl medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilmiş dünya çempionatında 800 və 1500 metr məsafələrdə sərbəst üsulla üzmək üzrə ikiqat dünya çempionu olub.