XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Bakı-2019-un biletləri satışa çıxarılacaq
Olimpiya oyunları 18:01 / 17.05.2019

Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket əməkdaşlıq haqqında razılıq imzalayıblar. Razılığa əsasən, iTicket.az Bakı-2019 ХV Avropa Gənclər Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi oldu.
Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov iTicket.az şirkəti ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: "Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq”.
iTicket.az şirkətinin baş direktoru Ziya Məmmədov deyib: "iTicket.az-ın Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi dəstəkçisi olmağından qürur duyuruq. Zamanında bu cür beynəlxalq hadisələrdən əldə etdiyimiz təcrübəmiz bizə, Bakı-2019-da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam verir”.
Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaq. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat EYOF Bakı-2019-un rəsmi səhifəsində elan ediləcək. Tədbir üçün satışa 146 000 bilet çıxarılacaq. Biletlərin təxminən yarısı iyunun 10-dan EYOF Bakı-2019-un rəsmi veb saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.az satışda olacaq. Bundan əlavə, bütün idmansevərlər biletləri "Park Bulvar”, "Gənclik”, "28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən iTicket.az konsert, teatr, idman və əyləncəvi təşkilatların onlayn və oflayn bilet satışını gerçəkləşdirir. 2017-ci ildən etibarən iTicket.az IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin, Qadınlar üzrə
2017 Avropa voleybol çempionatının, UEFA Çempionlar Liqasınının qrup mərhələsinin, BMX Dünya Velosiped Çempionatının, JARA’18 Musiqi Festivalının, Azərbaycan Cüdo Festivalının və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


39157 oxunub

InvestAZ