XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Böyük şücaətlər göstərən zabit
Maraqlı 15:50 / 28.12.2021
44 günlük Vətən Müharibəsi çoxlu gənclərimizin igidliyini, qəhrəmanlığını, şücaətini ortaya qoydu. Hansı ki, biz onlara adi gənclər kimi baxırdıq. Çoxumuzun ağlına belə gəlməzdi ki, bu gənclər Vətən Müharibəsində böyük tarix yazacaqlar və hamımız onlarla həmişə qürur, fəxarət duyacağıq. Vüsal Hətəmova mən gələcəyin böyük alimi kimi baxırdım və elə indi də belə baxıram. Eləcə də Sumqayıt Dostlar Klubu idarə heyətinin üzvləri də onun elm sahəsindəki böyük gələcəyinə həmişə inanıblar. Çünki o, bizim idarə heyətində hamıdan cavan olsa da, amma iclaslarımızda dediyi maraqlı fikirlər və təkliflər hamının xoşuna gəlib.
Vüsal Hətəmov, elmi işçi, jurnalist-yazardır. 1979-cu ildə Sumqayıt şəhərində doğulub. Baki Dövlət Universitetini və Sumqayıt Dövlət Universitetlərini bitirib. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisidir.
2020-ci il Tovuz hadisələri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra, könüllü səfərbərlik xidmətinə yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də leytenant rütbəsi ilə artilleriya təlimlərinə qoşulub. Amma evlərində heç kim bilməyib ki, o, artilleriya təlimlərində iştirak eləyir. Həttə Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərinin də bundan xəbəri olmayıb. Biz yalnız onda eşitdik ki, Vüasl Hətəmov artıq Vətən Müharibəsi döyüşlərində iştirak eləyir. 44 günlük Vətən Müharibəsində 120 mm minaatan batareyasının baş zabiti kimi Fizuli, Cəbrayıl, Xocavənd və Şuşanın azad olunması uğrunda döyüşlərdə və Laçının müdafiəsində o, aktiv iştirak edib. Döyüş getdiyi vaxt və ondan sonra baş leytenant rütbəsi, "Hərbi Xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub Vüsal Hətəmov. Müharibədən sonra yenidən öz işinə qayıdıb. O, İmadəddin Nəsiminin, Şah İsmayılın, Babəkin çox maraqlı tədqiqatçısıdır. Elmi işini müdafiə etməyə hazırlaşır. Bununla birlikdə Vüsal Hətəmov Vətən Müharibəsi dövründə və ondan sonra çoxlu hekayələr, esselər, oçerklər, şeirlər yazıb. Dəyərli oxuculara onun bir hekayəsini təqdim edirik. İnanırıq ki, bu hekayə oxucuların xoşuna gələcək və biz tez-tez onun hekayələrini, şeirlərini, oçerklərini sizə təqdim edəcəyik əziz oxucular.


Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi






Vüsal HƏTƏMOV



Mən onu aldatmamışdım!

(hekayə)




52 əsgərimin 48-i könüllü idi. Bəzisi idmançı, bəzisi də Aprel döyüşləri iştirakçısı olduğuna görə onların hərbi həyata adaptasiyası sürətlə baş verdi. Fiziki hazırlıqları, demək olar ki, yerində idi. Çətin məqam onları psixoloji cəhətdən müharibəyə hazırlaşdırmaq idi. Artıq döyüşə girmə anı yaxınlaşırdı...

Əlahiddə 120 minaatan batareyada "zampalit” vəzifəsi olmadığı üçün batareya komandiri kapitan Elvin Abdullayev şəxsi heyətin mənəvi-psixoloji hazırlığını mənə tapşırmışdı. Çətin emosional məqamla üzləşmişdim: əsgərlərin hər birinə 2 boş giliz paylamalı idim. O boş gilizlərin hər biri mənə ən iriçaplı mərmidən də ağır gəlirdi...

Gizir Elvin Cəfərliyə əsgərləri düzmək əmri verdim. Sıra qarşısında əlimdə 104 boş giliz vardı. Özümü toxtadıb sözə başladım: "... Şanlı Azərbaycan əsgərləri, sizin hərənizə 2 boş giliz verirəm. Hər bir əsgər öz ad və soyadını kiçik bir kağıza yazıb bükərək o gilizlərin içərisinə qoyacaq. Gilizin birini kitelin cibinin üzərindəki boşluğa, digərini isə çarpaz olaraq şalvarın dizi üzərindəki cibin boşluğuna qoyacaqsınız.”

Əsgərlər bilirdilər ki, tale ağırlığında olan bu "boş” gilizlər döyüş zamanı tanınmaz dərəcədə ağır yaralananları, parçalanmş bədən tikələrinin sahibini müəyyən etmək üçündür. Odur ki, məlumatlı olduqlarından çox soyuqqanlı qarşıladılar. Mən ruhlandırıcı çıxışıma davam etdirməli idim: "Əziz silahdaşlarım, inşallah, müharibədən qələbə ilə sağ-salamat qayıdıb bu gilizləri nişanlılarınıza, sevdiklərinizə yadigar saxlamaları üçün hədiyyə edəcəksiniz, mən buna əminəm!”.

Hadrutda atəş mövqeyinə çatmalı idik. Bu iş sürətlə baş verməli idi. Çünki XTQ Hadrutun (Ağoğlanın) içərisini erməni silahlılarından təmizləsə də, düşmən hələ də şəhəri əhatələyən dağ-təpələrdə pusquda idi. Əsgər və sursatla dolu 9 maşında sürətlə irəliləyirdik. Birdən düşmən maşınlarımızdan birini kornetlə- tank əleyhinə idarə olunan raketlə vurdu.

Ağır yaralı əsgərlərimiz arasında ayağı üzülmüş 22 yaşlı gizir Elvin Cəfərli ürəyimi üzdü. Axı mən ona söz vermişdim ki ...

Özümü yalançı hesab edirdim. Bərk qəhərləndim. İçimdə bir cümləni bir dəqiqədə "avtomatik rejimdə” sürətlə təkrarlayırdım: "Bağışla gizir, yalan danışdım..! Bağışla gizir, yalan danışdım!” .

… Ağoğlanın ətrafı igid əsgərlərimizin qoçaqlığı sayəsində düşməndən təmizlənmişdi. Təqribən bir həftə sonra artıq biz Tuğ qəsəbəsinin azad olunma sevincini yaşayırdıq. Bu zaman Hospitaldan xoş xəbər eşitdik: "Elvinin ayağı bərpa olunacaq!” Mərmi Elvinin dizdən aşağı sümüyünü 10 sm dağıtsa da, müasir tibbin nailiyyətləri nəticəsində ayağın bərpası mümkün idi.

Mənim sevincim isə ikiqat idi: "Elvin nişanlısına gilizləri hədiyyə edə biləcəkdi. Mən onu aldatmamışdım!”

85505 oxunub

InvestAZ