XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tofiq Xanəliyev: “Ömrün dəyəri rəqəmlərlə deyil, həyatı necə yaşamağınla qiymətləndirilir”
Müsahibə 17:08 / 25.05.2021


Mayın 19-da "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyevin 60 yaşı tamam olub. Tofiq Xanəliyevin respublikada bədən tərbiyəsi və idman hərəkatının bilavasitə, universitet idmanın inkişafında, kadrların hazırlanması sahəsində böyük xidmətləri var. 38 ilə yaxındır ki, idman sahəsində çalışan T.Xanəliyev 1982-1986-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, əmək fəaliyyətinə 1986-cı ildə Lerik Rayon Şahmat və Dama Məktəbinin direktoru vəzifəsində başlayıb. Tofiq müəllim işlədiyi müddət ərzində bir sıra məsul vəzifələrdə çalışıb.

T.Xanəliyev 1989-1992-ci illərdə Ümumittifaq Könüllü Bədən Tərbiyəsi -İdman Cəmiyyəti Respublika Şurasının (ÜKBTİC) baş təlimatçısı vəzifəsində işləyib. 1992-ci ildə "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası yaradılıb və Tofiq Xanəliyev orada baş təlimatçı, şöbə müdiri və sədr müavini kimi vəzifələrdə fəaliyyət göstərib.
2007-ci ildə "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının Hesabat seçki konfransı keçirilib və Tofiq Xanəliyev bu təşkilatın sədri seçilib. Həmin ildən bu günə kimi "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsində çalışır. Onun cəmiyyətə rəhbərlik etdiyi müddət ərzində minlərlə tələbə gənc kütləvi surətdə bədən tərbiyəsi və idmana cəlb olunub, cəmiyyətin idmançıları respublika daxili yarışlarla yanaşı, bir sıra beynəlxalq yarışlarda da yüksək nəticələr əldə ediblər.
İşlədiyi müddət ərzində "Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurası Beynəlxalq Universitet İdman Federasiyasının (FİSU), həmçinin, Avropa Universitet İdman Assosiasiyasının (EUSA) üzvü seçilib. Cəmiyyətin tələbə idmançıları bu mötəbər idman qurumlarının tədbirlərində dəfələrlə yüksək nəticələr əldə ediblər.
O, idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Gənclər və İdman Nazirliyinin və eləcə də, Beynəlxalq Universitet İdman Federasiyasının fəxri fərmanları ilə təltif olunub. 2011-ci ildə ona "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı verilib. 2012 -ci ilin yekunlarına görə rəhbərlik etdiyi "Gənclik” Tələbə İdman Cəmiyyəti ilin ən yaxşı idman cəmiyyəti adına layiq görülüb. Tofiq Xanəliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə Beynəlxalq fəxri professor adına layiq görülüb.
Hər zaman idmançıları və idman mütəxəssislərini diqqətdə saxlayan "Olimpiya dünyası” qəzeti bu günlərdə yubilyarla əlaqə saxlayıb, onu təbrik edib. Ömrünün 60-cı baharına qədəm qoyan təcrübəli mütəxəssis Tofiq Xanəliyevlə müsahibəni oxucularımıza təqdim edirik.


- Tofiq müəllim, qəzetimiz adından Sizi yubiley münasibətilə təbrik edirik. Artıq ömrün yeni çağına qədəm qoydunuz. 60 yaşın pəncərəsindən dünya necə görünür?


- Çox sağ olun. 60 yaş insanın artıq ahıl vaxtı hesab olunur. Buna qocalıq demək olmaz. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin sədri Nadir müəllim həmişə deyir ki, 60 yaşına kimi biz cavanıq. Bu yaşdan sonra isə insanın ahıl dövrü başlayır. Düzünü desəm, heç hiss etmirəm ki, 60 yaşım var. Şükür Allaha, həyat gözəldir. Yaşayıb, yaratmaq, işləmək gözəldir. Hələ ki, özümü yaxşı hiss edirəm. Mənə elə gəlir ki, bu yaşdan sonra insanın həyatında yeni bir dövr başlayır. Həm işdə, həm ailədə, həm də dostluqda insanın dünyaya baxışı dəyişir. Çalışacağam ki, qismətimə yazılan ömür payımı gözəl yaşayım, həyatdan zövq alım. Bundan başqa çalışıb, müsbət əməllərlə də yadda qalmaq lazımdır. Yalnız yaxşı, xeyirxah işlərlə qalan ömrümü davam etdirmək istəyirəm.

- Doğum gününüzü necə qeyd etdiniz?


- O vaxtı 50 illik yubileyimi geniş şəkildə qeyd etmişdim. Amma bu dəfə pandemiyaya görə kütləvi toplaşmağa icazə verilmir. Ad günümü yalnız iş yoldaşlarımla və ailəmlə qeyd etdim. Yubileylə bağlı çoxsaylı təbriklər aldım. Fürsətdən istifadə edib, məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm.

- Tofiq müəllim, həyatınızı kitab kimi vərəqləsəniz ən çox hansı illərdə əl saxlayarsınız?

- 60 il Tanrının verdiyi ömür payıdır. Ömrün dəyəri rəqəmlərlə deyil, həyatı necə yaşamağınla, insanlara dəyər verməyinlə, dəyər görməyinlə qiymətləndirilir. Şükür Allaha bu gün mənə dəyər verən dostlara, iş kollektivinə və gözəl ailəyə sahibəm. Sualınıza gəlincə isə bu gün 60-dan geri boylananda əsasən, yeniyetməlik, gənclik, tələbəlik illərinə qayıtmaq istəyirəm. Fikrimcə, bu, təkcə məndə yox, hər kəsdə belədir. Şükür Allaha narazılığım yoxdur. Gözəl yaş dövrüdür. Yaşayıb, işləmək olar.


- Bəs, həyata keçməyən arzunuz necə, varmı?


- İnsan ömrü boyu arzularla yaşayır. Əbəs yerə deməyiblər ki, insanı yaşadan çatmaq istədiyi arzularıdır. Təbii ki, mənim də arzularım olub. Demək olar ki, arzularımın əksəriyyəti həyata keçib. Düzdür, kədərli günlərim də olub. Lakin indi kədərli günlər haqda danışmaq istəmirəm. Bundan sonra bir baba kimi arzum var ki, nəvə toyu görüm. İş sahəsində də şükür Allaha nailiyyətlərimiz var. Əlbəttə istərdim ki, bundan da uğurlu nailiyyətlər əldə edək. İlk günlərdən bu təşkilatın fəaliyyətində iştirak etmişəm. İstərdim ki, təşkilatımız daha da tanınsın, böyük işlər görək, tələbə-gənclərin idman sahəsində fəaliyyətini bir qədər də genişləndirək.


- Tofiq müəllim, özünüz haqda danışdıq. Bir qədər də ailəniz barəsində məlumat verərdiniz.


- Mənim iki övladım olub. Qız övladım ailə həyatı qurduqdan bir il sonra dünyasını dəyişdi. Onun indi bir oğlu yadigar qalıb. Hazırda 14 yaşı var. Bundan başqa bir oğlum var, adı Orxandır. O da mənim sahəmi davam etdirir, idman sahəsində çalışır. Onun da üç qız övladı var. Bütün nəvələrimi çox istəyirəm.


- Tofiq müəllim, uzun müddətdir ki, "Gənclik” Tələbə İdman Cəmiyyətinə rəhbərlik edirsiniz. Bu illər ərzində sizin üçün ən unudulmaz universiada hansı olub?


- 2007-ci ildən bu günə kimi "Gənclik” Tələbə İdman Cəmiyyətinə rəhbərlik edirəm. Neçə illərdir ki, biz Tələbələrin Ümumdünya Yay Universiadalarında iştirak edirik. Bu günə qədər mənim üçün ən yadda qalan yarış 2013-cü ildə Kazanda təşkil olunan universiadadır. Komandamız bu yarışda 17 medala sahib çıxmışdı. Bu nəticə ilə komanda hesabında 170 ölkə arasında 15-ci yeri tutmuşduq. Bu çox böyük nailiyyət idi. Komandamız bu yarışda bir neçə böyük dövlətlərin komandasını geridə qoymuşduq. Hətta qonşu ölkələrdən Türkiyə və İranı da qabaqlamışdıq. Bu yarış həm iştirakçılarımızın sayına, həm də nəticələrimizə görə ən böyük universiada idi. Elə bu günə qədər ən böyük nəticəni də Kazan Universiadasında əldə etmişik. Bu uğura görə həmişə fəxr edirəm. Yarışdan sonra Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev universiada qaliblərini qəbul etdi. Bu baxımdan Kazan Universiadası xatirəmdə ən unudulmaz yarış kimi qaldı.


- Tələbə idmançılarımızın uğurlarında Sizin və təmsil etdiyiniz idarənin böyük rolu var. Tələbələrin idmana cəlb edilməsində başqa hansı tədbirlərin həyata keçirilməsi gözlənilir?


- Təşkilatımız tərəfindən hər iki ildən bir, tələbələrin Respublika Spartakiadası keçirilir. Bundan başqa idman növləri üzrə milli çempionatlar keçirilir. İdman növlərini saysaq, demək olar ki, biz hər il 24 tədbir həyata keçiririk. Təqribən hər il 3 mindən artıq tələbə-gənc bu tədbirlərə cəlb olunur. Fikrimcə, bu, gözəl nəticədir. Bu sahədə bizə dəstək olan Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və bu təşkilatın sədri Səttar Möhbalıyevin böyük zəhməti var. Həmçinin Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin Nadir Əliyev öz köməyini və dəstəyini bizdən əsirgəmir. Bundan başqa Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqlarının Respublika Komitəsi 2007-ci ildən bu günə kimi, bizə böyük dəstək və maddi yardım göstərir. Bizə dəstək olan bütün təşkilatlara minnətdarlığımı bildirirəm. Fikrimcə, bugünkü gündə gördüyümüz işlər qənaətbəxşdir. Çalışacağıq ki, uğurlu fəaliyyətimizi bundan sonra da davam etdirək.

Azər Əlizadə

31016 oxunub

InvestAZ