XƏBƏR LENTİ
21 Sentyabr 2021
20 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021



“Azərbaycan əsgərinin rəşadətini sözlə ifadə etmək mümkün deyil”
Müsahibə 19:34 / 11.03.2021

Ordu dövlətin əsas atributlarından biridir. Əgər bir dövlət güclü orduya malikdirsə, onun ərazi bütövlüyü etibarlı və əbədidir. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz öz gücünü bütün dünyaya nümayiş etdirdi. Güclü zabit və əsgərlərdən, ən əsası müasir silahlardan təşkil olunmuş Ordumuz uzun illərdən bəri həsrətində olduğumuz qələbə sevincini bizə bəxş etdi. Doğma torpaqlarımız mənfur düşmənin tapdağından azad edildi. Biz bir millət olaraq bu müqəddəs amal uğrunda düşmənin başı üzərində bir yumruğa çevrildik. Bu xalqın qəhrəman övladları vətənin azadlığı uğrunda silaha sarılıb, ölümə meydan oxudular. Ordumuzun məhz vətənpərvər zabit və əsgərlərdən təşkil olunmasıdır ki, biz Qarabağı işğaldan azad etdik. Təəssüf ki, Vətən müharibəsi itkisiz başa gəlmədi. Neçə-neçə cəsur vətən övladı canından keçərək, adını şanlı zəfər tariximizə qızıl hərflərlə yazdırdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə minlərlə azərbaycanlı gənc ordu sıralarına qoşuldu. Onlar mülki həyatda fəaliyyətini yarımçıq qoyaraq, cəbhəyə yollandılar.
Həmin vətənpərvər gənclərdən biri də Tofiq İmanlıdır. Milli Olimpiya Komitəsində mütəxəssis kimi çalışan Tofiq müharibə başlayan gündən döyüşə yollanıb.



Vətən müharibəsində iştirak edən müsahibimiz həmin günlərin sevincini bizimlə bölüşüb.
"Olimpiya dünyası” qəzeti budəfəki sayında Tofiq İmanlının keçdiyi döyüş yolundan bəhs edən müsahibəni çoxsaylı oxucularına təqdim edir.
Məlumat üçün bildirək ki, Tofiq İmanlı 1993-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Türkiyədə alan müsahibimiz 2005-ci ildə vətənə qayıdib. O, 2017-ci ildən bu günə kimi Milli Olimpiya Komitəsində mütəxəssis kimi işləyir.


- Tofiq, müharibə başlayan günlərdə azərbaycanlı gənclərin əksəriyyəti ordu sıralarında döyüşmək üçün hərbi komissarlıqlara müraciət etmişdi. Bundan başqa həmin qurumdan ehtiyatda olan hərbi çağırışçılara zənglər edildi, səfərbərliyə cəlb olundular. Bəs sən necə oldu ki, yenidən ordu sıralarına yollandın?

- Yadınızdadırsa, hələ müharibədən əvvəl ermənilər Tovuzda təxribat törətmək istəyirdilər. Həmin vaxt artıq müharibə abu-havası yaranmışdı. Hadisələrin cərəyan etdiyi ərəfələrdə hərbi komissarlıqdan mənə zəng gəldi. Mənimlə maraqlandılar. Harada olduğumu və hansı işlə məşğul olduğumu qeydə aldılar. Artıq bilirdim ki, nəsə baş verəcək. Buna hazır idim. Onu deyim ki, mən hərbçi ailəsində anadan olmuşam. Atam birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Onun hərbidən danışdığı hadisələri xatırlayırdım. Ola bilməzdi ki, belə bir məqamda mən müharibəyə yollanmayım. Bildirim ki, 2015-ci ildə Qazaxda yerləşən "N” saylı hərbi hissədə artilleriya bölüyundə hərbi xidmət keçmişəm. Hətta 2016-cı ildə aprel döyüşlərində də iştirak etmişəm. 2017-ci ildən ordu sıralarından tərxis olunmuşam.
Mən hərbi komissarlıqdan gələcək zəngi səbrsizliklə gözləyirdim və zəngdən sonra birbaşa cəbhə xəttinə yollandım. Getdiyim günün səhərisi artıq müharibənin başladığını hiss etdim. Ermənilər bizim briqadanın üzərində dron uçururdular. Bizim ordumuz həmin dronu məhv etdi. Lakin döyüş əhval-ruhiyyəsi mənə yad deyildi. Qeyd etdiyim kimi, 5 il əvvəl aprel döyüşlərində müharibənin əsl üzünü görmüşdüm. Ağır artilleriyadan açılan atəş səslərinə öyrəşmişdim.
Məni tamamlama tağımında yerləşdirdilər. Yəni döyüş vaxtı hər hansı bir mövqedə canlı qüvvə çatışmazlığı yaranarsa, həmin tağımın əsgərləri o boşluğu doldurmalı olur. Bu müddət ərzində piyada təlimlərində iştirak etdim. Müharibədə hər şey ciddi və məsulliyətlidir. Təlim keçmədən, kor-koranə döyüşlərə qoşulmaq mümkün deyil. Odumuzda qulluq edən zabitlər biz əsgərləri döyüşə hazırlaya bilirdilər.



"Əsrlər boyu erməni terroruna məruz qalan
bir millətin övladı buna nə vaxtsa cavab

verməyə borclu idi”



- Həmin an keçirdiyin hissləri necə ifadə edə bilərsən?

- Hərbi komissarlıqdan avtobusa minib, yola düşəndə oradakı abu-hava, insanların bizi necə hərarətlə alqışlamağı bizə əlavə bir qüvvə verirdi. Həmin anda hər birimiz bir yumruğa çevrildik. Yol boyu sevinirdik. Axı bu yola biz torpaqlarımızın azadlığı uğrunda çıxmışdıq. Çətin məqamda da birliyimizi qoruyub, saxladıq. Nəticə isə göz qabağındadır. Heç vaxt rast gəlmədiyim insanlar üç ay ərzində illərin doğmasına çevrildi. Torpaqlarımızın illərdən bəri işğal altında olması bizi hər zaman sıxıb, rahat buraxmayıb. Ürəyində vətən, yurd sevgisi olan hər bir azərbaycanlı məhz bu məqamı gözləyirdi. Əsrlər boyu erməni terroruna məruz qalan bir millətin övladı buna nə vaxtsa cavab verməyə borclu idi. Ordumuz elə irəliləyirdi ki, əlavə canlı qüvvəyə ehtiyac qalmırdı. Amma biz hər an əmr gözləyirdik. Kəlbəcər istiqamətində döyüşlərə hazırlaşırdıq. Biz Şuşanın alınmasından sonra Kəlbəcərə getməli idik. Sadəcə, noyabrın 10-da müharibə dayandı.

- Qarabağın işğaldan azad olunması hər birimizin arzusu idi.

- Bəli. Bu bəlkə də ən böyük arzularımızdan biri idi. Düşünürəm ki, özgə torpağında firavan həyat qurmaq mümkün deyil. Cəsur Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında onlar qorxaraq təslim oldular. Həmin torpaqlara ilk qədəm qoyan Azərbaycan əsgərinin rəşadətini heç bir sözlə ifadə mümkün deyil.
Hər bir insanın özünəməxsus arzu və istəkləri olur. Onları həyata keçirmək üçün həyatda mübarizə aparır. Düzdür, heç nə asan əldə olunmur. Bəzən çox görmək istədiyin, arzuladığın bir yerə gedə bilmirsən. Çünki həmin yer bu və ya digər səbəbdən sənin üçün əlçatmazdır. Bax, Qarabağ bizim üçün elə bir yer idi. İllərdən sonra orada olmaq, ayağını Qarabağ torpağına basmaq hamı kimi mənim də ən böyük arzum idi. Bu hisslər sözlə ifadə olunmur. Sanki aya ilk dəfə ayaq basan insanın keçirdiyi hissləri biz həmin torpaqlarda keçirdik.
Biz arxa cəbhədə əlimizdən gələni etdik ki, ordumuzun öndə vuruşan hissəsini təchizatla təmin edək. Döyüşlərdə birbaşa iştirak etməsək də, həmin hissləri yaşaya bildik.

- İşlədiyin Milli Olimpiya Komitəsinin adı Şuşada yazılıb. Həmin yazının tarixçəsi barədə bizə məlumat verərdin.


- Şuşada döyüşən bir dostum var. O, bu gözəl şəhərin ermənilərdən azad olunmasında yaxın iştirak edərək, həmin anların sevincini yaşayıb. Bilirsiniz ki, Şuşada evlərin, binaların üzərində hər bir əsgər öz yaşadığı və işlədiyi yerin adını yazmışdı. Mən ondan xahiş etdim ki, işlədiyim Milli Olimpiya Komitəsinin adını orada yazsın. O da sağ olsun, mənim xahişimi yerinə yetirərək, evlərdən birinin divarına "MOK Şuşada” (Milli Olimpiya Komitəsi - A.Ə) sözünü yazmışdı. Düzünü desəm, orada döyüşmüş əsgərlərimizə qibtə edirəm. Çox istəyirdim ki, həmin o sözü mən orada özüm yazım. Əsas odur ki, qədim Şuşa bizimdir. Orada bundan sonra şuşalılar, Şuşa həsrətilə illər boyu alışıb-yanan həmvətənlərimiz yaşayacaq. Biz isə həmin yerlərə qonaq gedəcəyik. Bundan gözəl nə ola bilər ki?

"Siz həqiqətən
də xoşbəxt
insansınız”

- Qələbə xəbərini nə vaxt və necə eşitdiniz?

- "Gecə saatları idi. Həmin vaxt mən keşikdə idim. Düzünü desəm, hələ heç nədən xəbərim yox idi. Növbəni təhvil verib, qaldığımız yerə qayıtdım. Eşitdim ki, müharibənin dayanması ilə bağlı üçtərəfli sənəd imzalanıb. Bu qələbədən xəbər verirdi. Həmin vaxt əsgərlərin əksəriyyəti istirahət edirdilər. Onları oyatdım. Dedim ki, yatmaq vaxtı deyil, durun ayağa, biz qələbə qazanmışıq. Hamımız bir-birimizi qucaqlayıb, təbrik etdik. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Təlimlər zamanı komandirlərimiz deyirdilər ki, siz həqiqətən də xoşbəxt insansınız. Bu torpaqların alınmasında sizin də payınız var. Bəli, bu bizim qələbəmizdir. Müzəffər Ordumuz düşmənə elə dərs verdi ki, onlar çətin ki, uzun müddət özlərinə gəlsinlər.

- Düşmən döyüş meydanında ağır məğlubiyyətə uğradı. Bizim əsgərlərimizdə olan ruh yüksəkliyi onlarda yox idi. Bunu hiss edirdinizmi?


- Onlar özlərinə məxsus hərbi texnikaları, sursatları, şəxsi əşyalarını qoyub qaçırdılar. Ordumuzun gücü sayəsində onlar həm də mənəvi cəhətdən sarsıldılar. Necə olar bilər ki, əsgər ona təhkim olunmuş silahı qoyub və xidmət yerini özbaşına tərk etsin? Onlar əslində nə üçün vuruşduqlarını bilmirdilər. Biz isə bilirdik ki, bu torpaq bizimdir. Ermənilərin yad torpaqlarda yaşamağa, döyüşməyə haqları çatmırdı. Bunun nəticəsidir ki, Qarabağ torpağı illərdən sonra yenidən öz sahiblərinə qayıtdı. Fürsətdən istifadə edib, bu müharibədə canını qurban vermiş şəhidlərimizə Uca Tanrıdan rəhmət, qazi olmuş əsgərlərimizə isə şəfa diləyirəm. Belə mərd oğullar yetişdirən millət həqiqətən də hər cür ehtirama və hörmətə layiqdir.


Anar Əhmədov

4857 oxunub

InvestAZ