AĞALAR İDRİSOĞLU
Əməkdar incəsənət xadimi
Orta boylu, keçəl, başı xallı, təkəbbürlü bir adam, tək dirəyə söykənib, axır günlərini yaşayan Uçuq Evin düz qarşısında dayanıb, dərindən nəfəs aldı. Amiranə səslə qışqırdı:
- Ay ev yiyəsi! Ay ev yiyəsi!
Otaqdan heç bir səs gəlmədi. Təkəbbürlü adam bir də qışqırdı:
- Ay ev yiyəsi! Səninlə deyiləm? Çıx bayıra, görüm! Otaqdan yenə də səs gəlmədi. Ev xırıltı nəfəs alıb, gələn adama cavab verdi:
- Kimsən, ay adam?
Təkəbbürlü adam səsin hardan gəldiyini müəyyənləşdirməyə çalışdı. Evin içinə, çölünə, ətrafına bir də diqqətlə baxdı. Heç kimi görməyib soruşdu:
- Danışan kimdi?
- Mənəm, Uçuq Ev.
- Uçuq Ev?.. – deyə təkəbbürlü adamın qorxudan dili tutuldu. Əti çimçəşdi. Tez bir neçə addım geri çəkildi. Sonra özünü ələ alıb və sual dolu nəzərlə Uçuq Evə baxdı. Ürəkləndi. Yenidən bir neçə addım qabağa gəlib, bir də soruşdu:
- Məgər sən danışa da bilirsən?
- Bu tappaturupu görən hər bir cansız dil açıb danışar.
- Hansı tappaturup?
- Görmürsən?.. Bizimkilər də dözə bilməyib hamısı köçüb getdi başqa mahala. Mən də qalmışam boş, yiyəsiz. Özü də bir dirək üstündə. Bu gün-sabahlığam.
- Doğrudan ha...Bəs hanı sənin o biri dirəklərin?
- Hər gələn darğa birini söküb apardı. Söz verdi ki, qısa bir vaxtda gəlib məni sökdürəcək və yenidən tikdirəcək.
- Bəs nə oldu?
- Nə olacaq. Bizim mahalda söz verməyə hamı bir candı. Əsasən də darğalar. Özü də bu mahalda çoxdandı bir adət var. Təzə gələn darğa, köhnənin atasını elə yandırır ki, bütün nəsil-nəcabətini məhv eləyir. Heç yurdunda ot da bitmir.
Bu sözdən sonra təkəbbürlü adam dözə bilməyib dilləndi:
- Gəl tanış olaq. Mən bu mahalın yeni darğasıyam.
- Hə...Belə de. İndi aydın oldu ki, niyə belə təkəbbürlü danışırsan.
- Bunu mənim vəzifənı tələb edir. Ancaq mən əvvəlkilər kimi olmayacağam. Mən adamlara hər cürə azadlıq, hər şeyi açıq danışmaq, demokratiya verəcəm. Sonra özün də görəcəksən ki, səni atıb, başqa mahala gedənlər özləri necə peşman olacaq burdan getmələrinə.
Bu vaxt Uçuq Ev xırıltılı nəfəs aldı və ah çəkdi.
- Niyə belə dərindən nəfəs alıb ah çəkdin? Deyəsən, inanmırsan mənim sözlərimə?
- Yox, yadıma bu evdə, mənim qoynumda yaşayanların dediyi bir söhbət düşdü.
- O nə söhbətdi elə?
- Onlar tez-tez deyirdilər, demokratiyanı o darğa verir ki, rəhbərlik eləməyi bacarmır. Özü də deyirdilər ki, bu, onların öz sözü deyil. Nə bilim, Sokrat adlı bir kişinin sözləridi. Guya o kişi bu sözləri hələ çox qədim zamanlarda deyib. Və tarixlər boyu da bu sözlər öz təsdiqini tapıb. Guya indi gələn də...
- Sən mənə inan. O kişi bu sözləri yəqin ki, qoca yaşlarında deyib. Adamlar da qocalanda, ağıldan o məsələ...olurlar. Mən isə gəlişimlə sübut edəcəm ki, bizim mahalda heç bir qanun lazım deyil. Biz qanunsuz bir mahal yaradacağıq. Burda yaşayan insanlar, millətlər ancaq azad, demokratik şəraitdə yaşayacaqlar.
- Bəs birdən bir qolu zorlu gəlib o birisinin evinə girdi və dedi ki, bu ev mənim ulu babamdan qalıb. O biri də məcbur oldu ki, çıxsın. Bəs onda necə olacaq?
- Demokratiya verilən mahalda elə şeyi o iki adam özləri həll eləməlidirlər. Başqasının soruşmağa, ya da qarışmağa ixtiyarı yoxdu. Heç darğanın özünün də.
- Bəs onda onlar bu məsələni özləri necə həll eləyəcəklər?
- Çox sadəcə. Qolu zorlu qalar o evdə. Qolu zəif də gəlib səni təmir eləyər. Sığınar sənin qoynuna. Bizim mahalda o qədər sənin kimi uçuq evlər var ki. Sizi də təmir eləyən lazımdı, ya yox?
- Siz bilən məsləhətdi. Axı, indi darğa sizsiz...
- Bax, görürsən, mən necə uzaqgörənəm. Tapşırmışam. İndi bir azdan mahalın adamlarını yığacaqlar baba darğanın adını daşıyan meydana. Onlarla bu gün elə bir yaxşı təxribat aparım ki... Qoy bir balaca bərkə-boşa düşsünlər. Qoy bir-birlərinin yaxasını dartışdırsınlar. Didişdirsinlər. Sonra da qısa vaxtda elə bir yaxadartma düşsün ki... Onda özün də görəcəksən ki, sənin kimi uçuq evlərin üstündə necə dava düşür. Qeyd-şərtsiz görəcəksən, budur ey, soxulurlar içəri... Biri sənin dirəklərini gətirib düzəldir. O biri səni təmir edir. Bax, demokratiyanın böyüklüyü bundadı. Hə, necədi? Döşünə yatır?
- Nə bilim vallah... Yenə də siz bilən məsləhətdi.
- Yaxşı, mən getdim. Arxayın ol. Qısa bir vaxtda sənin o qədər sakinlərin olacaq ki, özün də onların əlindən bezar olacaqsan.
Bu sözləri deyəndən sonra təkəbbürlü darğa ulu babasının adını daşıyan meydana tərəf yollandı. Uçuq Ev onun ardınca bir xeyli baxıb, dərindən nəfəs aldı, ah çəkdi. Sonra xırıltılı səslə öz-özünə dedi:
- Bu ki, belə başladı, deyəsən, o birilərin bəd, qəddar əməlləri bununkunun yanında toy-bayram olacaq. Belə getsə, bu axırıncı dirəyimi də kimsə dartıb çıxaracaq, bütövlükdə uçub söküləcəm. Bunun tappaturupuna davam gətirmək mümkün olmayacaq. Heyif. Tikilməyimin yetmiş illiyinə lap az qalmışdı. Vur-tut cəmi bir il. Bu bir ili də duruş gətirə bilsəydim. Yox, deyəsən, bu darğa nəinki məni, bütövlükdə bu mahalı dağıdacaq...Adamları, millətləri qırğına verəcək. Qan su yerinə axacaq. Onun bic, göy gözlərində, şeytan sifətində, keçəl başındakı qara xalda mən dağıdıcı bir qüvvə olduğunu, böyük bir tamah, murdarlıq, əclaflıq gördüm...Belələrinə şeytandan bir addım qabaqda gedənlər, onların böyük qardaşı deyirlər. Allah, sən saxla!..
Bu sözlərdən sonra Uçuq Evin nitqi kəsildi. Fikrə daldı. Çox dərin bir fıkrə...Təzə darğadan doğrudan da, onun gözü su içmirdi. Deyəsən, bu darğa qan çanağı olacaq, uzun sürən müharibələrin başlanğıcını qoyacaq, qardaşı-qardaşa, millətləri-millətlərə qırdıracaq...Bu mahalı məhv eləyəcək. "Əgər adamlar artıq bu mahaldan çıxıb gedirlərsə, mənim kimi çoxlu evlər boş qalırsa, deməli, bu mahalın sonu yaxınlaşır. Yaxınlaşır...Deməli, gec-tez mənim də tək dirəyimi dartıb çıxaracaqlar”, - deyə Uçuq Ev öz-özünə fəryad qopardı. Amma onun fəryadını heç kim eşitmədi. Çünki hamı meydana toplaşıb, təzə darğanın yalanlarına maraqla qulaq asırdılar…Amma adamlar onu bilmirdilər ki, bu təzə darğa onların 70 yaşlı ölkələrini məhv eləyəcək…Tezliklə, bu ölkədə qan su yerinə axacaq. Millətlər torpaq davası ilə bir-birini öldürəcəklər. Təzə darğa kimləri müdafiə eləyəcəksə, onlar da haqlı olacaqlar...
Moskva, Ağdam
1986- 1988-ci illər.
41889 oxunub