İdman 23:07 / 18.02.2026
Martın 23-dən 29-dək Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə Asiya Qran Prisinin 1-ci seriyası keçiriləcək. Beynəlxalq Nərd Federasiyası tərəfindən təşkil olunan bu mötəbər turnir Asiya qitəsində ilin ən vacib nərd yarışlarından biridir. Ümumi mükafat fondu 500 min dollar olan yarış backgammon, longgammon, blitz və doubles kateqoriyalarını əhatə edir. Bu yarışda iştirak etmək istəyənlər arasında istedadlı aktyor, rejissor və bədii qirayətçi Şirzad Pirallahi də var. Ötən il Dubayda keçirilən Qran-Prinin gümüş mükafatçısı Şirzad Pirallahi bu yarışda da əsas favoritlərindən hesab olunur. Lakin maliyyə problemləri onun çıxışını hələlik sual altında qoyur. Bu səbəbdən Şirzad müəllim üçün yarış sadəcə bacarığını nümayiş etdirmək yox, həm də uğura gedən yolda qarşıya çıxan çətinliklərlə üzləşmək deməkdir. Şirzad Pirallahi təkcə sənət adamı deyil, həm də milli dəyərləri hər zaman önə çəkən, qələbəni tək nəticə yox, mənəvi məsuliyyət kimi görən bir sənətkardır. Müsahibəmizdə Şirzad Pirallahi idmana olan marağından, aktyorluq və qirayətçilik fəaliyyətindən, eləcə də qarşıdan gələn Qran-Pri turnirində iştirak etmək istəyindən danışdı.
- Şirzad müəllim, nərd sizin həyatınıza necə daxil oldu? Bu oyuna maraq haradan başladı?
- Uşaqlıqdan oyunlara böyük marağım olub. Atam ilk növbədə mənə şahmatı öyrədib. Birinci sinifdən şahmat oynayırdım, ikinci sinifdən isə artıq yarışlarda iştirak edirdim. Pirallahıda şahmat klubu vardı, həmin klubun üzvü idim. Şahmat düşüncə tərzimin formalaşmasında mühüm rol oynayıb. Şahmatı bilən insan üçün nərdi öyrənmək də asan olur. Orta məktəbdə yaxşı oxumuşam, daim kitab mütaliə etmişəm. Həm dəqiq, həm də humanitar fənlərdə nəticələrim yüksək olub. Düşünürəm ki, valideynlər uşaqlarına ilk növbədə şahmat öyrətməlidirlər. Şahmat sayəsində nərddə də əksər rəqiblərimə qalib gəlirdim. Ümumiyyətlə, hansı sahə ilə məşğul olsam da, həmişə fərqlənməyə çalışmışam. Futbol, voleybol, basketbol, üzgüçülük - hamısında güclü idim. Üzgüçülükdə nəfəsimi suyun altında 5 dəqiqədən artıq saxlaya bilirdim ki, bu da kifayət qədər ciddi göstəricidir. Hazırda intensiv məşq etməsəm də, bir az hazırlaşsam, bu göstəricini 6 dəqiqəyə çatdırmağın mümkün olduğunu düşünürəm.
- Siz daha əvvəl Dubayda təşkil olunan Ərəb Qran-Prisində gümüş medala sahib olmuşdunuz. Həmin turniri necə xatırlayırsınız?
- Düzünü desəm, həmin turnirdə rəqiblər mənimlə oynayarkən çəkinirdilər. 1/4 finalda erməni idmançı ilə qarşılaşdım və ona qalib gəldim. Daha sonra almaniyalı rəqibi də məğlub edərək finala yüksəldim. Cənubi Azərbaycandan olan, təbrizli rəqibimlə finalda üz-üzə gəldik. Bizim üçün əsas məsələ qalibin kimliyi deyildi. Çünki finala çıxan hər iki iştirakçı azərbaycanlı idi. Sonda təbrizli idmançı birinci, mən isə ikinci oldum.
- Oyunda elə məqam olubmu ki, "bu artıq oyun deyil, prinsip məsələsidir” deyəsiniz?
- Şahmatda hər şey düşüncə və bilik üzərində qurulub. Nərddə isə şans amili də var. Zərin verdiyi imkan bəzən oyunun taleyini həll edir. Dubaydakı turnirdə 1/4 finalda erməni rəqiblə oynayarkən qarşıma qəti məqsəd qoymuşdum ki, oyunu mütləq qalib gəlim. Ona sual verdim ki, bu yarış üçün nə qədər xərc çəkib. Dedi, 300 dollar. Dedim ki, qalib gəlsəm sənə çəkdiyin xərci qaytaracağam. Amma bir şərtim var - "Yaşasın Azərbaycan” deyəcəksən. O da razılaşdı. Onu məğlub etdim. Sonra pulu qaytardım və o, doğrudan da bu sözləri dedi. Erməni iştirakçının "Yaşasın Azərbaycan” deməsi mənim üçün sanki milyonlara bərabər idi.
- Qarşıdan Özbəkistanda keçiriləcək beynəlxlaq turnirlə bağlı gözləntiləriniz nələrdir?
- Özbəkistanda nərd üzrə böyük turnir keçiriləcək. İştirak ərizəsini təqdim etmişik. Hər kəs öz hesabına getməlidir. Mən aktyoram və maddi imkanım olmadığı üçün bu turnirə gedə bilməyəcəyəm. Bunun üçün sponsor axtarılır, amma hələlik nəticə yoxdur. Halbuki yarışın mükafat fondu 500 min dollardır. Əminəm ki, iştirak etsəm, mükafata layiq yerlərdən birini tutaram. Təyyarə bileti, qalma xərcləri və iştirak haqqı ümumilikdə 1800-2000 dollar civarındadır. Bu məbləğ kimlər üçünsə böyük görünməyə bilər.
- Siz həm də aktyor, rejissor və bədii qirayətçisiniz. Bu sahələr üzrə fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Mən aktyor və rejissoram, lakin hazırda heç bir teatrda ştat üzrə çalışmıram. 2006-cı ildə Moskvada mərhum Mərdan Feyzullayev ilə birlikdə "Dərviş” teatrını yaratdıq. Həmin teatrla Avropanın bir çox ölkələrində, Rusiyanın müxtəlif şəhərlərində - Sankt-Peterburqdan Murmanska qədər çıxış etdik. Azərbaycan klassiklərini rus dilində təqdim edərək milli ədəbiyyatımızı tanıdırdıq. Eyni zamanda "Mosfilm” studiyasının seriallarında, Türkiyə ilə birgə istehsal olunan filmlərdə çəkilmişəm. 2014-cü ildə Bakıya qayıdaraq bir sıra film və serial layihələrində iştirak etdim. Son olaraq şəhid Niyazi Əsgərov haqqında bir saat 26 dəqiqəlik film çəkmişəm və bu ekran işi tamaşaçılar tərəfindən çox yaxşı qarşılanıb. Moskvada bir il yarım kaskadyorluq üzrə də təcrübə qazanmışam. Bakıda çəkilişlər zamanı həm öz rollarımı oynayır, həm də digər aktyorların yerinə təhlükəli səhnələri icra edirdim. Bundan başqa, müxtəlif musiqi alətlərində ifa edə bilirəm və bədii qirayətçiyəm. Xüsusilə şəhidlərimizin ruhu qarşısında hər zaman mənəvi borc hiss etmişəm. 44 günlük Vətən müharibəsi zamanı 27-28 gün cəbhə bölgələrində olmuşam, əsgər və zabitlərimizi ruhlandırmışam. Şəhid və qazi ailələrinin toylarında dəfələrlə təmənnasız iştirak etmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.