Bugünlərdə Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) sayca 38-ci mükafatlarının qaliblərinin adları açıqlanıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən namizədliyi irəli sürülən qurumun məsul katibi Aysel Sultanova idmanda və gündəlik həyatda etik dəyərlər və Fair Play ideallarının təbliği kateqoriyasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının (AIPS Europe) himayəsi altında təqdim olunan - EFPM "Fair Play Vox" mükafatı nominasiyasının qalibi olub.
Qeyd edək ki, laureatlar müxtəlif nominasiyalar üzrə 46 müraciət əsasında idman aləminin nüfuzlu şəxslərindən olan EFPM-in münsiflər heyəti (Danira Biliç -Xorvatiya, Alyona Kanova – Slovakiya, Rinaldo Orlandi – İtaliya, Raysard Stadniuk – Polşa) tərəfindən qiymətləndirilib.
Mükafatlar oktybarın 22-dən 24-dək Türkiyənin Mardin şəhərində keçiriləcək Avropa Ədalətli Oyunlar Hərəkatının 30 illik yubileyinə həsr olunacaq qurumun Konqress və Qala Mükafatlandırma mərasimində təqdim ediləcək.
Qeyd edək ki, EFPM mükafatlarının təqdim olunmasında məqsəd istər idmanda, istərsə də şəxsi həyatda ədalətli oyun prinsiplərinə sadiq insanları fərqləndirməkdir.
Məlumat üçün bildirək ki, AzƏOK-un məsul katibi Aysel Sultanova uzun illər Milli Olimpiya Komitəsinin "Olimpiya dünyası” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərərək, ədalətli oyun prinsiplərinin təbliğinə xüsusi önəm vermişdir. O, Avropa və Dünya Ədalətli Oyunlar Hərəkatının Azərbaycanda təşkil olunan Konqress və Assambleyalarının təşkilati məsələlərində və təbliğ olunmasında fəallığı ilə seçilmişdir.
Onun AzƏOK-da fəaliyyəti dövründə "Ədalətli Oyunlar” mövzusunda rəsm və fotomüsabiqələr, bu sahəyə həsr olunmuş müxtəlif seminarlar və tədbirlər təşkil edilmişdir.
AzƏOK-un 20 illik fəaliyyətindən bəhs edən "Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabının redaktoru olan Aysel Sultanova ötən il AzƏOK tərəfindən "Ədalətli Oyun prinsiplərinin təbliğatçısı” nominasiyasının qalibi olmuşdur.
Avropa Ədalətli Oyunlar Hərəkatının mükafatçılarının tam siyahısı ilə aşağıdakı linkə daxil olaraq qurumun rəsmi veb səhifəsində tanış ola bilərsiniz.
http://www.fairplayeur.com/news/news/efpms-award-jury-has-made-its-decision/