SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Uğursuzluq müvəqqəti, ləyaqət əbədidir...

Uğursuzluq müvəqqəti, ləyaqət əbədidir...

İdman

Bugün, 16:32

“Qarabağ” və Qurban Qurbanov haqqında

Bir komandanın və ya məşqçinin yalnız məğlubiyyət anında hədəfə alınması idman etikasına və vicdanlı düşüncəyə sığmır. Uğursuz bir oyundan sonra “Qarabağ” komandası və baş məşqçi Qurban Qurbanov haqqında sosial şəbəkələrdə başladılan tənqid dalğası da yaddaşsızlığın və naşükürlüyün bariz nümunəsidir.

“Qarabağ” adı illərlə təkcə yaşıl meydançalarda yox, dünya arenasında Azərbaycanın səsini ucaldan böyük bir brend, milli qürur rəmzi olub. Bu klubun təməlində Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Allahverdi Bağırovun ruhu və əməyi dayanır. Mən deyərdim, bu komandaya və onun baş məşqçisinə xalqımızın minnətdarlıq borcu var. “Qarabağ” bu gün fəaliyyətini dayandırsa belə, onun ölkə futboluna və Azərbaycanın tanıdılmasına verdiyi töhfələr silinməzdir.

Futbolda məğlubiyyət oyunun bir hissəsidir; dünya nəhəngləri - Braziliya, Almaniya, Niderland kimi ölkələr və nəhəng klublar belə vaxtaşırı uğursuzluqlar yaşayır. Lakin heç bir sivil cəmiyyətdə bir neçə zəif oyuna görə komanda və baş məşqçi daş-qalaq edilmir. Qurban Qurbanov, sadəcə, peşəkar məşqçi deyil, eyni zamanda yüksək mənəviyyata malik bir şəxsiyyətdir. O, “Şamaxı” ilə oyunda stadiondakı qar təmizləyərək oyunun keçirilməsi üçün öz heyəti ilə birlikdə fədakarlıq edən, hər addımında təvazökarlıq və məsuliyyət nümayiş etdirən bir insandır. Şamaxıdakı yerli infrastrukturdakı çatışmazlıqlara və maneələrə baxmayaraq, Avropa kubokları öncəsi komandasını hər cür çətinlikdən çıxarmaq üçün zəhmət çəkən bir mütəxəssisə paxıllıqla yanaşmaq ədalətsizlikdir.

Qurban Qurbanov və onun komandası idmanda uduza bilər, lakin öz şəxsiyyəti, əxlaqı və xalq qarşısındakı xidmətləri ilə həyatda heç vaxt uduzmur. Bu gün mənfi rəylər yazanlar unutmamalıdır ki, “Qarabağ”ın qazandığı uğurlar təkcə bir klubun deyil, bütün Azərbaycan xalqının qələbəsidir və bu tarixi heç bir müvəqqəti uğursuzluq kölgədə qoya bilməz.

Fazil Məşədiyev

Dİgər xəbərlər