SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Biz isə təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik”.

 Biz isə təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik”.

İdman

Bugün, 10:42

“Hər dəfə beynəlxalq yarışlara yollananda qarşımızda yalnız bir məqsəd olur - dövlətimizi layiqincə təmsil etmək”.

Olimpiyadunyasi.com xəbər verir ki, bu sözləri Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa birinciliyində uğurla çıxış edən Azərbaycan idmançılarının çıxışı barədə danışarkən deyib.
O qeyd edib ki, Azərbaycanda idmana xüsusi diqqət və qayğı göstərilir:
“Hər zaman demişəm, Azərbaycanda idmana xüsusi diqqət var. Əgər bugün gənclərimiz sağlam həyat tərzini seçirsə, bayrağımızı müxtəlif ölkələrdə ucaldırsa, bu, Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu idman siyasətinin nəticəsidir. Biz bu diqqət və qayğını, eyni zamanda məsuliyyəti həmişə hiss etmişik”.
Avropa birinciliyində iştirakla bağlı fikirlərini bölüşən Firdovsi Umudov Gənclər və İdman Nazirliyinə və şəxsən nazir Fərid Qayıbova göstərilən dəstəyə görə minnətdarlığını bildirib:
“İstər hazırlıq prosesi, istərsə də yarışa ezam olunmağımız nazirlik tərəfindən dəstəkləndi. Federasiya prezidenti Kamran Nəbizadə idmançıların durumu ilə mütəmadi maraqlanırdı. Hər atletimizin çıxışı zamanı həyəcanı bizimlə birgə yaşayırdı”.
AAF-ın vitse-prezidenti məşqçilər heyətinin və idmançıların çıxışını da yüksək qiymətləndirib:
“Məşqçilər heyətimiz yerli və gənc mütəxəssislərdən təşkil olunsa da, əsl peşəkarlıq və xarakter nümayiş etdirdilər. İdmançılara gəldikdə isə hər biri bizim övladımızdır. 11 idmançı ilə qatıldığımız yarışdan 15 medal gətirdik. Ötən il bu yarış İspaniyada keçiriləndə medal sayımız 7 olmuşdu. Orada iştirak edən Nuray, Məhəmməd və Kamran medal qazana bilməmişdilər. Bu dəfə isə adını çəkdiyim yeniyetmələr vətənə mükafatlarla qayıtdı. Musab isə növbəti dəfə çempion oldu. Özü də 17 kq fərqlə. Demək ki, idmançının xarakterindən də çox şey asılıdır. Biz onların hər birinə inanırıq. Hamısı üçün eyni şərait yaradılır, eyni münasibət göstərilir. Söhbət beynəlxalq yarışda ölkəmizi təmsil etməkdən gedirsə, burada hansı idmançının hansı bölgədən olmasının heç bir fərqi yoxdur. Bu regionlararası yarış deyil ki, məsələn, Qobustan, Naxçıvan yaxud Lənkəran idmançısı bir-biri ilə rəqabət aparsın. Burada qələbə yalnız bir anlayış üçündür - dövlətimiz, bayrağımız və himnimiz”.
O, beynəlxalq arenada Azərbaycan idmançılarının qalib ölkənin təmsilçisi kimi çıxış etdiklərini qeyd edib:
“Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün idmançılar beynəlxalq arenalara qalib ölkənin təmsilçisi kimi, böyük qürur hissi ilə çıxırlar. Bu, bizə əlavə üstünlük və motivasiya verir”.
Firdovsi Umudov federasiya daxilində nizam-intizamın əsas prinsiplərdən biri olduğunu bildirib:
“Federasiyamız daxilində olan hər kəs bilir ki, bizim üçün nizam-intizam bütün nəticələrdən öndədir. İnzibati heyətin əməkdaşlarından tutmuş, azyaşlı idmançılara qədər hər kəs intizam qaydalarına qeyd-şərtsiz riayət etməlidir. Nəticəni də yalnız belə qazanmaq mümkündür”.
AAF-ın vitse-prezidenti əlavə edib ki, federasiya təsadüfi uğurlara deyil, sistemli fəaliyyətə üstünlük verir:
“Xaotik yanaşma ilə, həvəskar davranışlarla idmanda ancaq təsadüfən nəsə əldə etmək olar. Biz isə təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik”.
Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan yığması Kosovanın paytaxtı Priştinada təşkil olunan Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub.

Dİgər xəbərlər