XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



Sahib Rzayev: “Azərbaycan idmanında yeni nəsil formalaşmalıdır”
Müsahibə 15:31 / 05.10.2021


"Karateçilərimiz Yaponiya paytaxtında yüksək nəticə
nümayiş etdirdilər”


Karate idman növü bütün dünyada böyük nüfuz qazanıb. Şərq-əlbəyaxa döyüş növü olmasına baxmayaraq, planetin hər bir yerində bu idman növü ilə məşğul olan minlərlə idmançıya rast gəlmək olur. Şübhəsiz ki, karate ölkəmizdə sevilir. Böyük ənənələri olan bu idman növündə neçə-neçə adlı-sanlı idmançılarımız yetişib. Onlar iştirak etdikləri mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil ediblər. Bir vaxtlar yarış meydanlarında öz bacarığını nümayiş etdirən karateçilərimiz indi təcrübəli mütəxəssis kimi yeni idmançı nəslinin yetişməsində öz töhfələrini verirlər. Belə mütəxəssislərdən biri də Sahib Rzayevdir. Onun qazandığı nailiyyətlərə nəzər salanda görürük ki, ölkəmizdə necə güclü mütəxəssislər fəaliyyət göstərir. Əməkdar məşqçi, Əməkdar idman ustası, 7-ci dan, beynəlxalq dərəcəli hakim, ikiqat dünya mükafatçısı, ikiqat Avropa çempionu, dünya kubokunun, Açıq Amerika çempionatının qalibi olan Sahib Rzayev hazırda Milli Karate Federasiyasının Gəncə regional şöbəsinin sədridir. "Olimpiya dünyası” qəzetinin qonağı olan müsahibimizlə səmimi söhbəti geniş oxucu kütləsinə təqdim edirik.


- Sahib müəllim, uzun illərdir karatenin Gəncə və ətraf rayonlar üzrə inkişafında əsas vəzifə sizə həvalə olunub. Bildiyimizə görə bu işin öhdəsindən uğurla gəlirsiniz. Bu barədə oxucularımıza məlumat verərdiniz.

- Mən Milli Karate Federasiyasının Gəncə regional şöbəsinin sədriyəm. Bizim regional şöbəmiz uzun müddətdir ki, bu idman növünün inkişafı üçün böyük işlər görür. Regionda seminarlar, texniki imtahanlar təşkil edirik. Hakimlərin yetişdirilməsi üçün bütün təcrübə və bacarıqlarımızı səfərbər etmişik. Vaxtaşırı olaraq idmançıların yarış təcrübələrini artırmaq üçün şəhər çempionatları keçiririk. Şəmkir, Qazax, Tovuz, Ağcabədi, Bərdə şəhərlərinin idman klublarını bu yarışlara cəlb edirik. İl ərzində bir neçə dəfə uşaqlar, yeniyetmələr və gənclər arasında Gəncə kuboku adlı beynəlxalq turnir təşkil edirik. Əsas vəzifəmiz bölgədə karatenin inkişafını artırmaq, geniş təbliğinə nail olmaqdır. Çünki bu idman növü birbaşa döyüş idman növüdür. Bu döyüş sənəti təbliğ olunmalıdır. Əgər yeniyetmə və gənclər indidən fiziki hazırlıqlı olmasa, onlar necə əsgər olacaqlar? Biz müharibədə qalib gəldik. Müharibəni xüsusi hazırlıqlı cəsur əsgərlərimizin sayəsində qazandıq. Yeri gəlmişkən, Vətən uğrunda canını fəda edən və qazi olan əsgərlər arasında mənim tələbələrim də var idi. Tərəfimizdən təqvimdə olan əlamətdar günlərə həsr olunmuş yarışlar böyük təntənə ilə təşkil olunur. Çalışırıq ki, gənc nəsili həm fiziki və həm də mənəvi cəhətdən formalaşdıraq. Burada həm valideynlər, həm də məşqçilərin rolu az deyil.

- Yığma komandanın heyətində sizin bölgənin idmançılarına da rast gəlirik.

- Bəli. Bizim bölgəni təmsil edən karateçilər respublika yarışlarında iştirak edərək, yüksək nəticələr göstərirlər. Onlar yığma komandalarına tərkibinə dəvət alırlar. Qazax rayonunun uşaq və yeniyetmələrdən ibarət kata komandası beynəlxalq yarışlarda nəticələr verirlər. Ağcabədi və Bərdə idmançıları respublika yığma komandalarının da üzvüdürlər. Onlar beynəlxalq yarışlarda ümidləri doğruldurlar. Hətta yığma komandanın baş məşqçisi Qurban Tağıyev Gəncədəndir. Biz yarışları bölgədəki idman idarələrinin rəhbəri ilə razılaşdırıb, təşkil edirik. Qoy idman idarəsi bunu bilsin və işimizi birlikdə təşkil edək. Həmin qurumlar işimizdən xəbərdardır. Nəticələrimiz göstərir ki, biz idmanın içindəyik.
Gördüyümüz işlər dövlətimizin idman siyasətinə bir dəstəkdir. Artıq gənclər və idman nazirliyinə yeni rəhbər təyin olunub. Yeni nazir Fərid Qayıbova yeni işində uğurlar diləyirik. İnanırıq ki, onun rəhbərliyi altında idmanda yeni uğurlar əldə olunacaq. Yeni nazirin, yeni iş strukturunda yardım və dəstəyimiz vacibdir. Bizim işimiz gəncləri idmana cəlb olunmasında vasitəçi olmaqdır. Artıq Azərbaycan idmanında yeni nəsil formalaşmalıdır.



- Gəncədə fəaliyyət göstərən "Syoqun” idman klubunda təkcə karateçilər məşq edirlər?

Məlumat üçün bildirim ki, "Syoqun” idman klubu 1996-cı ildən yaranıb. Klubun yaradıcısı özüməm. Klubumuzda bir neçə dəfə təmir işləri aparmışıq. Hazırda klubdan Karate Federasiyasının maddi-texniki bazası kimi bölgədə istifadə edirik. Təlim-məşq toplanışlarını orada keçiririk. Klubda 2 kikboksinq, 2 MMA bölməsi və 3 boks bölməsi fəaliyyət göstərir. Biz beynəlxalq yarışlara öz klubumuzun adından, öz hesabımızdan karate və taekvondo bölmələrindən həmişə komandalar göndərmişik. Peşəkar boks yarışlarına da 2 idmançı yollamışıq. Belə ki, bu ilin sentyabr ayında Türkiyədə təşkil olunan beynəlxalq yarışda Şahlar Nağıyev (75 kq) və Orxan Abdiyev (+100 kq) iştirak edib.
Bir müddət əvvəl klubumuzu yenidən təmir etdik. Açılış mərasiminə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da gəlmişdi. O da bizimlə görüşdü, yeni işlərimizdə bizə uğurlar dilədi. Qeyd edim ki, COVİD-19 pandemiyası bizim də fəaliyyətimizə az təsir etmədi. Lakin iyun ayının 17-dən işimizi və məşq prosesimizi davam etdirdik.


- Pandemiyadan söz düşmüşkən, həmin müddətdə yaranan fasilə fəliyyətinizə necə təsir etdi?

- Biz həmin ərəfələrdə nəticə verən idmançıları nəzarətsiz qoymadıq. Məşqçilərin və özümüzün rəhbərliyimiz altında ev şəraitində hazırlıqlarına onlayn nəzarət etdik. Yemək rasionlarını diqqətdə saxlayırdıq. Düzdür, pandemiya hələ bitməyib. Xüsusi karantin qaydaları hələ də qüvvədədir. İdman zallarında məşqlər keçirilməsinə icazə verilsə də, diqqətli olmalıyıq. Yenə də idman zallarını doldurmaq olmaz. Çünki qaydalar verilib ki, bir idmançı üçün 4 m2 məsafədə bir-birindən aralıda olsun. Yəni texniki hərəkətlər etdikdə mütləq məsafə nəzərə alsın. Bununla da biz paralel zalda gigienik normaların təmin olunmasına nəzarət edirik. Uşaqların, valideyinlərin, məşqçilərin vaksinasiya olunmasını nəzarətimizdə saxlayırıq. Məşqçilərlə müqaviləmizdə COVİD pasportunun sürətinin bizdə də olmasını qeyd etmişik. Girişdə maarifləndirici lövhələr asmışıq, tibbi spirtdən, gigienik vasitələrdən istifadə edirik. Zalın və soyunub-geyinmə otağının, sanuzer otağının təmizliyini də qoruyub saxlıyırıq.

- İdmançıların məşq prosesini necə bərpa etməyə çalışırsınız?

- Təxminən il yarım idi ki, uşaqlar evdə oturmuşdular. Artıq hərəkətsizlikdən çıxıblar. Bütün bunların yenidən bərpası üçün birdən-birə onları yükləmək olmaz. İdmançılar xəsarət ala bilərlər. Daxili orqanları zədələnə, vətərlər qırıla bilər. Ona görə də ehtiyatlı davranmalıyıq. Lakin idmançının yenidən forma yığması üçün mütləq bizə zaman lazımdır. İdmançıları bu yükləmədən azad etmək üçün bir günlük məşqləri iki hissəyə bölürük. Bir saat səhər, bir saat axşam. Bu qaydalar yeni gələn uşaqlara aid deyil. Bu qaydalar hazırlıqlı idmançılar üçün tətbiq edilib. O, istirahətini edərək məşq edəcək və zərbə almayacaq. Hər gün məşq etdikdə əzələ yorulur. Bu qaydaların tətbiqindən sonra mən artıq nəticəsini görürəm. Uşaqlar yenidən formalarını yığmağa başlayıblar. İki saatlıq məşqin yekununda uşaq yorulurdu, istədiyimizi ala bilmirdik. Məcburiyyət qarşısında məşqləri iki yerə bölməli olduq. Səhər və günorta. Bu qayda artıq nəticə verdi. Bu qaydaları digər idman növlərində də tətbiq etmək lazımdır.

- Sahib müəllim, Olimpiya Oyunlarında ilk dəfə olaraq karateçilər üçün şans yarandı. Oyunlarda karate özünü doğrulda bildimi?

- Mən belə düşünürəm ki, ümumiyyətlə, karate dünyada ən məşhur idman növüdür. Bu idman növü özünün nizam-intizamı, dinamikası, özünəməxsus hərəkətləri ilə çox məşhurdur. Bu idman növünə də digər idman növləri ilə bərabər karate idman növünə də yarış və hakimlik qaydaları şamil olunur. Beləliklə, karate idman növü Olimpiya Oyunlarına ona görə salındı ki, kütlə üçün baxımlı olsun. Humanizm nəzərə alınsın, zədələrin qarşısı alınsın. Ona görə də qaydalarda həmişə yeniliklər edib, təkmilləşdirmək lazımdır. Karate idman növü onsuz da Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi olaraq tanınıb. Qitələr üzrə keçirilən mötəbər yarışlarda karate seçilmiş idman növlərindən biri sayılır.



- Azərbaycan karateçilərinin Tokio-2020-də çıxışlarını necə dəyərləndirirsiniz?


- Bizim karateçilərimiz Yaponiya paytaxtında yüksək nəticə nümayiş etdirdilər. Lakin təəssüflər olsun ki, yenə də ortada hakim amili çempionluq üçün ciddi maneə oldu. Rafael Ağayevə qarşı haqsızlıqlar oldu. Hakimlərin nəticələrin hesablanmasında bir sıra səhflərə yol verdilər. Olimpiya Oyunları çox məsuliyyətlidir. Mən özüm beynəlxalq dərəcəli hakiməm. Hakimləri də başa düşmək olar. Lakin azarkeş bunu çox vaxt qəbul etmir. Qərarları səhv kimi görən tamaşaçı nəticədə karateyə fərqli yanaşmağa başlayır. Görüşlərin birində iranlı idmançı afrikalı rəqibini vurdu. Hakim ona hesab açmaq əvəzinə qələbə verdi. Qaydalara görə əslində, ona yıxıldığına görə hesab açılmalı idi. İranlı karateçi yarışı davam etdirə bilmədiyinə görə, digər idmançı kontakta və güclü zərbəyə görə cəzalanmalı idi. Lakin düzgün olmadı. İnsanlar bunu birmənalı qarşılamadılar. Yəqin ki, hakim qaydalarında bir qədər də dəyişikliklər aparılacaq. Çünki Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında karate idman növü proqramda yer alıb.
Qızıl medal qazana bilməsək də buna çox yaxın idik. Amma bilirsiniz ilk dəfədir ki, karate Olimpiya Oyunlarına qatılır. Bu da böyük məsuliyyətdir. Azərbaycan balaca dövlət olsa da, olimpiadada bu növdə 2 gümüş medal əldə etdi. Rusiya, ABŞ və Fransa kimi ölkələr karate idman növündən bir medal belə qazanmadı.


- İrina Zaretskanın çıxışı daha gərgin keçdi. Rəqibi barəsində nə deyərdiniz?

- İrina dünya və Avropa çempionumuzdur. O istənilən mötəbər yarışın əsas favoritidir. Lakin Tokioda finalda o, misirli Faryal Abdelazizlə qarşılaşdı. Çoxları həmin idmançını tanımırlar. Lakin qeyd edim ki, Misir idmançıları həmişə karatedə liderlərdən biri olublar. Finalda asan rəqib olmur. Görünür, idman şansı rəqibin tərəfində oldu. Cəmi 2 xal döyüşün və çempionluğun müqəddəratını həll etdi. Bu hələ son deyil. Azərbaycan karatesi hələ qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq. Federasiya rəhbərliyinin yorulmaz fəaliyyəti, bu idman növünə olan maraq və diqqət sayəsində bizi yeni qələbələr gözləyir.


Anar Əhmədov

12624 oxunub

InvestAZ