XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Çavuş Səxavət Salikovun döyüş xatirələri
Maraqlı 18:30 / 03.01.2021
Bizim bölmələri 2 hissəyə ayırmışdılar. Əsas və ehtiyyat hissə. Əsas hissə Cəbrayıl döyüşündə, Cəbrayıla girərkən düşmən tərəfindən mühasirəyə alındı. Həmin günün səhəri, tezdən onlara kömək üçün həmin istiqamət üzrə yola çıxdıq. Düşmən, dayanmadan bizim maşınları atəşə tuturdu. Könüllü döyüşçülərimizi gətirən bir neçə maşın vuruldu. Şəhidlərimiz var idi. Zirehli texnikalarımız çox olsa belə, düşmənin hədəflərindən qorunmaq asan deyildi. Atəşə tutulan maşınlarımız yolu kəsirdi. Biz, o yolu üç dəfə cəhd etdikdən sonra çox çətinliklə, alovun içindən keçdik. Əsas hissəmizə kömək edərək, mühasirədən çıxardıq. Həmin ərazidə beş gün döyüş getdi. Sonra bizə komanda göndərilib, əmr verildi ki, hündür bir dağı almalıyıq. Biz həmin dağı ələ keçirdik. İki yaralımız vardı. Həmin gecə dağda gecələməli olduq. Səhər Cəbrayılın Xalisli kəndinə hücuma keçməli idik. Əməliyyata başladıq.
Öndə gedən üç zirehli maşından birini, mən idarə edirdim. Düşmən tərəf, iriçaplı top və minamyotlardan istifadə edirdilər. Onlardan biri mənim maşınımın iki metrliyinə düşdü və maşınımı yararsız hala saldı. Qismətdən mənə və maşındakı heyətə ciddi bir zərər toxunmadı. Xalisli kəndini ələ keçirdik. Düşmən bizi görüb, qaçırdı. Gecəni o kənddə qaldıq. Səhər yenə hücuma keçdik. Düşmənin postuna zirehli maşınlarla girdiyimizdən düşmən yolun kənarından əl qumbaraları ilə maşınlarımızın təkərlərini partlatmağa nail oldu. Maşınlardan düşüb, özümüzə mövqe seçdik. Düşməni canlı qüvvə ilə məhv etməli idik. Allaha şükr, itkisiz, onlarla sonadək döyüşdük və onları məhv etməyə nail olduq. Yorulsaq da sevinə-sevinə irəliyə gedirdik . Bizim hissəyə bir günlük istirahət verildi.
İkinci hissə döyüşə girdi. İstiqamətimiz Laçın dəhlizi idi. Düşmən bizimlə bacara bilmədiyindən, qırıcı qaldırdı. Odlu-alovlu gedən döyüşlərdə, bir neçə yaralımız oldu. Buna baxmayaraq, yenidən hücuma keçdik. Düşmən tərəf istənilən silahdan atəş açsalar da, içimizdəki inam, əzm bizi qorxutmurdu. Əksinə həvəslə döyüşürdük. Artıq Qubadlıya daxil olmuşduq. Hissəmizin biri Qubadlı-Zəngilan digər hissəmiz isə Laçın tərəfə ayrıldıq. Düşmən hiyləsindən geri qalmırdı.
Körpünü partladıb, yanına minalar düzmüşdülər. Körpünün yanından keçmək istəyərkən, minaya düşdük. Heç birimiz ciddi zədə almamışdıq. Oranı minalardan təmizləyib, səhəri günü, hücuma keçməli idik. Orada bizimlə bərabər bələdçilər də vardı. Hansı ki, onlar 1992-1993-cü illərdə, birinci Qarabağ döyüşlərinin iştirakçıları idilər. Bizi, sıradan yollarla deyil, dağların arası ilə aparırdılar. Qarşıdakı-Laçının, Səfiyan kəndini kəşfiyyata gedirdik. Əməliyyatımız uğurlu oldu. Kənddə nə erməni əsgəri, nə mülki vətəndaş var idi. O kəndi 10 saat müşahidə etdik, hər yeri diqqətlə gözdən keçirdikdən sonra səhər yenidən hücuma keçdik. Bir xeyli yol getmişdik. Kəndin yaxınlığındakı zəmiliyi keçmişdik. Düşmən qayaların, dağların arxasında məskunlaşmışdı. Oranı tank və toplarla atəşə tutduq. Dəhşətli döyüş idi. Düşmən tərəf də güclü idi. Şəhidlərimiz, yaralılarımız vardı. Üç gün qızğın döyüş getdi. Düşmən də güclü olduğu üçün çox irəliləyə bilmirdik. Sonra komanda gəldi və əmr verildi ki, bizim qrup dağın sağ tərəfindən hücuma keçsin. Mən döyüş yoldaşlarımla dağın sağ tərəfinə keçdik. Xeyli irəli gedərək, döyüşdük. Təxminən düşmənin səngərinə 100 metr məsafə qalmışdı. Bizi hər tərəfdən snayper və avtomat atəşinə tutmuşdular. Arxadan gələn zirehli maşınlarımıza atəş açıb, yandırmışdılar. Çox dəhşətli döyüş oldu. Şəhidlərimizi bir-birimizə kömək edərək, oradan çıxarıb geri göndərirdik. Yeddi gün gedən döyüşdən sonra atəşkəs elan olundu. Elə sabahısı gün, noyabrın 10-u şad xəbəri eşidib, hamımız sevindik. Düşmən bizim gücümüzü görüb, təslim oldu!

Fatimə Əlihüseyn

23563 oxunub

InvestAZ