XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



Ağırlıqqaldıranlar ölkə çempionatında güclərini sınadılar
İdman 00:45 / 16.03.2026

Şüvəlanda keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub. Şüvəlan Ağırlıqqaldırma Mərkəzində təşkil olunan yarış qadın idmançıların mübarizə ilə başlayıb.

Turnirin açılış mərasimindən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov qurumun rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili turnirlərin önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.

İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova (53 kq) qalib olub. O iki hərəkətin cəmində 138 kq (60 kq + 78 kq) nəticə göstərib.

Türkanə Eminova (58 kq) 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub. Milena Hüseynli (63 kq) 98 kq (43 kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.

Çəkisi 60 kq olan kişilərin yarışında Mirmöhsüm Tağızadə ümumilikdə göstərdiyi 175 kq (76 kq + 99 kq) nəticə ilə birinciliyi bayram edib. Musab Məmmədtağıyev 65 kq çəki dərəcəsində 256 kq (111 kq + 145 kq) nəticə ilə çempion olub.Fuad Həsənov 71 kq çəki dərəcəsində 299 kq (141 kq + 158 kq) nəticə ilə fəxri kürsünün ilk pilləsinə qalxıb.

Son yarış günü daha 3 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. Qasım İsmayılov 79 kq çəki dərəcəsində toplamda 291 kq (126 kq+165 kq) nəticə ilə birinci yeri tutub. Akif Abdullayev 88 kq çəki dərəcəsində ümumilikdə 321 kq (146 kq+175 kq) nəticə ilə qızıl medala layiq görülüb. Məmməd Əhmədzadə 94 kq çəki dərəcəsində ümumilikdə 296 kq (135 kq + 165 kq) nəticə ilə çempion titulunu qazanıb.

Qeyd edək ki, medallar uğrunda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı mübarizə aparıb.



233 oxunub

InvestAZ