"Könüllülər dekadası” çərçivəsində dekabrın 4-də "Azərbaycanın Olimpiya Odisseyası” layihəsinin növbəti onlayn görüşü keçirilib.
Tədbirdə cüdo üzrə Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu Elmar Qasımovun gənclər və könüllülərlə görüşü təşkil olunub.
"Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə görüşdə çıxış edərək Elmar Qasımovun uğurlu karyerası haqqında məlumat verib. O, idmançılarımızın ölkə ictimaiyyətinə, xüsusən də gənclərə tanıdılmasının, gənclərin idmana həvəsləndirilməsinin önəmini vurğulayıb.
"Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışıb.
Elmar Qasımov tədbir iştirakçılarına idmana gəlişi, yaddaqalan görüşləri və gələcək planları barədə danışıb.
Avropa çempionu sonda gənclərin suallarını cavablandırıb və tövsiyələrini verib.